Tanrı bu rejimə lənət eləsin, onun sayəsində nə qədər qiymətli, qutsal sözlər, fikirlər, mövzular öz dəyərini, aktuallığını itirdi, ironiya və ikrah hədəfinə çevrildi. Biz 19 ildə elə sözlərin, mövzuların arxasında gizlənib iyrənc oyunlardan çıxan adamlar gördük ki… O adamların özləri bir yana, indi həmin sözləri, mövzuları dilə gətirməyə utanır adam, iyrənir.
Vətənpərvərlik vətənşivənliklə əvəzləndi. Elə adamlar vətən sevgisi haqqında danışmağa başladı ki… Vətəni katibəsi, kabineti, cibi, “CIP”i, neft buruğu, qaz yatağı boyda görənlərin “vətənpərvərlik” çıxışlarından sonra adamların qürbəti sevməkdən başqa əlacı qalmadı. Gedənlər getdi, qalanlar da vətən haqqında danışmaqdan qorxdular ki, korrupsioner, yağmaçı, rüşvətxor, yaltaq, yalançı, yetim haqqı yeyən kimi görünməsinlər.
“Mənim Qarabağ dərdim var” deyəndə adamın qulağında “Mənim Dubayda villalarım var” assosiasiyası verir. Hər pisliklərini, hər hoqqalarını Qarabağ dərdinin arxasında gizlədənləri görüncə, adam bu mövzuda danışmağı özünə sığışdırmır. Heç kimin təminatı yoxdu ki, “Mənim Qarabağ kimi dərdim var” deyəndə qarşısındakı ürəyində “Görən bunun nə zibili var, görən bu Qarabağ dərdindən istifadə edib hansı eybini, hansı iyrəncliyini gizlətmək istəyir?” deyə düşünməyəcək.
Və ya Güney Azərbaycan mövzusu…
Elçibəyin ölümünədək Azəraycanın ən taleyüklü məsələlərindən biri idi. Hətta o qədər ki, yaptokratiya ilə mübarizənin tərkib hissələrindən birinə çevrilmişdi. Heç kimə (əlbəttə, Heydər Əliyev və yandaşları istisnadır, onlar üçün hər zaman bir həyati məsələ olub: hakimiyyət, hakimiyyət, yenə də hakimiyyət!) bu mövzu yad, ikinci, üçüncü dərəcəli görünmürdü. “Təbriz” deyəndə ağlayan adamlar görmüşəm. Heç kim də soruşmurdu ki, Təbrizdən sənə nə? Çünki o adamlar Təbrizə ağladıqları qədər erməni tapdağındakı Şuşaya, yaptokratiya işğalındakı Gəncəyə, Bakıya, Şəkiyə də ağlaya bilirdilər.
Onlar Urmiya gölünün qurumasından danışarkən Xəzər dənizinin hasarlanmasına heç vaxt səssiz qalmazdılar.
Onlar “Iranda niyə Azərbaycan dilində məktəblər yoxdur?” sualını verməmişdən əvvəl “Azərbaycan məktəblərində niyə təhsil yoxdur?” sualını verərdilər.
Onlar Güney Azərbaycan mövzusunu Əliyevlərin talançı, saxtakar rejimi haqqında danışmamaq üçün alətə, sonuncu sığınacağa çevirməzdilər. Onlar Güneydə də, Quzeydə də əslində, eyni dərdlərdən – hüquqsuzluqdan, asqıdan, repressiyadan, azadlıqların olmamasından əziyyət çəkdiyimizin fərqində idilər. Bu iki mövzunu bir-birindən ayırmırdılar.
Elçibəydən sonra isə əcaib vəziyyət yarandı. Buradakı talançılığa, oğurluğa, quldurluğa, mafiya qaydalarının idarəçilik normasına çevrilməsinə səssiz qalanlar gedib Güney Azərbaycan mövzusunun arxasında daldalanmağa başladılar. Ya öz merkantil maraqlarından, ya da qorxudan, cəsarətsizlikdən Əliyev rejimi qarşısında susquna çevrilənlər, geri addım atanlar gündəmdə qalmaq, maskalanmaq, özlərini hələ də mövcudmuşlar kimi göstərmək üçün Güney mövzusundan mədət ummağa, kömək diləməyə girişdilər.
Beləcə, əslində, hər bir ləyaqətli, vicdanlı vətəndaş üçün Azərbaycan dərdlərinin ayrılmaz, doğma bir parçası olan Güney Azərbaycan mövzusu ögeyləşdi, yadlaşdı. Alver predmetinə çevrildi, riyakarlıqla assosiasiya olunmağa başladı.
Bunu yazmaq ağırdır, ağrılıdır, amma nə yazıq ki, həqiqətdir.
Indi adam səmimi-qəlbdən, içdən Təbriz yanğısı haqqında danışanda adama quşqu ilə baxırlar, deyirlər, görəsən, bu sivişib hara aradan çıxmaq istəyir, görəsən bunun yaptokratiyadan nə umacağı var?
Nə qədər ki, Şəkidəki, Bakıdakı, Gəncədəki zülmə səssiz qalanlar Təbrizdəki, Zəncandakı, Ərdəbildəki zülmdən danışacaq və “qəhrəman”, “yaxşı oğlan” olacaqlar, Güney Azərbaycan mövzusu da çirklənməyə, idbar görünməyə, ögeyləşməyə davam edəcək.
Əgər biriləri doğrudan da, bu ölkənin bütünlüyünü, bütövlüyünü istəyirlərsə, öz dönüklüklərini, oğurluqlarını, saxtakarlıqlarını, yaltaqlıqlarını Güney Azərbaycan dərdinin arxasında gizlətməsinlər, yetər.
Onlar hər ağzını açdıqlarında, hər “Təbriz, Təbriz” dediklərində Təbrizin bizdən bir az da uzaqlaşdığını, Arazın aramızdan bir az da dərin və iti axdığını anlasınlar, yetər.

Güney Azərbaycan mövzusu
•
•