“İlham Əliyevdən demokratik seçki gözləməyə dəyməz”

l aliyeva-politologLeyla Əliyeva: «Hakimiyyətə qarşı güclü müqavimət, bütün cəmiyyəti əhatə edən etirazlar  olmalıdır»

“Hakimiyyət mövqeyini dəyişməsə, Avropa Birliyindən sərt bəyanatlar daha tez-tez gələcək”

Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və genişlənmə məsələləri üzrə komissarı Ştefan Füle Azərbaycan hakimiyyətinə növbəti mesajlar ünvanlayıb. Ş.Füle qeyd edib ki, təmsil etdiyi təşkilat Azərbaycanın Avropa Qonşuluq Siyasətinə uyğun şəkildə qarşılıqlı dəyər və maraqlara əsaslanan demokratik inkişafını davam etdirməsini istəyir. Politoloq Leyla Əliyeva ilə müsahibəmizə məhz bu sualla başladıq.

– AB sərgilədiyi mövqedə nə dərəcədə israrlı ola bilər?
– Azərbaycan bir tərəfdən Avropaya inteqrasiya etmək niyyətini bəyan edir, amma başqa tərəfdən fərqli addımlar atır. Çünki inteqrasiya etmək öhdəliklərin yerinə yetirilməsi, demokratik dəyərlərə əməl etməkdir. Avropa Birliyinə də əslində təzyiqlər var. Çünki Avropa Birliyinin sərgilədiyi mövqe qeyri-səmimi kimi qəbul olunur. Avropa Birliyi Azərbaycanı inteqrasiyaya cəlb etmək istəsə də, tərəflər arasında əməkdaşlıq yalnız enerji sahəsindədir. Bu isə Avropa Birliyinin nüfuzuna zərbədir. Azərbaycanın mövqeyinin hələ də qeyri-müəyyən olması üzündən Avropa Birliyi bu cür bəyanatları daha tez-tez verəcək. Çünki Avropa Birliyi Azərbaycandan aydın mövqe istəyir. Əslində Azərbaycanın hazırda Avropa Birliyi ilə həyata keçirdiyi enerji layihələri belə, ölkəmizdə bu qurumun tələb etdiyi islahatların aparılmasını zəruri edir. Ona görə də bu məqam özü Azərbaycanı islahatlara vadar etməsi üçün Avropa Birliyinə bir təzyiqdir.

Rusiya ilə münasibətlər normal olmayacaq

– Hakimiyyət bir qayda olaraq seçki saxtakarlığına yol verdiyi zaman Rusiyanın dəstəyini arxasına alaraq beynəlxalq təşkilatlara müqavimət göstərir. Hazırda isə ölkələr arasında münasibətlər gərgindir. Bu baxımdan iki ölkə arasındakı münasibətlərin inkişafını necə görürsünüz?
– Ümumiyyətlə, strateji baxımdan Azərbaycanla Rusiya arasında daimi, ardıcıl münasibətlər ola bilməz. Çünki Rusiyanın maraqları Azərbaycanın maraqlarına ziddir. Qarabağ probleminin hələ də qalması bunu sübut edir. Azərbaycan hakimiyyətinin istəyinə, cəhdlərinə baxmayaraq Rusiya ilə münasibətlər həmişə normal ola bilməz. Rusiya ilə münasibətlərin sərt olmaması və bir qədər səmimi görünməsi hakimiyyətin daxili siyasəti ilə bağlıdır. Gürcüstandan fərqli olaraq Azərbaycan hökuməti siyasətini Rusiyada sınaqdan çıxarılmış ssenarilər üzrə, Rusiyaya uyğun aparır. Bu baxımdan isə Rusiya hiss edir ki, onun Azərbaycanda dəstəyi var.

Cəmiyyət sərt reaksiya sərgiləməlidir

– Maraqlıdır, Rusiyaya qarşı Azərbaycan sərt bəyanatlar səsləndirir. Hətta Rusiyadakı milliyyətçi qruplaşmaları dəstəkləməyi belə Azərbaycan hökuməti istisna etməyib. Amma bütün bunların fonunda Rusiya ilə birgə Azərbaycanda forum keçirilir və iki ölkə arasındakı normal münasibətlərdən danışılır. Bu təzad nəylə bağlıdır?
– Azərbaycanın Rusiya ilə münasibətləri gərgin olsa da rəsmi Bakı Kremlə elə bəhanə vermir ki, Rusiya Gürcüstandakı kimi mövqeyini sərt formada ifadə etsin. Amma Rusiya Gürüstandakı siyasətini Azərbaycana tətbiq etməsə də, Bakı ilə də xoş danışmır. Və vaxtaşırı təzyiq ritorikasına müraciət edir.

– 2013-cü il seçkiləri yaxınlaşır. Amma dövlət başçısı hələ növbəti dəfə namizədliyini irəli sürəcəyini açıqlamayıb. Gözlənilirdi ki, o, bunu YAP-ın yubileyində elan edəcək. Amma bu baş vermədi. Amma bu ərəfədə hakimiyyətin seçki saxtakarlığını, parlamentdə mandatın pul ilə satıldığını sübut edən çoxlu faktlar aşkarlandı. Bütün bunların fonunda seçkilər nə vəd edir?
– Konstitusiya məhz Ilham Əliyevin növbəti dəfə namizədliyini irəli sürə bilməsi üçün dəyişdirildi. Hazırda hakimiyyətdə olan siyasi qüvvələr Ilham Əliyevin dəyişməsini istəmirlər.

– Qərb Gürcüstanda bir müddət əvvəl demokratik seçkinin keçirilməsində israr etdi. Azərbaycanda hansı mövqe sərgilənəcək. Çünki Ilham Əliyev açıq-aşkar demokratik dəyərlərə zidd addım atmağa hazırlaşır.
– Əslində Gürcüstanda Saakaşvili demokratik seçkiyə məcbur edildi. Çünki ölkənin daxilində güclü etiraz var idi. Müxalifət qüvvələri Gürcüstanda demokratiya üçün böyük təhlükənin olduğunu bəyan etməyə başladılar. Saakaşviliyə qarşı kütləvi etirazlar həm ölkə daxilində, həm də xaricdə seçki gününə qədər artan templə gedirdi. Qərb də Gürcüstandakı vəziyyəti gördü. Ona görə də Qərb Gürcüstan cəmiyyətinin istəyinə dəstək verdi. Azərbaycandan Gürcüstanın əsas fərqi ondan ibarətdir ki, Saakaşvili açıq və şəffaf seçki keçirdi. Ilham Əliyevdən isə azad seçkini gözləməyə dəyməz. Amma ölkədəki vəziyyət çox şeyi dəyişə bilər. Azərbaycanda bu hakimiyyətə qarşı güclü müqavimət, bütün cəmiyyəti əhatə edən etirazlar olsa, o zaman durum dəyişə bilər. Hər şeyi 2013-cü il göstərəcək. Əgər Azərbaycanda həm səfərbərlik, həm də demokratik qüvvələrin sıx və geniş birliyi olsa, ölkədə demokratik dəyişikliklər üçün real zəmin yaranar.

Xəyal