30 noyabr 2012-ci ildə tanınmış hüquqçu İntiqam Əliyevin 50 yaşı tamam olur. Onu bəlkə də hamıdan yaxşı tanıyan şəxs kimi özümə borc bildim ki, cavanlığının qocalığını – qocalığının cavanlığının başlanması barədə xəbərdarlıq etməklə özümün və minlərlə məsləkdaşımızın xoş sözlərini izhar edim.
El arasında bir deyim var – filankəs doğulanda sənətkar, yaxud şair və s. doğulub. Bu gün biz də tam əminliklə deyə bilərik ki, İntiqam Əliyev 50 il öncə doğulanda hüquqçu doğulub. Hüquqçu olmaq onun tək peşəsi yox, bütün həyatı olub. Allahın verdiyi fitri istedadı sayəsində o, hələ çox gənc ikən fədakar bir maarifçi-hüquqçu oldu.
Çox illər öncə vəkil dostlarımızdan biri yubilyarın haqqında demişdi ki, İntiqam Əliyev təkbaşına böyük bir institutun, təşkilatın və partiyanın görə biləcəyi işlərdən də artıq işlər görür. Məncə, bu bir kəlmə ilə onun haqqında deyilə bilənləri yekunlaşdırmaq olardı. Ancaq bu sözlər ən azı 10 il əvvəl deyilmişdi.
İndi isə mən çoxsaylı həmkarlarından biri və dostu kimi İntiqam Əliyevi işıqlı adam adlandırıram. O, bu ölkədə, həm də dünyada hüquqçu peşəsində ən savadlı, ən fədakar, ən mübariz və cəsur olan, barmaqla sayıla biləcək qədər çox azsaylı şəxslərdən biridir. Lakin onun başqalarından fərqli olan möhtəşəm cəhəti – maarifçi, ictimai xadim və həqiqi hüquq müdafiəçisi olması, mənə və minlərlə İntiqamsevərlərə onu işıqlı adam saymağa əsas verir.
Ən azı iyirmi ildir ki, İntiqam Əliyev ətrafa işıq saçır. Onun hüquq sahəsində göstərdiyi əvəzolunmaz maarifçilik fəaliyyətini, yüzlərlə gənc və mübariz hüquqşünasın mükəmməl biliklərə və təcrübəyə yiyələnməsində müstəsna rolunu, insan hüquqlarının və ictimai maraqların müdafiəsində fədakarlığını tam dəyərləndirib deyə bilərik ki, İntiqam Əliyev yüksək əxlaqi şöhrətə sahib və insan hüquqları sahəsində səriştəsi ilə tanınan, ictimai dəyərə sahib nüfuzlu bir hüquqçudur.
O, cismi və ruhu ilə çox yaxşı vətəndaş, dost, qardaş, övlad və valideyndir. İntiqam Əliyev sadaladığım və bəlkə unutduğum bütün özünəməxsusluqları ilə çox yaxşı insandır.
Çox böyük dəyər və önəm verdiyimiz hörmətli İntiqam müəllim, əlliniz mübarək. Sizə möhkəm can sağlığı, ölkəmiz və millətimiz üçün olan istəklərinizin gerçəkləşməsini arzulayıram.
Hələ bir əlli il də işığınız üstümüzdən əskik olmasın!
Akif Əlizadə