TQDK sədrindən nazirə sərt ittiham

Məleykə Abbaszadə Misir Mərdanovu qeyri-etik davranışda suçladı

Təhsil naziri Misir Mərdanovla Tələbə Qəbul üzrə Dövlət Komitəsinin sədri Məleykə Abbaszadə arasında qarşıdurma davam edir. Nazirin TQDK sədrinin “Ilin ən yaxşı müəllimi” və “Ilin ən yaxşı məktəbi” müsabiqələrinin düzgün keçirilmədiyi barədə fikirlərə sərt reaksiya verməsi qarşı tərəfi də daha da hiddətləndirib. Yada salaq ki, Misir Mərdanov Məleykə Abbaszadənin fikirlərinə “hər kəs öz işilə məşğul olsun” deyə cavab vermişdi. Dünən TQDK nazirə cavab verib.
Qurumun yaydığı press-relizdə Misir Mərdanovun Məleykə Abbaszadəyə qeyri-etik ifadələrlə cavab verdiyi bildirilir və faktiki olaraq nazir qeyri-etik davranışda ittiham edilir: “TQDK sədri Məleykə Abbaszadənin Komissiyanın 20 illiyi ilə bağlı keçirilən beynəlxalq konfransda səsləndirdiyi bəzi fikirlərin Təhsil Nazirliyi tərəfindən siyasiləşdirilməsi cəhdləri və bu fikirlərin əsassız, böhtan olması kimi qeyri-etik ifadələrlə  cavablandırılması təəssüf hissi doğurur. Bununla da nazirlik tərəfindən ”Dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının qanunu”nun 6-cı maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur.
Xatırladırıq ki,  TQDK sədri  Məleykə Abbaszadə “Ilin ən yaxşı məktəbi” və “Ilin ən yaxşı müəllimi” müsabiqələrinin keçirilməsi ilə bağlı fikirlərini nazirliyin iddia etdiyi kimi müxalifət mətbuatında yox, noyabrın 24-də TQDK-nın 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda Dəyirmi Masaya müzakirəyə çıxarılmış “Imtahan cavablarının statistik təhlilinin nəticələrinin təhsilin planlaşdırılması və keyfiyyətinin yüksəldilməsi üçün istifadə olunması” mövzusunda müzakirələr zamanı səsləndirmişdir. Həmin tədbirə dəvət olunmalarına baxmayaraq, nazirlik nümayəndələrinin gəlməməsi və Komissiya sədrinin bu və digər fikirlərini mətbuatdan oxumaları və öz bildikləri kimi şərh etmələri isə  bizim günahımız deyil”.
Daha sonra Məleykə Abbaszadənin fikirləri geniş şəkildə təqdim edilir və onun söylədiklərinin əsassız olmadığı faktlarla diqqətə çatdırılır.