Böyük adamın böyük yolu

Məmməd Əmin Rəsulzadə. Biz onu tanıyırıqmı? Bunu kimdən soruşsan “tanıyıram” deyər. Sözsüz, onu ölkəmizdə hamı tanıyır. Ancaq tanımaq var, tanımaq var. Bir var hamının tanımağı, bir də var ayrı-ayrı adamların, başlıcası da, bilim, siyasət adamlarının, yazarların, jurnalistlərin tanımağı. Hamının tanımağı elə-belə, üzdən, belə desək, virtual tanımadı. Yaxından, dərindən, bütün böyüklüyü, genişliyi ilə tanıma – bu, başqa tanıma, gerçək tanımadır.
Bizdə Rəsulzadəni gerçəkdən tanıyan kimsələr bilim-siyasət adamları arasında belə, yox yerindədir. Buna görə də biz siyasi yığıncaqlarda, bilim adamlarının yığıncaqlarında elə çıxışlarla qarşılaşırıq istər-stəməz görünür, bilinir: bu adamlar Rəsulzadə ideyalarına yetik deyillər, yetik olmadıqlarından da “Bizim bir millət olaraq milli ideyamız yoxdur, bizə milli ideya, milli ideologiya gərəkdir” deyə, haray-həşir qoparırlar. Bir çox belələrinə ayrı-ayrılıqda, təkbətək, polemika, öcəşmə sürəcində dediyimi burada da deyirəm: gerçəkdən bir iş görmək istəyiniz varsa, çağ itirməyin: Məmməd Əmin bəyin yazdıqlarını oxuyun, öyrətdiklərini mənimsəyin, göstərdiyi yolla gedin. O YOL sizi Böyük, Bütöv, Özgür, Demokratik Azərbaycan adında gözəl gerçəyə qovuşduracaq, parlaq gələcəyə aparacaq! Axtarışında olduğunuz milli ideya – milli ideologiya çoxdan gərəyincə işlənib ortaya qoyulub. Rəsulzadə bizim üçün dünənin, bugünün, gələcəyin yetkin, çağdaş ideologiyasını qoyub gedib… Bayraq ona yiyələnən kimsənindir. O, bir bayraqdır – götür, get!…
Illərdir Məmməd Əmin bəyi oxuyuram. O necə də tükənməz, o necə də sonsuzdur! Oxuduqca onun düşüncə genişliyinə, ideya yenilməzliyinə uşaq kimi sevinirəm. Axı, Tanrı onu bizə verib: o bizim ölkəmizin, o bizim ulusumuzun yetirməsidir, axı. Kimlərsə nefti Azərbaycanın başlıca varı sayır, Azərbaycanın başlıca, tükənməz varı Məmməd Əmin Rəsulzadədir. Bizə yalnız onu öyrənmək, onun ideyalarını Ölkəmizə – Azərbaycana uyğulamaq qalır…
Indiyədək Azərbaycanda Rəsulzadənin bir çox kitabları çıxıb. O kitabların çıxmasında, yayılmasında əməyi olanların hamısına sayğılarımızı sunuruq. Ancaq… o kitabların hamısının böyük bir çatışmazlığı var: onlar hamısı Məmməd Əmin bəyin özünün yazdığı dildədir. Bu, 20-ci yüzilin başlanğıc çağlarının anlaşılmaz ərəb-fars sözləri ilə dolu dilidir. Çağdaş Azərbaycan gəncliyi üçün bu, yad, demək olar, bütünlüklə anlaşılmaz dildir. Belə bir dillə Məmməd Əmin bəy indiki, eləcə də gələcək soydaşlarımız-yurddaşlarımız üçün anlaşılmaz olaraq qalacaq. Belə bir anlaşılmazlıq üzündən də illərlə bizdə gərəksiz yerə milli ideya – milli ideologiya axtarışları olacaq. Bizə “velosiped” axtarışları gərək deyil; ortada böyük Adamın böyük, aydın yolu var – bizim borcumuz, boynumuza düşən yük o yolu getməkdir.
Qarşımda M.Ə.Rəsulzadənin çapdan yeni çıxmış balaca bir kitabı var: “Panturanizm. Qafqaz sorunu” (Bakı – “Təknur” -2012). Bu kitabın rusca variantını beş-altı il qabaq oxumuşdum. Orda onun 1930-cu ildə Parisdə çap edildiyi göstərilirdi. Kitabın Azərbaycan türkcəsində çapını çox istəyirdim. Istədiyim kitab indi əlimdədir. Onu dilimizə çevirən də, çap yükünü boynuna götürən də fəlsəfə elmləri doktoru Yadigar Türkeldir. Bu, Yadigar Türkelin dördüncü belə işidir. Indiyədək o, M.Ə.Rəsulzadənin “Azərbaycan şairi Nizami” (2008), “Milli birlik” (2009), “Qafqaz türkləri” (2012) kitablarını çağdaş dilimizə uyğunlaşdırıb, çap etdirib (öz puluna!). Bu kitabların dili ilə bağlı əməyi olanlardan biri kimi deyirəm: Yadigar bəy olduqca üzücü, yorucu, çətindən çətin bir yükün altına girib… sonra da işinin öhdəsindən gərəyincə gələrək ortaya hamı üçün anlaşıqlı, hamının gerçəkdən tanıyıb sevə biləcəyi parlaq Məmməd Əmin çıxarıb!
Biz bu kitabı oxuduqca bir daha Məmməd Əmin bəyin necə böyük bilik yiyəsi, necə böyük siyasət adamı, yenilməz bir ideoloq, eləcə də çox güclü polemikaçı olduğunu görürük. Bunu Gürcüstan Demokratik Respublikasının liderlərindən biri, o çağlar Məmməd Əmin bəy kimi ölkəsindən uzaqlarda, Fransada yaşamalı olmuş Noy Jordaniyanın kitabın Paris çapına yazdığı ön sözdən də görmək olar. Açılan polemikanın kökündə Azərbaycan başda olmaqla Türk siyasi liderlərini panturanizmdə, millətçilikdə suçlayaraq özlərinin iyrənc, türkə düşmən baxışlarını dünyaya yaymağa çalışan erməniliklə, bir də oxşar suçlamalarıyla ermənilərdən geri qalmayan Kerenski kimilərlə çarpışma durur. Noy Jordaniyanın da doğruladığı kimi, Məmməd Əmin bəy özünün üstün ağlı, güclü polemist bacarığı ilə rusiyalı bir sıra yaramaz siyasi liderləri də, öz adlarını başqalarına, daha doğrusu, türklərə qoyan erməni millətçilərini də daşdan keçən fakt-arqument qarşısında qoyaraq ideya-siyasi baxımdan darmadağın eləyir. O, konkret faktlar-arqumentlər gətirməklə, o çağlar türklər arasında yayılan panturanizm, millətçilik ideyalarının Avropadan qaynaqlandığını, türklərin oxşar yolla gedərək çağdaş Avropa dəyərlərinə qovuşmaq üçün çalışdıqlarını göstərir. Bunu qafqazlı, üstəlik, dəyərli gürcü siyasi liderlərindən biri olaraq tanınan Noy Jordaniyanın doğrulamasının özü də çox önəmli faktlardandır.
Azərbaycan siyasətçilərini Turan – Türk birliyi yaratmaq yönündə çalışmalarda suçlayan erməni siyasi liderlərinin qarşısına Məmməd Əmin bəy bu gün üçün də önəmli sayılacaq faktlar qoyur: “Müsavat partiyasının ikinci qurultayı siyasi bölmənin Qafqaz Konfederasiyası ideyası ilə bağlı çıxışını çəkişib, ulusal, iqtisadi, siyasi gerçək çıxarlardan çıxış edərək, ancaq Qafqaz respublikalarının sıx birliyilə  uluslararası birlikdə asanlıqla tanınıb siyasi, eləcə də torpaq bütünlüklərinin güvənc altına alına biləcəyini anlayaraq: Qafqaz respublikalarının özgür Qafqaz Konfederasiyasında birləşməsini gərəkli sayıb, Qafqazın bütün demokratiyasını, eləcə də qonşu respublikaların ağalıqlarını bu ideyanın gerçəkləşməsi üçün çalışmağa çağırır”. Məmməd Əmin bəy bunun ardınca erməni iyrəcliyinə, erməni yalançılığına güzgü tutan daha birt fakt gətirir: “O ildə də (1919-cu ildə – X.B.) Azərbaycan ağalığı Bakıda keçirilən erməni -Azərbaycan görüşündə Qafqaz respublikalarının konfederasiyada birləşməsi önərgəsini irəli sürdü. Azərbaycanın sunduğu, ermənilərin geri qaytardığı önərgə 1920-ci ildə Gürcüstanla Azərbaycan arasında savaş-qorunma anlaşmasının bağlanması ilə sonuclandı”.
Məmməd Əmin bəyin göstərdiyi yüz il qabağın faktlarıdır. Baxın görün bunlar bizim çağlarımızda Qarabağla bağlı ortaya çıxan faktlara necə çox oxşayır: ermənilər bir yandan torpaqlarımızı tutur, o biri yandan bizi dünyaya saldırqan-aqressor kimi tanıtmağa çalışırlar; çeşidli yollarla barış danışıqlarını pozur (Göyçə – Zəngəzur variantında olduğu kimi, tutduqları torpaqları uzun illər əllərində saxlayıb legitimləşdirmək, dünyanı fakt qarşısında qoymaq üçün), sonra da özlərini dünyaya barışçı, bizi savaşçı olaraq tanıtmağa çalışırlar.
Məmməd Əmin bəy bizim başlıca öyrətmənimiz, başlıca universitetimiz, başlıca akademiyamızdır, ancaq, öyrənmək, Ölkədən ötrü ULUSAL – STRATEJI biliklərə yiyələnmək istəyənlər üçün!