Qana aparan qarşıdurma

Iki il əvvəl – Milli Məclisə seçkilər öncəsi iqtidar bir “düşmənə” – “AXCP-Müsavat” blokuna qarşı vuruşurdu. Tayfanın qulluğunda dayanan TV-lər, fəxri ad, fəxri təqaüd, elmi titul, vəzifə və sairdən yana sinov gedənlər, yaltaqlığı özünə peşə sayan ziyalılar, danabaş məmurlar, kirvələri yüksək postlarda olan, tulapayına möhtac qəzet, sayt yiyələri və bu qəzet və saytların tumardan xumarlanan, cibxərci görəndə ağzının suyu axan yazarları müxalif düşərgəyə qarşı intensiv atəş açırdı.
Bu gün iqtidar üç cəbhədə savaş aparır. “Əzəli və əbədi düşmənlər” olan AXCP-Müsavatdan savayı Ziyalılar Forumu və Moskvada təzəcə yaranmış Rusiyanın Azərbaycan Təşkilatları Ittifaqı (RATI) da YAP “snayperlərinin” hədəfindədir. Indidən üç cəbhədə aparılan savaş və bu savaşın gündən-günə intensivləşməsi 2013-cü ilin Azərbaycan üçün çox zor keçəcəyindən xəbər verir. Bu müharibənin prezident seçkiləri öncəsi daha da qızışacağı şəksizdir. Və etiraf etmək lazımdır ki, belə davam etsə, 21 yaşlı AZƏRBAYCAN DÖVLƏTI bu qarşıdurmadan, bu savaşdan məğlub çıxacaq.
Ağlı başında olan hər kəs bilir ki, VƏTƏNDAŞ HƏMRƏYLIYI Azərbaycana – torpaqlarının 20 faizi düşmən işğalında qalan bir dövlətə hava və su kimi lazımdır. Hakimiyyət hərisliyi çox vaxt proseslərə real qiymət verməyə imkan vermir. Hakimiyyət hərisliyi həm də qana aparan qarşıdurmaya münbit şərait yaradır. Və bu münbit şəraitdən hər an yararlanmağa hazır olan KQB, PKK, ETTALAT, “Sadval” var Azərbaycanda.
Qan su yerinə axa bilər, qardaşlar. Dövlətə və dövlətçiliyə qarşı yönələn təhlükəni önləmək lazımdır. Bunu müxalifət də bilməlidir, iqtidar da. Hər kəs bilməlidir ki, torpaqları düşmən əsarətində fəryad edən, sərvətlərinə onlarla dövlətin gözü dikilmiş Azərbaycanın başına elə müsibətlər gətirilə bilər ki, sonra dizimizə döyməkdən başqa çarəmiz qalmaz.
Iqtidar bu qarşıdurmanı, üç cəbhədə apardığı savaşı dayandırmalıdır. Öz dərdimizi, öz problemimizi, öz narazılığımızı özümüz həll etməliyik. Və Ilham Əliyev dcvlüt başçısı olaraq öz vətəndaşlarını, soydaşlarını bir araya gətirib vətəndaş qarşıdurmasına gedən yolu bağlamalıdır.
Hər kəs razılaşar ki, bu gün dövlət üçün təhlükə mənbəyi nə Müsavat Partiyasıdır, nə də AXCP. Ziyalılar Forumu da bu günə qədər dövlət əleyhinə bir fikir səsləndirməyib. Moskvada yaradılmış “Milyarderlər ittifaqı”nı isə təsis edənlərdən biri Ilham Əliyevin qudası Araz Ağalarovdur, digəri Heydər Əliyevin və Ilham Əliyevin komandasında yüksək vəzifə tutmuş Abbas Abbasovdur, üçüncüsü, Bakıda milyonluq obyektlər sahibi Telman Ismayılovdur və kimsəyə sirr deyil ki, prezidentin əleyhinə gedən biznesmen Bakıda heç çayxana da aça bilməz, dördüncü milyarder isə Vahid Ələkbərovdur və onun da bu günədək Azərbaycan dövlət başçısını saya salmadığı barədə mətbuatda bir cümlə tapmaq mümkün deyil. Belə bir situasiyada nə müxalifəti, nə Ziyalılar Forumunu, nə də RATI-ni Ilham Əliyev üçün, DÖVLƏT üçün təhlükə mənbəyi hesab etməkdə məntiq görünür. Ağacı içindən qurd yeyir. Ilham Əliyevin və DÖVLƏTin düşmənləri rüşvətxor məmur ordusu, korrupsioner nazirlər və YAP-ın gerizəkalı məddahlardır. Bu zümrə cəmiyyətdə qarşıdurmaya meyillidir. Nədən ki, onlar cinayət yolu ilə əldə etdiklərindən məhrum olacaqlarından qorxurlar. Məhz o səbəbdən də nəyin bahasına olursa-olsun hər kəsin susmasını, susdurulmasını istəyirlər. Istəyirlər ki, dövləti dağıtmalarına rəğmən kimsə etirazını bildirməsin. Və ən müəmmalısı odur ki, Ilham Əliyev bu günə qədər dövlətin təməlini dağıdan canavarlardan birini belə neytrallaşdıra bilməyib.
Prezident seçkilərinə 11 ay qalır. Üç cəbhədə savaşa qərarlı olan rejim nəyə güvənir? Ən başlıcası, kiminlə vuruşur? Vətəndaşlarına qarşı düşmənçilik sərgiləyən bir iqtidar nə qədər haqlıdır? Və bu savşın sonu necə olacaq, kim qalib, kim məğlub olacaq?
Bu qarşıdurmada QAN görünür. Kaş ki, yanılaydım.