Mingəçevirdə əmək yarmarkası adı altında “şou”

Hər il təşkil olunan bu tədbirdən iş axtaranlardan savayı hər kəs faydalanır

Noyabrın 23-də Mingəçevir şəhərində işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə növbəti əmək yarmarkası keçirilib. Əslində uzun illərdir təşkil olunan bu tip əmək yarmarkalarının konkret kimə və nəyə xidmət etdiyi hər kəsə bəllidir. Sadəcə, yarmarkanın təşkilatçıları və iştirakçıları, bir qədər kobud səslənsə də, özlərini artistliyə vurub 3-4 saatlıq “tamaşa” oynayırlar.
Bu dəfəki əmək yarmarkasına qatılmaq üçün ərinmədən paytaxtdan Mingəçevirədək 300 km məsafə qət edənlər də daxil olmaqla, çıxış edənlər ölkənin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdən, əhalinin məşğulluğunun təmin olunması və yoxsulluğun aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıblar.
Əsl “şou” məhz bundan sonra başlayıb. Yarmarkada vətəndaşlara 35 müəssisə və təşkilatdan 198 boş iş yeri, yeni iş yerləri üçün 93 manatdan 600 (?) manatadək əməkhaqqı təklif edilib. Yarmarkanın sonunda iş üçün müraciət edən 700-ə yaxın vətəndaşdan 61-nin (9%-i) öz istəyinə və ixtisasına uyğun olaraq işə göndəriş aldığı açıqlanıb. Məlumata görə, vətəndaşlar əsasən təhsil və səhiyyə müəssisələrində, xidmət təşkilatları və tikinti sahələrində işlə təmin olunublar. Yekunda iştirakçılara dekabrın 16-da Mingəçevirdə tələbə və məzunlar üçün təşkil olunacaq “Karyerada ilk addım” adlı tədbirin anonsu verilib.
Bütün bunların öncədən hazırlanmış bir tamaşa olduğunu nahaqdan vurğulamadıq. Rəsmi statistikaya görə, 01.09.2012-ci il tarixə Mingəçevir şəhərində qeydiyyatda olan əhalinin sayı (20 minə yaxın qaçqın və məcburi köçkün nəzərə alınmamaqla) 99377 nəfərdir. Şəhərdə əmək qabiliyyətli insanların sayı 53 mindən çoxdur. Hazırda şəhər üzrə məşğul əhalinin sayı 25865 nəfərdir. Başqa sözlə, ərazisində təkcə 40-a yaxın iri sənaye müəssisənin olduğu (onların arasında keçmiş ittifaq əhəmiyyətli “Mingəçevir Toxucu”, “Texniki Rezin”, “Şüşə Lifi”, “Regenerat” ASC və başqalarının quru adı qalıb) Mingəçevirdə işsizlik bir nömrəli problemdir. Bu gün hətta şəhərdə “qul bazarı” adlanan bir məkan mövcuddur. Bəs görəsən, belə olan halda hay-küylə təşkil olunmuş əmək yarmarkasında cəmi 61 nəfərin (bu rəqəmin şişirdilməsi də istisna deyil) işə göndəriş alması şou deyil, bəs nədir?
Yazıda bir məsələni diqqətdən qaçıra bilmərik. Belə ki, adətən bu cür əmək yarmarkalarına vakant deyil, artıq doldurulmuş iş yerləri çıxarılır. Məşğulluq Mərkəzi əvvəlcədən ayrı-ayrı idarə, müəssisə və təşkilatlarla müəyyən işbirliyinə gedərək guya ki, onlardan vakant iş yerlərinin siyahısını öyrənir. Bundan sonra həmin iş yerləri yarmarkaya çıxarılır. Halbuki əmək yarmarkasında iş axtarana təklif olunan iş yerləri bir neçə ay bundan öncəyədək tutulmuş olur. Hətta həmin işdə çalışan şəxsi rəhbərlik zorən əmək yarmarkasına göndərərək bir növ axtardığı işi məhz yarmarkanın sayəsində tapdığı görüntüsünü yaradır.
Maraqlıdır ki, uzun illərdən bəri hər il keçirilən bu tip əmək yarmarkalarının təşkilinə ayrılan vəsaitin miqdarı dövlət sirri kimi qorunur. Görünən odur ki, əmək yarmarkasından iş axtaranlardan savayı hər kəs faydalanır.

Azər