Xalq artisti aktyorun işdən çıxarılmasına üsyan etdi

“Mən baş rejissor olsaydım, İlqarın yolunda ölümə gedərdim, amma onun işdən atılmağına icazə verməzdim”

“İstedadlı aktyor qiymətsiz sərvətdir. Qiymətsiz sərvəti kənara atmaq isə cinayətdir. Çox təəssüf edirəm ki, teatr belə bir cinayəti göz görə-görə etdi. İlqar Cahangirov kimi bir aktyoru işdən kənarlaşdırdılar. Amma mənim başıma bu oyunu açanların biri belə dillənmədi. Aktyora haqsızlıq olundu. Mən başa düşə bilmirəm, hanı bu aktyorlar? Niyə sakitdirlər? Məndən ötrü telekanallara qədər gedənlər indi haradadır?”.

Bunu “AzNews.az”a Gənc Tamaşaçılar Teatrının aktyoru İlqar Cahangirovun teatrdan uzaqlaşdırılmasına münasibət bildirən xalq artisti, rejissor Cənnət Səlimova deyib.

C.Səlimovanın sözlərinə görə, İ.Cahangirovun gedişi teatr rəhbərliyi ilə baş rejissorun qərarı olub: “Mən baş rejissor deyiləm. Əgər mən baş rejissor olsaydım, İlqarın yolunda ölümə gedərdim, amma onun işdən atılmağına icazə verməzdim. Bu hansı qanunda yazılıb? Aktyorun azadlığını əlindən ala bilməzsən. Mən bilmirəm, nə baş verir?

Belə qərar var ki, əgər aktyor nizam-intizamı pozursa, məşqlərə gəlmirsə, obrazını bacarmırsa, teatrda “təxribatlar”la məşğuldursa onu çıxarmaq olar. İlqar çox istedadlıdır, nizam-intizamına da söz ola bilməz. 15 il Otello obrazını yaradıb. Tapın bircə aktyor ki, onun kimi Otello oynasın. Yoxdur. Dedim ki, ay İlqar, sakit ol, danışma. Mənim ünvanıma nə deyibsə, ona halal edirəm”.