
Noyabrın 28-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. İclasda müzakirə olunan məsələlərdən biri də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayevlə bağlı yayılmış videoyazı olub.
Xatırladaq ki, Ağababa Babayevlə bağlı videonu fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev yaymışdı. Videoda onların arasında keçmiş rektorun qardaşı Mahir Abdullayevin işi ilə bağlı söhbət gedir.
Məhkəmə-Hüquq Şurasının iclasında bildirilib ki, videoyazıda göstərilənlər “ədalət mühakiməsinin nüfuzuna, hakimin yüksək adına xələl gətirən hərəkətlər olmaqla, Hakimlərin Etik Davranış Kodeksinin, korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin kobud pozulmasına dəlalət edir”. İclasda Ağababa Babayev barədə intizam icraatının başlanılması qərara alınıb.



