1 milyon 12 milyondan nə qədər çoxdur?

ARDNŞ Vaşinqtonun mərkəzində mülk alıb, 12 milyon dollara. Heç xeyirli olmasın.
Qarğış eləmək bizə yaraşmaz.
Amma burada camaatın mülkiyyət hüquqlarını ayaqlar altına atan, kasıb-kusubun min bir zillətlə tikdiyi evləri başına uçuranların gedib el-aləmin Vaşinqtonunda-maşinqtonunda ofis-zad adı ilə mülk almasına başqa nə deyəsən ki?
Həm də bu mülklər, hardasa istirahət mərkəzi-filan dədələrinin pulları ilə alınmır, o pullar bu xalqındır, əvvəl-axır da xalqın olacaq.
Indi Rövnəq Abdullayevdən soruşular ki, Vaşinqtondakı mülkə 12 milyon saymağa nə ehtiyac vardı? O da qayıdıb belə cavab verib: “12 milyon böyük pul deyil”.
Bir vaxtlar 12 birəsi olmayan adamlar indi 12 milyonu böyük pul hesab eləmirlər. Görürsünüz, hara qədər şişiblər? 12 milyon onlara “semiçkapulu” gəlir.
Mənim yadıma uzun illər Rəsulzadəyə heykəl qoyulmaması üçün ortaya atdıqları bəhanə gəlir. Məlum olmuşdu ki, böyük öndərin abidəsinin hazırlanması və ucaldılması uzağı 1 milyon dollar tələb edir, demişdilər ki, bizdə o qədər pul hardandır.
Amma indi 12 milyon dollara mülk alırlar, deyirlər, nə ağız-burun əyirsiniz, onsuz da o qədər böyük pul deyil. Deməli, 1 12-dən böyükmüş, hətta o qədər böyükmüş ki, 12 milyon dollar böyük pul deyil, amma 1 milyon dollar o qədər böyük puldur ki, bunlarda o qədər nə gəzir?
Əlbəttə, əlbəttə, mən sadəlöhv deyiləm, Rəsulzadəyə heykəl qoyulmamasının gerçək səbəbləri hamımıza bəllidir. Sadəcə, düşünürəm ki, bunların düz-əməlli bir bəhanə tapmağa ağılları da çatmır. Elə bəhanələr üyüdür, elə yalanlar danışırlar ki, heç 40 gün keçməmiş ifşa olunur, özlərinə qarşı çevrilir.
Bəlkə də bütün yalanları danışıb qurtarıblar, nə biləsən. Asan məsələ deyil – 40 illik bir rejim və hər gün yalan, hər dəqiqə, hər saniyə yalan. Danış, danış, hara qədər? Əlbəttə, bir gün yalan da tükənməlidir.
Hər halda bu haqda Siyavuş Novruzovdan soruşmaq lazımdır – o, Arif Hacılı ilə debatda öz “parlaq zəkası” ilə yeni bir elmi nailiyyətə imza atmış, demişdi ki, neft heç vaxt qurtarmayacaq, neft tükənməyən sərvətdir. Görəsən, yalan necə, tükənəndirmi?
ANS üzr istəsin!
ANS qüsurlu doğulan uşaqlarla bağlı araşdırma aparıb, sonra da o araşdırmaya “Ananın şil balası” başlığı qoyub. Adam nə deyəcəyini bilmir.
Normal, sivil, mədəni ölkədə buna görə yer-yerindən oynayardı, onlarca təşkilat, yüzlərcə, minlərcə insan bu həqarətli, heç bir insanlığa sığmayan sərlöhvəyə görə ona qol qoyanları küçələrdə protesto edər, məhkəmələrdə süründürər, üzrxahlığa məcbur edərdi.
Baxırsan, bizdə “çırt” səsi yoxdur.
Hələ bir də ANS deyəndə dil-boğaza qoymayan, onu rejimin başqa telekanalizasiyalarından bir azca da olsa fərqləndirənlər var. Buyurun, bu da sizin sevimli ANS-iniz!
Başa düşürəm, dünən etiraz aksiyalarına çıxanları “quduz”, “vandal” adlandıranların, qüsurlu, əngəlli doğulan uşaqları “şil” kimi təqdim etməsinə o qədər təəccülənməmək lazımdır, biz bunların hansı əxlaqdan su içdiklərini çox görmüşük, bundan sonra da görəcəyik.
Amma söhbət mövzusu uşaqlardırsa…
Həm də əngəlli doğulan uşaqlardırsa, sakitcə seyr etmək, “bunlardan başqa nə gözləmək olar ki?!” deyib ötüşdürmək mümkünsüzdür.
ANS əngəlli uşaqlardan, onların valideynlərindən və bütün toplumdan o cür çirkin təqdimata görə üzr istəməyə məcurdur, məhkumdur. Bunu istəmək, tələb etmək də duyarlı, normal düşüncəli hər kəsin boynunun borcudur.
YAP-ın namizədi
İlham Əliyev YAP-ın namizədi olacaqmı, olmayacaqmı?
Mənə görə, olacaq. Konstitusiyaya “ömürlük prezidentlik” barmağını havayı yerə eləməyiblər. Istənilən çağdışı qərar, addım bunların təbii halı, mövcudluq formasıdır.
Amma hər halü-karda bunun belə maraq, müzakirə mövzusu olmasını anlamsız sayıram.
Kim olur olsun, bir halda ki, YAP-ın namizədidir, sonrasını danışmağa, dartışmağa dəyməz. Gerisi təfərrüatdır. Boş söhbətdir.