Mən böyük həvəslə oturub gözləyirəm ki, elə bir gün olacaqmı, biz internetə daxil olaq və orada Misir Mərdanovla Məleykə Abbaszadə arasında hansısa təzə qovğa haqqında oxumayaq? Dünən də istisna deyildi: xəbər saytlarını “Təhsil Nazirliyindən TQDK sədrinə sərt cavab”, “Misir Mərdanovdan Məleykə Abbaszadəyə ağır sözlər” başlıqları bəzəyirdi.
Düzü, mən heç bilmirəm də bunlar illərdir, nəyi bölüşdürə bilmirlər? Hərə bir söz deyir, hər ağızdan bir avaz gəlir, amma bir nəfər də doğru-dürüst bilən yoxdur ki, bu xanımla bu cənabın artıq “Barselona” – “Real” Madrid derbisini kölgədə qoymuş, bir növ “milli El Klassiko”ya çevrilmiş davasının kökündə hansı səbəb və ya səbəblər yatır.
Doğrudanmı, onların savaşı Azərbaycanda təhsilin tərəqqisi üçündür? Doğrudanmı, onların duelinin arxasında təhsilin problemlərini çözmək əzmi dayanır? Inanan daşa dönsün.
Kimin şübhəsi var ki, yaptokratlar kütləvi savadsızlığı qarşılarına əsas məqsəd kimi qoyublar, Azərbaycanda elmsiz, bilgisiz bir nəsil yetişdirmək istəyirlər. Ölkədə təhsilə yer yoxdur. Məktəblər sadəcə, yaltaqlığın, köləliyin tədrisi ilə məşğuldur. Fikir verin: qəbul imtahanlarında ballar ilbəil aşağı düşür, əvəzində məddahlığın, mütiliyin dozası qalxır.
Belə bir gerçəkliyin fonunda Allah qoymasa, guya təhsillə bağlı iki qurumun başında duranların az qala, hər gün bir-birinin bostanını daşlamasını necə anlayaq? Guya, təhsilin yaşadığının, var olduğunun, hətta canlı, dinamik prosesə çevrildiyinin nümayişi kimimi? Əlbəttə, yox. Bunlar ayını (oxu: təhsili!) öldürüblər, indi də onun dərisi uğrunda dalaşırlar.
Mənə qəribə gələn bir şey də var. Adətən bu rejim məmurların arasındakı çəkişməyə uzun müddət səbr göstərmir, tərəflərdən biri ilk fürsətdəcə vurulur. Keçmişdə bunun xeyli maraqlı örnəkləri var, Fərhad Əliyevin, Əli Insanovun, Heydər Babayevin, Əli Nağıyevin, Məhərrəm Əliyevin aqibətlərini xatırlatmaq kifayətdir. Ancaq nə məsələdirsə, bunlar az qala, 10 ildir Mərdanovla Abbaszadənin duelinə dözürlər, hətta adama elə gəlir ki, bu çəkişmədə özləri də maraqlıdırlar. Əks halda əmin olun ki, ya ikisinə də çoxdan “susun” əmri vermişdilər, ya da ikisindən birini çoxdan yola salmışdılar.
Bəs bu qovğada onların marağı nə ola bilər? Necə ki, qovğanın səbəbini bilmirəm, elə onun davam etməsində də rejim başbilənlərinin hansı maraqlarının olmasından xəbərim yoxdur.
Amma inanın ki, bu çəkişmə, bu dartışma, bu yaxalaşma, bu yabalaşma təhsilin azacıq da xeyrinə olsa…
Bu intriqadan, bu ixtilafdan təhsil azacıq da olsa, faydalana bilsə…
Bu savaşın hədəfində təhsil adına olan problemlərin həlli, yoluna qoyulması dayansa, onu çoxdan dayandırardılar. Çoxdan “dur” deyərdilər bu “Milli El-Klassiko”ya.
Demək ki, bu davadan savadsızlıq irəli düşür…
Cəhalət qazanır…
Elmsizlik udur ki, indiyədək Abbaszadə-Mərdanov savaşını dayandırmaqda maraqları olmayıb. Əksinə, açıq görünür ki, hətta hakimiyyətin öz saytları, qəzetləri bu ixtilafı daha da körükləyirlər, artıq bu işdə müxalifət, müstəqil mətbuat onların yanında yalan olub, hər gün odun üstünə benzin tökməkdə davam edirlər.
Niyə? Nə üçün?
Bu günədək rejim daxilindəki oxşar toqquşmaların heç birində bunca səbrlilik nümayiş etdirməyən, tərəflərdən birini dərhal qulağından tutub bayıra atan bir sistem az qalsın eramızdan əvvəl başlamış bir qovğaya necə dözür? Hansı məqsədlə susur?
Cavab üçün gələn yayı gözləyin – qəbul balları daha da aşağı düşəndə daha yaxşı anlayacaqsınız nə demək istədiyimi.

Milli “El Klassiko”
•
•