Dünən istedadlı aktyor, vicdanlı vətəndaş Ilqar Cahangirin işdən çıxarıldığı xəbəri gəldi.
Ilqar bəy Gənc Tamaşaçılar Teatrının aktyoru idi. Azərbaycanın yeni nəsil aktyorluq sənətinin ən parlaq nümayəndələrindəndir. Üstəlik, başqalarından vətəndaş mövqeyi və mütaliə sahibi olmaq kimi iki mühüm, nadir rastlanan üstünlüyü var.
Dostumuz zaman-zaman rejimin ünvanına layiq olduğu tənqidləri səsləndirir, sonuncu belə tənqidlərini isə bir neçə gün əvvəl dilə gətirmişdi, amma söylədiklərinin sədası qulaqlarımızdan getməmiş onu işdən çıxardılar. Zatən, çıxarmasaydılar şaşardım. Bunlar üçün vicdanlı istedad düşməndir. Bunlar üçün istedadın sadəcə, müti, kölə olduqda, razılaşdıqda, boyun əydikdə bir qiyməti, bir hörməti var.
Ilqar Cahangirin işdən çıxarılmasına bildirilən münasibətlər arasında adamı ən çox iyrəndirən Gənc Tamaşaçılar Teatrının rəhbəri Bəhram Osmanovun dedikləridir, gəlin birlikdə oxuyaq: “Aktyor nədir ki, onun nə siyasi baxışı olsun.
Aktyor həmişə müəllifin, rejissorun diktəsi ilə həyat sürən yaradıcı şəxsdir”.
Əvvəla, özü də yaradıcı adam, rejissor olan bir şəxsin çiyin-çiyinə çalışdığı insanlar, ümumiyyətlə, aktyorluq sənətinin daşıyıcıları haqqında bu cür aşağılayıcı, həqarət dolu çıxışına anlam vermək çətindir. Bu, sadəcə, rüsvayçılıqdır. Görünür, bir az da Bəhram Osmanovun yaranan durumdan çaşqınlığının, yaşadığı əndişənin, həyəcanın ifadəsidir. Özü də nə baş verdiyini bilir, amma nə etməli?!
Ikincisi, Bəhram Osmanov fərqində deyil ki, bu gün Azərbaycan teatrında sadəcə, bir rejissor var, o da siyasi sistem özüdür, yerdə qalanlar hamısı isə onlara verilən rolları oynayırlar. Elə Bəhram Osmanov özü də. Rolu da məlumdur: rejissor və bədii rəhbər!
Əks halda, soruşmaq lazımır: hanı Azərbaycan teatrının cəsarəti? Hanı onun Azərbaycanın bu günki dərdlərini, qayğılarını səhnələşdirmək cürəti? Sonra da deyirlər, camaat teatra gəlmir. Camaat teatra niyə gəlsin? Köməkçisi 1 milyona universitet rektoruna lisenziya satan Elçin Əfəndiyevin, restoranlarında qohum-əqrəbası gəlib-gedənə güllə sıxan Mirələmovun mənasız, içiboş pyeslərini alqışlamağamı?
Camaat onun dərdlərindən, qayğılarından danışan tək-tük aktyorun qovulduğu teatra nə üçün gəlməlidiraxı? Onun həyatından, onun yaşantılarından uzaq tamaşaları alqışlamağımı?
Aktyorlarını “onlar nədir ki, nə siyasi baxışı olsun” deyən rejissorun səhnələşdirdiyi tamaşalara görə siz vaxtınıza qıyarsınızmı, ayaqlarınıza əziyyət verərsinizmi? Bu təslimiyyətçi ruhla, bu qorxaq, ürkək təfəkkürlə Azərbaycan teatrı necə yaxşı ola bilər, necə çiçəklənə bilər?
Biz demirik ki, çıxsınlar hamısı irticadan, istibdaddan danışsınlar, mitinqlərdə şüar desinlər. Yox, əlbəttə, yox. Heç olmasa, Azərbaycanda sənətin, mədəniyyətin hansı hallara salınmasına, onun ayaqaltı edilməsinə, onun sadəcə, yaltaqlıqla, məddahlıqla assosiasiya olunmasına təpki ortaya qoysunlar. Əgər buna da ürəkləri yetmirsə, bir rejissor necə çıxıb “aktyor həmişə müəllifin, rejissorun diktəsi ilə həyat sürən yaradıcı şəxsdir” deyə bilərsən, axı sən özün də diqtə ilə oturub-durursan. Diqtə olmadığı üçün ölkədə sənətin, mədəniyyətin hakim rejimin vintcik və təkərciyinə çevrilməsinə etiraz edə bilmirsən, diqtə olduğu üçünsə aktyoru işdən çıxarırsan.
Sənət xalqdan kənarda ola bilməz. Xalqın arzularını və ağrılarını sadəcə, kənardan seyr edə bilməz. Sənət xalqın hisslərindən, yaşadıqlarından qopa bilməz. Sənət həyata, reallıqlara arxasını dönə bilməz. Əks halda onuninandırıcılıq, səmimiyyət və əbədiyyət gücü qalmaz.
Bunu anlamayan sənətkarı işdən çıxarmazlar bəlkə, amma tarixin belələrini çox asanlıqla gözdən çıxardığına şübhə yoxdur.

Baş rejissor
•
•