“Atletiko”da reklama diqqət ayıran İspan qəzeti ölkəmizi “13-cü əsr ərəb dövləti” adlandırdı
Ispaniya çempionatında Madridin “Real” və “Atletiko” klubları arasında keçirilən son qarşılaşma bu ölkənin gündəminə həm də Azərbaycanın adını daşıdı. Çünki “Atletiko” oyunçuları meydana üzərində “Land of Fire Azerbaijan” (“Odlar yurdu Azərbaycan”) yazılmış köynəklərlə çıxıb.
“Atletiko”nun Azərbaycanı reklam etməsi “Bakı” klubu ilə imzalanmış saziş çərçivəsindədir.
Azərbaycan tərəfi bu reklam üçün “Atletiko”ya nə qədər ödəndiyini açıqlamır. Amma Ispaniyanın tanınmış “AS” idman qəzeti məlumat yayıb ki, “Atletiko” bu reklamdan 20 milyon avro qazanacaq. Qəzet vəsaiti Azərbaycan Dövlət Neft Şirkətinin ödəyəcəyini də yazıb.
“Bakı”nın Media və Marketinq Departamentinin rəhbəri Nəriman Mehdiyev isə “Lent.az”a deyib ki, Ispaniya qəzetinin yazdıqlarından xəbərsizdir, lakin “Atletiko” ilə müqavilə 3 illik müddətə bağlanıb və vəsait də bu müddət üçün ödənəcək. Bununla belə, “Bakı” rəsmisi ödənəcək vəsaitin məbləğini və mənbəyini yenə gizli saxlayıb.
“Bura təkcə ”Real Madrid”lə Ispaniya çempionatı matçına “Atletiko”nun “Land of Fire Azerbaijan” yazılmış forma ilə çıxması daxil deyil. Biz onlarla 3 illik müqavilə bağlamışıq. Anlaşmaya əsasən, Azərbaycanın 10-15 yaşlı futbolçuları “Atletiko”nun bazasında “Bakı” klubunun hesabına təcrübə keçəcəklər, mövsümün sonunda Madrid təmsilçisi Bakıya gələrək, Azərbaycanın seçmə futbolçulardan ibarət komanda ilə yoldaşlıq matçına çıxacaq”, – deyə N.Mehdiyev bildirib.
Mehdiyev deyib ki, ödəniləcək məbləğə dair ən dəqiq məlumat ilin sonunda “Atletiko”nun maliyyə hesabatında əksini tapacaq: “Yəqin ki, həmin sənəd ictimaiyyətə açıqlanacaq və ”Bakı”dan nə qədər ödəniş olduğu da orada göstəriləcək”.
Ispaniya klubuna nə qədər vəsait ödədiyini niyə “Bakı”nın özünün açıqlamadığı əlbəttə ki, maraqlı sualdır, ancaq bundan da maraqlısı var: “Atletiko”dakı reklama görə Azərbaycanı Ispaniyada ərəb dövləti kimi tanıdıblar.
Ispaniyanın “Terra” qəzeti Madrid komandasının köynəyindəki “Land of Fire Azerbaican” yazısına diqqət ayıraraq oxucularına Azərbaycanla bağlı əlavə məlumat vermək istəyib. Amma məlumatda ciddi yanlışlığa yol verib. Yazıb ki, Azərbaycan 13-cü əsrdə yaranmış ərəb dövlətidir.


