“Onun səhhəti daha da ağırlaşıb; işdə qeyri-müəyyənlik yaranıb”
Vəkillər Əsabəli Mustafayev, Sevil Səlimova və Fəxrəddin Mehdiyev noyabrın 30-da “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovla görüşüblər. Məlumatı “Media forum” saytına Ə.Mustafayev verib.
Ə.Mustafayev bildirib ki, lazım olan müalicəni almadığına görə E.Seyidovun səhhəti daha da ağırlaşıb. Vəkilin sözlərinə görə, hazırda E.Seyidovun işində qeyri-müəyyənlik yaranıb: “Üçüncü həbs qətimkan tədbirinin müddəti dekbarın 6-da başa çatır. Həbs müddətinin başa çatmasına az qalsa da, işin necə olacağını heç kim demir. Müstəntiqlərlə danışdıq, amma heç bir cavab ala bilmədik. Qanunvericiliyə görə, iş məhkəməyə göndəriləcəksə, bu, həbs müddətinin başa çatmasına ən azı bir həftə qalmış edilməlidir, vəkillər istintaq materialları ilə tanış olmalıdır. Bunu etmirlər. Həbsi uzadıb-uzatmayacaqları haqda da heç nə demirlər.
İş üzrə təqsirləndirilənlərin əksəriyyətini azad ediblər. Elnur Seyidov xəstə olsa da, onu həbsdə saxlayırlar. İşində yaranmış qeyri-müəyyənlik ona pis təsir edir və səhhəti daha da ağırlaşır. Sabah nə olacağını heç kim bilmir”.
Ləğv olunmuş “Texnikabank”ın işini Milli Təhlükəsizlik Nazirliyi araşdırır. E.Seyidovu martın 27-də nazirliyin əməkdaşları həbs edib. E.Seyidov dələduzluqda ittiham olunur. Avqustun 30-da Səbail Rayon Məhkəməsi onun həbs müddətini daha üç ay uzadıb.