Vatikan Qüdsə də özəl status istəyir

Xristianlığın mərkəzi Fələstinin BMT-də yeni status almasını alqışladı

BMT-nin Fələstini “üzv olmayan müşahidəçi dövlət” olaraq tanınmasına Vatikandan dəstək gəlib. Bu qərara görə Fələstini təbrik edən Vatikan Qüdsə də xüsusi status verilməsinə çağırıb.
Xatırladaq ki, Vatikan indiyədək BMT-də “üzv olmayan müşahidəçi” statusu ilə təmsil olunan yeganə dövlət olub. İndi ona Fələstin də qoşulub.
BMT-nin bu qərarını alqışlayan Vatikan Fələstinlə eyni mövqedə ola bilməsi üçün Qüdsə də “beynəlxalq zəmanət altında xüsusi status” verilməsini təklif edib.
Vatikanın bununla bağlı yaydığı müraciətdə bildirilir ki, Qüdsə bu xüsusi statusun verilməsi “dinin və vicdanın qorunması”, “müqəddəs şəhər olaraq Qüdsün mühafizə edilməsi”, “müqəddəs yerlərə sərbəst səyahət imkanlarının təmin edilməsi” üçün vacibdir.

İsrail isə Vatikanın bu çağırışına qarşı çıxıb. İsrail hökuməti hesab edir ki, Qüds belə bir statusla əldə edə biləcəyi hüquqlara onsuz da sahibdir. İsrail Qüds üzərində hər hansı beynəlxalq mandata qarşıdır.
İsrail Parlamenti 1980-ci ildə qəbul etdiyi xüsusi qanunla Qüdsü “birləşmiş və əbədi paytaxt” elan edib. Ancaq BMT bu qanunu tanımır və ABŞ da daxil olmaqla heç bir ölkənin Qüdsdə İsrail nümayəndəliyi yoxdur.

Fələstin isə BMT-nin 242 saylı qərarına əsasən Şərqi Qüdsü özünə paytaxt etmək istəyir.