Qarabağ icması Söyün Sadıqovu vurdu

Rövşən Rzayev: «Söyün Sadıqovun Azərbaycana heç bir aidiyyəti yoxdur»

“Rusiya azərbaycanlılarının ”AzərRos” Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Söyün Sadıqovun ermənilərlə iş birliyi yaratmasına və bunu açıq şəkildə təbliğ etməsinə mənfi yanaşıram”.
Bu açıqlamanı APA-ya “Dağlıq Qarabağın azərbaycanlı icması” Ictimai Birliyinin üzvü Rövşən Rzayev deyib. R.Rzayev bildirib ki, S.Sadıxovun Azərbaycan Respublikası və bu ölkənin vətəndaşları adından danışmağa heç bir mənəvi və maddi səlahiyyəti yoxdur:”Söyün Sadıqovun Rusiya yaşayan azərbaycanlılarla ermənilər arasında münasibətləri normallaşdırılmasına cəhd etməsi və Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbbüslə çıxış etməsi kimi açıqlamaları, yalnız şəxsi maraqlar zəminində dəyərləndirilməlidir. Bundan başqa, onun əvvəllər də ermənipərəst açıqlamaları olub”.
R.Rzayev qeyd edib ki, S.Sadıqov Azərbaycanın ərazi bütövlüyünə nail olmaq istəyirsə, ilk növbədə Azərbaycanın bu məsələdəki siyasəti ilə tanış olmalı, bundan sonra addım atmalıdır:”Söyün Sadıqovun Azərbaycana heç bir aidiyyəti yoxdur. Məsələnin detallarına getmək istəmirəm. Yalnız onu qeyd edim ki, azərbaycanlıların ermənilərlə əlaqələrinin çözülməsi onun səlahiyyətlərinə aid məsələ deyil və azərbaycanlılar adından danışmağa mənəvi haqqı yoxdur”.