Zəfər Quliyev: «Səslənən bəyanatların reallaşdırılması istiqamətində addımlar seçki yaxınlaşdıqca daha da aktuallaşacaq»
Mehriban Vəzir: «Dəyişikliklər istəyən qüvvələrin vahid mövqedən çıxış etməsi bir zərurətdir»
Ziyalılar Forumu qəbul etdiyi son bəyanatında ölkənin demokratik qüvvələrinə də çağırış edib. Hakimiyyətin yürütdüyü siyasətin ölkəni uçuruma apardığını vurğulayan ziyalılar ölkənin bütün vətəndaşlarını, ictimai-siyasi qüvvələrini demokratik dəyişikliklər naminə birləşməyə çağırıb. Bəyanat müəllifləri vurğulayıblar ki, tarix və gələcək nəsillər qarşısındakı məsuliyyətini dərk edən hər kəs birlik istiqamətində addım atmalıdır.
Bəs səslənən təklifin reallaşması hansı formada mümkün ola bilər? Birlik istiqamətindəki çağrışlar ümumi məqsədlərdə özünü necə ifadə edə bilər?
Mövzu ilə bağlı həm Ziyalılar Forumunda, həm də müxalifətin əsas güc mərkəzi olan Ictimai Palatada təmsil olunan ziyalıların mövqeyini öyrəndik.
Zəfər Quliyev əməkdaşlıqla bağlı son zamanlar səslənən təklifləri yüksək qiymətlədirdi. Z.Quliyevin fikrincə, əməkdaşlıqla bağlı bu cür səmimi mövqelərin ifadə olunması olduqca vacibdir: “Əsas niyyətin olmasıdır. Artıq əməkdaşlığın hansı formada təzahür edəcəyi ikinci dərəcəli məsələdir. Hesab edirəm ki, səslənən bəyanatların reallaşdırılması istiqamətində addımlar seçki yaxınlaşdıqca daha da aktuallaşacaq. Qarşısına ölkədə zəruri siyasi dəyişiklikləri gerçəkləşdirməyi qoyan təşkilatların bu çağırışa səs verməsi mühümdür. Çünki bu birliyi xalq, cəmiyyət tələb edir. Buna biganə qalmaq olmaz”.
Seçki ərəfəsində belə bir əməkdaşlığın vacib olduğunu deyən Z.Quliyevin fikrincə, yalnız güclü birliyə nail olunacağı təqdirdə uğur əldə etmək olar. Bu təklifin yaxın günlərdə IP-də də müzakirəyə çıxarılacağını söyləyən Z.Quliyev bütün maraqlı siyasi qüvvələrin birlik prosesində fəal iştirak edəcəyinə inanır.
Yazıçı-publisist Mehriban Vəzir də hesab edir ki, səslənən bəyanat və ortaya qoyulan mövqe olduqca önəmlidir: “Əsas məsələ səmimi mövqeyin ortaya qoyulmasıdır. Qarşılıqlı səmimiyyət olduqdan sonra əməkdaşlığın formasını tapmaq mümkün olacaq. Belə bir birliyə, dəyişikliklər istəyən qüvvələrin vahid mövqedən çıxış etməsi uzun müddət idi ki, bir zərurət kimi görünürdü. Ölkənin gələcəyi üçün narahat olan insanların bir araya gələrək vahid mövqedən çıxışı cəmiyyətdə böyük dəstəyə səbəb ola bilər”.
Xəyal