Tanınmış türkiyəli modelyer Barbaros Şansal Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ona qol saatı bağıladığı haqda “Star” TV-də dediklərini təkzib edir. Modelyer “Trend” agentliyinə açıqlamasında bildirib ki, iştirak etdiyi proqramda (“Alişan və Sevcan” proqramı – red.) Azərbaycan xarici işlər nazirinin ona saat hədiyyə etdiyini deməyib, hətta proqram əsnasında heç kimin adını çəkməyib. Modelyer onu da qeyd edib ki, bu vaxta qədər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla tanış deyil.
“Qolumda olan 150-200 lirəlik saatı görən xanım iştirakçılardan biri məndən soruşdu ki, bu saat haradandır? Mən də cavabımda zarafat üçün “bunu mənə bir azərbaycanlı nazir bağışlayıb” dedim”, – deyə Şansal bildirib.
Türkiyəli modelyer bu xəbərin yayılmasına görə, Azərbaycan mətbuatını “sensasiya yaratmaqda” qınayıb. “Azərbaycan mediasının Türkiyə mediası kimi sərsəm xəbərlər yayması məni təəccübləndirdi. Bir daha bildirmək istərdim ki, belə bir şey olmayıb. Belə bir xəbərin yayılması məni Bakıda tanıdığım adamların qarşında pərt etdi”, – deyə o, əlavə edib.
Şansalın Azərbaycan mətbuatını qınamaq cəhdi xəbəri burada ilk yayan mənbə olaraq “Azadlıq” qəzetinə birbaşa aid olduğu üçün xatırlatmağı vacib bilirik ki, bunu əvvəlcə proqramda canlı şəkildə, sonra isə videoyazısına təkrar baxaraq, bilavasitə modelyerin dilindəneşidib yazmışıq. Proqramın videoyazısının “Star” TV-nin saytında yerləşdirilməsini gözlədiyimiz üçün də Şansalın sözlərini onun bunu deməsindən təxminən 1 həftə sonra xəbər halına salmışıq.
Proqramın videoyazısı “Star” TV-nin saytında (Proqramlar, “Alişan və Sevcan”, 89-cu bölüm) durur və Şansal nə dediyini unudubsa, onu təkrar izləyə bilər. O, proqramda “azərbaycanlı nazirlərdən biri” yox, “Azərbaycanın dış işləri bakanını” deyib.
Proqramı buradan izləyə bilərsiniz (10-cu dəqiqədən 11.40 dəqiqəyədək diqqət edin)


