“BBC Azərbaycanca”da Rövnəq Abdullayevin müsahibəsinə dönə-dönə baxdım.
Bu müsahibə ümumilikdə bizim üçün bir ciddi suala cavabdır: Niyə Ilham Əliyev başda olmaqla onun məmurları azad mətbuatdan qaçırlar, müsahibə vermirlər?
Niyə “BBC Azərbaycanca”dakı müsahibədə onlar danışa bilmir! Bəli, bəli danışa bilmirlər.
ARDNŞ kimi ciddi və böyük quruma rəhbərlik edən Rövnəq Abdullayev bir normal cümlə qura bilmirdi. Bağışlayacaqsınız, dəqiqləşmə edək, normal yox, ümumiyyətlə, cümlə qura bilmirdi. Onun fikirləri yarıda kəsilir, tamamlanmırdı.
Mənə belə gəlirdi ki, Rövnəq müəllim ağzına köz atıb danışır. Video müsahibədə daha nə gördük: Gördük ki, Rövnəq müəllimin cangüdəni ilə yanaşı dilgüdəni də var. Hə, dilgüdəni. Kadrlara düşməyib, amma arxadan kimsə ona bəzi şeyləri başa salır, filan şeyi filan cürə deməyi diqtə edirdi.
Adi sual qarşısında köməkçiyə, suflyora ehtiyacı olan adamların tabeliyindəyik, yoldaşlar. Bəşər tarixi çox az-az hallarda azərbaycanlılara bu cür sitəm yaşadıb.
Müsahibə alan müxbir Könül Xəlilova allahına şükür edə bilər ki, o, bu müsahibədən sağ-salim qurtula bildi. Əminəm ki, müsahibə Londonda yox, Bakıda götürülsəydi, jurnalist xanımın indi biz gözünün altı qaraldılmış fotolarını görürdük. Rövnəq müəllimin bığını çeynəyə-çeynəyə “nə gülürsən, gülmə” deməsi dəhşətli bir aqressiyanın görsəntisi idi. Xudavəndi-aləmə şükürlər olsun ki, bu aqressiya hədəfə tam çatmadı.
Yekunlaşdıraq: Azərbaycan hakimiyyətinin adam (mədəni, sivil dünya) içinə çıxarılacaq bir nəfər də kadrı yoxdur. Bu hakimiyyət gəlib-getmiş ən nadan və talançı, korrupsionerlər yığınıdır.
YAP-çıların dilini facebook açacaqmı?
Elə yuxarıdakı hadisənin davamı kimi başqa bir polemikaya vaxt ayırım.
Gülər müsibəti başına gələndən sonra hakimiyyət bütün deputatlarına “facebook”a doluşmağa əmr edib. Onlardan tanınmış bir çox sima artıq facebookdadır. Bu, müsbət hadisədir. Kim bundan narahat olubsa, boş yerə… Guya onların “facebook”a gəlişi burdakı müxalif, azad ab-havanı dəyişəcək, hökumətin arqumentlərini gücləndirəcək. Əsla.
Birincisi, “Facebook” indi Azadlıq meydanıdır. Qulağını xalqın səsi üçün qapayan məmurlar indi “facebook”da onlara şahid olacaqlar.
Ikincisi, Fiziki olaraq “Facebook”da olmaq nəyi dəyişir ki? Onların “facebook”da deyiləcək, yazılacaq sözləri varmı? Olsa nə yaxşı… Bəyəm azad mətbuat, müxalifət illərdir onlarla debata, diskussiyaya girmək üçün fürsət güdmürdülərmi?
Onlarda müzakirə aparmaq qabiliyyəti və bu müzakirədə üstün görünmək imkanı olsaydı, telekanallarını bunun üçün çoxdan istifadə edərdilər.
“Facebook” onlar üçün olsa-olsa yeni bir əzab və iztirab mənbəyi olacaq. Ona görə gəlin deyək: cəhənnəmə xoş gəldiniz, yapçı həzarat!
Iqtidar mətbuatında çalışır o….
Bir dəstə hökumət yazarı var. Yorulmadan ölkəmizin analoqsuz inkişaf yaşadığını məqalələrində tərənnüm edirlər. Onlardan birini yaxşı tanıyıram: peraşki yeməkdən mədəsində yara əmələ gəlib, evi yoxdur – kirayədə yaşayır. Bu günlərdə eşitdim ki, liseydə uşağının təhsil haqqını verə bilmədiyinə görə özünü məktəbin “imkansızlar” kateqoriyasına saldırıb.
Yaxşı bəs neyçün və necə insan nəsibini almadığı “uğurlar”a başqalarını inandırmaq istəyir? Görəsən o adam kirayə pulunu vermək ərəfəsində, mədəsindən qan açılanda o “inkişaf dolu məqalələri” canlanıb başının üstünü kəsdirmir?

Dili və əməli dolaşıq Rövnəq Abdullayev
•