Meksikadakı heykəl qalmaqalı dünayaya nəyin mesajıdır?
Meksikada Heydər Əliyevin heykəlinin götürülməsi qərarı kifayət qədər ciddi mətləblərdən xəbər verir. Söhbət, yalnız bir diktatorun heykəlinə olan münasibətdən getmir. Artıq bütün dünya təkcə bu rejimlərə yox, onlara dəstək verənlərə də qarşı prinsipial, sərt mövqe sərgiləyir. Ölkələr diktatorları özlərinə yaxın buraxmamaqla kifəyətlənmir, onlarla hər hansı əlaqə quranlara, bu rejimlərə jest edənlərə də qarşı çıxır.
Xatırlayırsınızsa, Qəzzafinin ölümündən sonra Avropa mətbuatı uzun müddət bu diktatorla yaxın əlaqədə olan avropalı liderləri kəskin tənqid etmişdi. Deməli, Meksikadakı heykəl qalmaqalı da birdən-birə ortaya çıxan tendensiya deyil.
AXCP sədrinin müavini Nurəddin Məmmədli hesab edir ki, artıq demokratik dünya bütün dövlətlərin bu dəyərə sahib olmasını istəyir: “Buş dönəmində dövlət katibi Kondaliza Rays Misir Universitetindəki çıxışında maraqlı bir fikir səsləndirmişdi. O demişdi ki, bu gün Amerikaya qarşı vuruşan, Birləşmiş Ştatların qorxulu röyasına çevrilən bütün radikal təşkilatları vaxtilə ABŞ maliyyələşdirib. Ona görə də, Amerika qlobal siyasətini dəyişməli, demokratiyanın inkişafına təkan verməlidir. Yəni bu gün dünyada iki böyük ideologiya qarşı-qarşıya durub. Bunun biri demokratik, ikincisi despotik rejimlərdir. Bu gün dünya birinci yolu seçib. Demokratik dövlətlər digər ölkələrin də demokratikləşməsini, insanların rifah içində yaşamasını istəyir. Bu, artıq dünyanın əsas modelidir. Bu gün diktatorlarla bir yerdə oturub-duranlar, onlarla əməkdaşlıq edənlər demokratiyanın düşməni hesab olunurlar”.
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir də baş verənləri yeni mərhələnin başlanğıcı kimi qiymətləndirir: “Indiyə qədər Islam ölkələrində diktatorların hakimiyyətdə olmasına dəstək verilirdi. Bu cür liderlər müdafiə olunur, onlarla açıq və ya gizli biznes ədaqələri qurulurdu. Bu gün isə demokratik dünyada dəyərlər dəyişib. Qərb dəyərləri olduğun kimi görünməyi tələb edir. Yəni sən üzdə demokratiyadan danışıb, o biri tərəfdə də Qəzzafi ilə qol-qola girə, onunla biznes əlaqələri qura bilməzsən. Ictimaiyyət artıq bunu öz hökumətindən tələb edir. Demokratik ölkələrdə də ictimaiyyətin fikirlərinə hörmətlə yanaşılır, onların tələbi nəzərə alınır. Çünki belə ölkələrdə hakimiyyətin ömrü xalqdan, onun verdiyi səslərdən asılıdır. 21 əsrdə 20-ci əsrin dəyərləri ilə yaşamaq mümkün deyil. 20-ci əsrdə avtoritarlar çox idi. Indi isə belə deyil. Dünya da dəyişir, dəyərlər də”.