Sərdar Cəlaloğlu: «Reallıq budur ki, Müsavat Partiyası Azərbaycanda siyasi müxalifətin birarya gəlməsinə imkan vermir»
Tofiq Yaqublu: «Sərdar Cəlaloğlu fərqindindədirmi bu cür açıqlamalarla müxalifətin birliyinə xidmət etmir, əksinə ona zərbə vurur»
ADP sədri Sərdar Cəlaloğlunun Müsavat Partiyası və onun başqanı barədə söylədiklərinə Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli sərt reaksiya verib. S.Cəlaloğlunun birlikdən danışdığı bir zamanda müxalifətin ünvanına tənqidlər də səsləndirməsinin normal olmadığını düşünən M.Hacıbəyli “teleqraf.com” saytına açıqlamasında vurğulayıb ki, məntiqlə birlikdə maraqlı olan və bunu istəyən şəxs müxalifətin əleyhinə danışmaz:
“Bu adam YAP-ın süpürgəçisi ilə danışıqlara getməyə hazır idi, indi onun fikirlərinə nə şərh verək… Cəmiyyət Sərdar Cəlaloğlunu da, Isa Qəmbəri də yaxşı tanıyır, kimin-kim olduğunu bilir. Cəlaloğlu gah Isa Qəmbəri tənqid edir, gah da ona deyir ki, məni də olduğun düşərgəyə dəvət elə. Çox ziddiyyətli danışır”.
Onu da qeyd edək ki, S.Cəlaloğlu mətbuata açıqlamasında bildirmişdi ki, I.Qəmbər müxalifətin bir araya gəlməsinin qəti əleyhinədir.
Qəzetimizə açıqlamasında S.Cəlaloğlu bildirdi ki, söylədiklərinə I.Qəmbərin deyil M.Hacıbəylinin cavab verməsi onun haqlı olduğunu göstərir: “Liderin fikrinə lider cavab verməlidir. Deməli, onların özlərini müdafiə etmək imkanları yoxdur. Mən nə zaman Mustafa Hacıbəyli haqqında fikir söyləsəm, o da mənim haqqımda söyləyər. Ona qalsa, mən də ADP üzvlərinə deyə bilərəm ki, qeyri-etik fikirlərə yer verin. Mənim YAP-ın süpürgəçisi ilə belə dialoqa hazır olmağım barədə səslənən fikrə gəlincə, bu səslənənlərin heç biri mənim Isa Qəmbər söylədiklərimin həqiqət olmadığına kölgə salmır. Yaxşı olar ki, Müsavat Partiyasının Azərbaycanda müxalifətin bir araya gəlməməsində irəli sürdüyüm ittihamlara cavab verilsin. Başqa bəyanatlar reallığı dəyişmir. Reallıq budur ki, Müsavat Partiyası Azərbaycanda siyasi müxalifətin bir arya gəlməsinə imkan vermir”.
S.Cəlaloğlunun səsləndirdiyi fikirlərə Müsavat başqanın müavini Tofiq Yaqublunun fikirlərini öyrəndik. Ölkədə iki real müxalifət partiyasının AXCP və Müsavatın Ictimai Palatada əməkdaşlıq etdiyini deyən T.Yaqublu vurğuladı ki, S.Cəlaloğulu zaman-zaman bu cür ittihamlar irəli sürür. Və o ittihamlar bir qayda olaraq müxalifət liderlərinə qarşı yönəlir: “Həqiqətəuyğun olmayan fikirləri mətbuata deməklə Sərdar Cəlaloğlu fərqindədirmi bu cür açıqlamalarla müxalifətin birliyinə zərbə vurur. Nəinki ona kömək edir. Ona görə Isa Qəmbərin müxalifətin birliyinə nail olunmasına əngəl yaratdığı ilə bağlı fikirlər kökündən yanlışdır. Hətta bu olmuş olsaydı belə, müxalifət barədə bu cür fikri yaratmaq iqtidara daha çox sərf edir. Sərdar Cəlaloğlunun həm dedikləri yanlışdır, həm də nümayiş etdirdiyi metod doğru deyil”.
Xəyal