Meksikadakı heykəlin Azərbaycandakı hekayəsi

Heydər Əliyevin Meksikadakı heykəlilə bağlı yaptokratların pərtliyini başa düşürəm, o qədər pul-para, əzab-əziyyət və axırı da belə. Heykəl bir tərəfə qalsın, Heydər Əliyevin adı ətrafında Qərb mətbuatında yenidən xoş olmayan müzakirələr, ondan “KQB generalı”, insan haqlarına qarşı amansız mübariz, hakimiyyəti oğluna ötürən diktator kimi bəhs edilməsi, bir sözlə, “dəlinin yadına daş salınması”. Rejimə bütün bunlar lazım idi?
Heykəl olayı ilə bağlı iki məqama isə xüsusi diqqət yetirmək lazımdır. Birincisi, bunların Heydər Əliyevə qoyulan abidə götürülərsə, Meksikaya yatırmağa hazırlaşdıqları 4 milyardlıq investisiya layihəsini geri çəkəcəkləri barədə hədə-qorxudur. Meksika parlamenti Xocalı soyqırımını tanıyan ilk xarici ölkə parlamentidir, üstəlik, Mexikoda Xocalı ilə bağlı da abidə qoyulub. Indi belə çıxır ki, bunların dahi rəhbərlərinin heykəli sadaladıqlarımdan daha mühümdür, vacibdir. Rejim simvolu olan abidəni milli maraqlarla bağlı qərar və heykəldən üstün tutmaq, yaptokratiyanın “Qarabağ dərdi”nin nə qədər qeyri-səmimi, saxta olduğunun görsənişidir. Əks halda, Heydər Əliyevin heykəlinə görə 4 milyardlıq investisiyadan niyə vaz keçirlər? Bəs Meksikanın Xocalı qırğınına təqdirəlayiq münasibətinə heçmi sayğıları yoxdur?!
Ikincisi, heykəl olayı həm də onu göstərdi ki, ölkədə necə savadsız, bilgisiz, eyni zamanda demokratik dəyərlərdən bixəbər bir rejim hökm sürür. Heydər Əliyevin heykəlinin qoyulmasına Mexiko şəhər hökuməti icazə verib, orada yerli özünüidarəetmə hökm sürür, həm də bu, seçkilərlə formalaşır. Azad, ədalətli seçkilərlə! Ona görə də şəhər hökuməti ictimai fikrə və iradəyə hörmətlə yanaşmağa məcburdur, çünki növbəti seçkidə onun taleyinə yaptokratların çoxlu pulları yox, mexikoluların səsləri aydınlıq gətirəcək. Əgər bu gün onlar şəhər əhalisinin rəyinə qarşı getsələr, sabah seçkidə hansı aqibətlə üzləşəcəklərinin fərqindədirlər. Odur ki, yaptokratların Meksika rəhbərliyinə hədələyici ismarıclar göndərməsi çox gülməlidir. Həm gülməli, həm də mənasız.
Bunların ağılları özlərinə gedib ki, seçki-zad hərləməyələr, deputatı, bələdiyyə üzvünü təyinatla müəyyənləşdirələr, xalqın iradəsini heçə saydıqları üçün xalqın fikrini çürük qoz yerinə qoymayalar, parlamenti, bələdiyyələri oyuncağa çevirələr. Onlara istədiklərini diqtə edələr.
Yadıma Mübarəkə burda qoyduqları heykəli iki ayaqlarını bir başmağa dirəyib götürmək istəməmələri düşdü. Təsəvvür edin, bütün tərəqqipərvər bəşəriyyət Mübarək rejiminə qarşıdır, bunlar isə onun heykəlini polis çəmbərinə alıb göz bəbəyi kimi qoruyurdular. Mübarək yıxıldı, hətta bundan sonra da xeyli müddət onun heykəlinə toxunmadılar. Səbəb yalnız Mübarəkin heykəlinin onlarla mənəvi qohumluğu, bağlılığı olan bir sistemin simvolu olmasında deyildi, onlar bununla pis tendensiyanın yaranacağından qorxurdular. Bu gün Mübarəkin heykəlini götürərsən, sabah gəlib deyərlər öz dahi öndərinin də heykəlini yığışdır. Dirənməklərinin səbəbi də bu idi.
Elə Mexikodakı heykəllə bağlı pərtliklə bərabər, öfkəli ultimatumları da bundan qaynaqlanır. Nə olsun söhbət okeanın o tayındakı bir ölkədən gedir, çağımızda dünya çox kiçikdir – dünən Kanadada, bu gün Meksikada “dahi rəhbər”in heykəlini götürərlərsə, sabah hədəfə Azərbaycanın özündəki ulu öndər heykəllərinin gəlməyəcəyinə kim təminat verə bilər? Ən azından, rejimin əsas simvollarından sayılan Heydər Əliyevin heykəllərilə bağlı tabuların, “müqəddəslik”, “toxunulmazlıq” kultunun alt-üst olmayacağına qarantiya varmı?
Bax, yaptokratları narahat edən, əndişələndirən suallar bunlardır. Meksikadakı heykəl olayının elə Meksikada da qalacağını bilsələr, bu qədər səs-küy salmaz, işi böyütməz, dünya mediasında, beyyəlxalq ictimai rəydə özləri , dahi rəhbərləri haqqında yeni-yeni tənqidlərin, keçmişi qurdalamaların, bu günü ələk-vələk etmələrin önünü açmazlar.

Di gəl ki, Meksikadadı heykəlgötürmənin Azərbaycanın özündə şüurlarda yarada biləcəyi qığılcımların qorxusu var içlərində.

Keşkə qorxunun əcələ faydası olmadığını da anlasaydılar…