Etməyin, eləməyin, qardaşlar. Bu qədər iyrəncliyin adınıza yazılmasına necə dözürsünüz? Bilmirsinizsə, bilin: sizin bu son hərəkətiniz çox, bu kərə daha çox iyrənc. Bu hərəkətinizlə nə dövlətə, nə prezidentə başucalığı gətirirsiniz. Ilham Əliyev özünü qərbli göstərməsilə həmişə öyünür. Ziyafətlərdə əyninə frak geyib, kəpənək qalstuk bağlayanda hiss eləyirsən ki, üzü gülür, dodağı qaçır və bu tərzindən çox məmnun görünür, zira o özünün avropalı sayılmasına xüsusi diqqət və önəm verir. Frak həddində olsa da. Indi belə bir adamı niyə peşman edirsiz, cənab Usubov?
Əlbəttə ki, onun iradəsi olmasaydı, siz bu gənci, hakimiyyətdəkilərin eyni zamanda hamısının bir yerdə sevə biləcəyindən vətənini artıq sevən, azadlığı üçün çəkdiyi sitəmlərə uf deməyən bu vətəndaşı bu şəkildə iyrənc formada həbs etməz, cinayət işi açmazdılar. Bəli, Əliyev sizi bir kərə uyarsaydı, belə eləməzdiniz. Ama bir şey var, inanmıram ki, məhz bu dəfə Əliyev şəxsən göstəriş verib ki, Dəyanət Babayevi ilişdirib tutun. Deməyib. And içərəm ki, deməyib. Elə isə, təsəvvür eləyin, Dəyanətin bu şəkildə saxlanılmasını bilən avropalılar sizin uçan quşdan da guya qorumağa çalışdığınız prezidentə necə baxacaqlar. Hələ indiyə kimi olan baxışları bir yana qoyuram. Bu məsələ çox özəldi. Onunla ki, dəhşətli dərəcədə iyrəncdi.
Adama qarşı sürülən ittihama baxın: gecə vaxtı küçədə oğurlanarkən “parlament buraxılsın” və “istefa” deyib, zəhmətkeşlərin istirahətinə mane olub. Hələ üstəlik, guya özünü polis kimi təqdim edən Tofiq Səlimov adlı şəxsə xəsarət yetirib. Qardaş, axı narahatçılığa qalanda, beş-on adamı yox, bütün xalqı narahat eləyən qanunları çeynəyən rejimdi. Özünüz də bunu rəsmən yazıb bütün daşa-divara yapışdırmısız: “Müvəqqəti narahtçılığa görə üzr istəyirik”. Ancaq bu narahatçılıq müvəqqəti, keçici deyil. Bitib-tükənmir, gecə-gündüz davam edir. Artıq bu ölkədə yaşayan bütün vətəndaşlar, illah da sürücülərin bu müvəqqəti narahatçılıqdan əsəbləri korlanıb, sinirləri sim kimi sızıldayır, başlarına hava gəlir. Bu narahatçılığın doğurduğu əsəbdən deyilmi hər gün baş verən onlarla dəhşətli qəzalar?
Dəyanət dəli deyil ki, polisləri bu adam oğrusundan qurtulmaq üçün çağırarkən “istefa” qışqıra. Niyə bu qədər gülünc işə qol qoyursunuz? Ayıbdı, vallah. Şəxsən bir general bunu özünə necə rəva görə bilər? Məgər Dəyanəti həbs etməklə bir şeyə nail olmaq mümkünmü?
Inanın ki, hətta o polisi yardıma çağıranda “istefa” qışqırmış olsaydı belə, yenə də kimsəni narahat eləmiş olmazdı. Çünki indi bu ölkənin vətəndaşlarının 99 faizi eyni şeyi düşünür, küçədə, yolda, avtobuslarda ancaq bu söhbətlər gedir və artıq kimsə bunları ucadan deməkdən qorxmur. Bunları yaxşı bilirsiniz. Insanların arasında dolaşan “qulaqlarınız” bunları sizə çatdırmamış olmaz. O ucadan danışanların meydanlara axışmamağı isə hələ o demək deyil ki, kimsə belə düşünmür. Bunun da öz zamanı və şərtləri var. Inanın ki, iyrəncliklər bir gün bunu da doğuracaq. Onda belə çıxır ki, siz 9 milyonun 99 faizini həbs etməlisiz. Yəni yerdə qalan bir faizin rahatlığını pozduqlarına görə.
Bəli, məsələ aydındı. Bu ölkədə dövlətin, onun təhlükəsizlik orqanlarının dərdi yalnız o bir faizin rahatlığıdı…
Cənab general, ölkəni narahat edən gecə küçədə səslənən “istefa” sözü deyil. Minlərlə daha betər narahatçılılar var Azərbaycanda. Ancaq ölkəni həm də o narahat edir ki, yardım üçün üz tutduğu polis sonunda onun özünü borclu çıxarır…
Hər şey bir yana. Nə üçünsə mənə elə gəlir ki, Dəyanəti sərbəst buraxacaqlar. Ayrı cür mümkün deyil. Yaşayaq, görək…

Dəyanəti sərbəst buraxacaqlar
•
•