Ərdoğan serial qalmaqalında

Baş nazir “Muhteşem Yüzyıl”ı tənqid etdi; “Validə Sultan” ona cavab verdi

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkə telekanallarından birində nümayiş olunan “Möhtəşəm yüzil” serialını tənqid edib. Ölkə müxalifətinin Osmanlını bu serialda göstərildiyi kimi tanıdığını deyən baş nazir məhkəmənin bu istiqamətdə atacağı addımları gözlədiyini deyib.
“Onlar əcdadımızı ”Möhtəşəm yüzil” serialında göstərildiyi kimi tanıyırlar. Biz elə bir Qanuni (Sultan Süleyman) tanımırıq. O Qanuninin ömrünün 30 ili at belində səfərlərdə keçib. Mən o serialların prodüsserlərini də, nümayiş olunduğu kanalın sahibini də pisləyirəm. Bu məsələdə lazımi instansiyalara xəbərdarlıq etməyimizə baxmayaraq, məhkəmənin də müvafiq addımlar atmasını gözləyirik. Bu dəyərlərlə oynayanlara millət tərəfindən hüquq çərçivəsində lazımi dərs verilməlidir”, – deyə Ərdoğan bildirib.
“Möhtəşəm yüzil” serialında keçən mövsüm Validə Sultanı canlandıran Nebahat Çöhrə baş nazir Rəcəb Tayyib Ərdoğanın serialla bağlı tənqidlərinə cavab verib. Aktrisa “Hürriyet”ə bunları deyib: “Bu, tarixi hadisələrdən yola çıxılaraq ssenariləşdirilən bir serialdır. Onsuz da əvvəlində bunun bir xəyal məhsulu olduğu ifadə edilir. Məncə burada məqsəd gündəmi dəyişdirməkdir. Məmləkətdə bu qədər problem varkən, bunu gündəmə gətirmək nəyə lazımdır, anlamadım.
Hər tarixçi fərqli bir “Osmanlı” izah edir. Nəticə olaraq inkar edilə bilməyəcək bir hərəm həqiqəti var. Bu serialdakıların həqiqəti əks etdirdiyinə inanmırsa, əllərində çox böyük imkanlar var, bildikləri kimi bir serial çəksinlər, biz də izləyək”.