
Burada Azad Suriya Ordusu qərargahının yerləşdiyi bildirilir
Suriyanın hərbi təyyarələri Türkiyə ilə sərhəddə Azad Suriya Ordusunun nəzarəti altında olan mövqelərini bombalayıb. Suriya tərəfinin iddialarına görə, həmin ərazidə Suriya müxalifət tərəfdarlarının qərargahı yerləşirmiş. Təxminən 1 saat davam edən bombardman zamanı çox sayda ölü və yaralananlar olub.
Qeyd edək ki, bu sərhəddəki ərazilərdən başqa Bəşər Əsəd tərəfdarlarının hərbi təyyarələri dünən Şam yaxınlığındakı Dəyr əl Asafir ərazisində oynayan uşaqları hədəf alıblar. Nəticədə 10 uşaq həlak olub.
***
Minlərlə suriyalı Türkiyə ərazisinə keçdi
Minlərlə suriyalı Suriya qırıcı təyyarələrinin sərhədyanı əraziləri atəşə tutmasından sonra Türkiyə ərazisinə keçib.
Türkiyə ilə sərhəddə yerləşən İdlib şəhəri atəşə məruz qalıb.
Daha əvvəl verilən məlumata görə, Suriya qırıcıları ölkənin Türkiyə ilə sərhədyanı ərazilərini atəşə tutub.
Ölənlər barədə, hələ ki, məlumat verilmir.


