YAP İlham Əliyevin namizədliyini niyə elan etmədi?

aliyev ilhamQərbin təzyiqlərindən ehtiyat, yoxsa ölkə başçısının narazılığı?

YAP-ın “Buta Palace”da keçirilən 20 illik yubileyində Ilham Əliyevin 2013-cü ildə keçiriləcək prezident seçkisində partiyanın namizədi olacağı barədə qərar elan edilməli imiş. Lakin sonradan Prezident Administrasiyasından gələn göstəriş əsasında qərarın elan olunması təxirə salınıb. YAP-çılar bunun səbəbini soruşduqda isə onlara bildirilib ki, partiyanın bu barədə qərarı qurultayda elan ediləcək.
Məlumat üçün deyək ki, buna kimi YAP-ın tanınmış simaları partiyanın 2013-də Ilham Əliyevin namizədliyini irəli sürəcəyini bəyan etmişdilər. Gözlənilirdi ki, bu, YAP-ın qurultayında bütövlükdə partiyanın adından qəti şəkildə elan ediləcək. Gözləntilər özünü doğrultmadı. Indisə bəlli olur ki, belə bir niyyət doğrudan da var imiş. Bəs nədən YAP Ilham Əliyevin namizədliyini elan etmədi?
“Azadlıq”a daxil olan məlumatlara görə, sonradan düşünülüb ki, Qərbin Azərbaycan hakimiyyətinə təzyiqlərinin artdığı bir məqamda Ilham Əliyevin namizədliyinin elan edilməsi doğru deyil. Çünki bu təzyiqlərin daha da artmasına səbəb ola bilər.
Digər tərəfdən Ilham Əliyev özü də hələ ki, seçkidə iştirak edib-etməyəcəyi barədə qəti fikir söyləməyib. O, sonuncu dəfə bu barədə “Əl-Cəzirə” telekanalına müsahibəsində danışıb. Həmin müsahibədə də bildirib ki, hələ seçkidə iştirak edib-etməyəcəyi barədə   qərara gəlməyib. Ölkə başçısının bu qeyri-müəyyən açıqlaması hakimiyyətdə də birmənalı qarşılanmayıb. Iqtidar daxilindəki müəyyən qruplaşmalar, xüsusilə Naxçıvan klanı Ilham Əliyevin bu fikirlərini hakimiyyətdə namizədliyə adı hallanan başqa bir şəxsə güzəştə getmək niyyətilə izah ediblər. Məhz Ilham Əliyevin “Əl-Cəzirə”yə müsahibəsindən sonra YAP-ın rəhbərliyinə daxil olan şəxslər “namizədimiz Ilham Əliyev olacaq” şəklində bəyanatlar səsləndirməyə başladılar. Siyasi ekspertlər YAP-çıların bəyanatını Ilham Əliyevə təzyiq kimi dəyərləndirirdilər. Bütün bunlara baxmayaraq ölkə başçısı namizədlik məsələsi barədə yeni fikir söyləmədi. Görünür, bu səbəbdən qərara alınıb ki, YAP-ın yubileyində məsələyə nöqtə qoyulsun. Lakin bu cəhd baş tutmayıb. Bir səbəbini yuxarıda qeyd etdik. Ikinci səbəbin isə Ilham Əliyevin özünün buna qarşı çıxması ola bilər.

Namiq