Ölkə başçısı onların himayə edən qruplardan ehtiyat edir
Təhsil naziri Misir Mərdanovla Tələbə Qəbulu Üzrə Dövlət Komitəsinin rəhbəri Məleykə Abbaszadə arasında uzun müddətdir ki, qarşıdurma var və bunu təkzib etmək mümkün deyil. Hər halda adıçəkilən məmurlar arasında ziddiyyətlər zaman-zaman açıq müstəviyə keçib.
Elə son günlər də ictimaiyyət Misir Mərdanov-Məleykə Abbaszadə qarşıdurmasını izləməkdədir. Tərəflər açıq şəkildə bir-birlərini sərt ifadələrlə ittiham edirlər. Maraqlıdır ki, qarşıdurma pik həddə çatsa da, ölkə başçısı Ilham Əliyev bu məsələyə münasibət bildirməyə həvəsli görünmür. Halbuki vaxtilə sabiq nazir Əli Nağıyev Milli Məclisin tribunasından Misir Mərdanovun ünvanına ittihamlar səsləndirəndə Ilham Əliyev dərhal buna reaksiya vermiş, bu məsələlərin parlamentdə müzakirə olunmasının yolverilməz olduğunu bildirmişdi. Bəs indi nə baş verib ki, Ilham Əliyev susur? Doğrudur, Misir Mərdanov Məleykə Abbaszadəni, yaxud əksinə TQDK sədri təhsil nazirini parlamentdə ittiham etməyib. Amma mətbuat səhifələrində bu baş verib.
Məlumatlara görə, Ilham Əliyevin sükutu çətin vəziyyətdə olması ilə bağlıdır. Məsələ burasındadır ki, Məleykə Abbaszadə ilə Misir Mərdanovun savaşı əslində iqtidardakı iki böyük qruplaşmanın – Paşayevlərlə, Ramiz Mehdiyevin komandası arasındakı qarşıdurmanın təzahürüdür. Misir Mərdanov vaxtilə hakimiyyətdəki Qərbi Azərbaycan qruplaşmasını təmsil edirdi. Bu qruplaşma zəiflədiləndən sonra təhsil nazirinin Paşayevlərin çətiri altına keçdiyi bildirilir. Məleykə Abbaszadə isə Ramiz Mehdiyevin komandasının üzvüdür. Ilham Əliyev isə bu qruplardan ehtiyat edərək baş verənlərə münasibət bildirmir.