O, Vaşinqtonun ənənəsini pozmadı

Bir müddətdir ki, “Azadlıq”ın hər bazar günü buraxılışında Amerika prezidentləri barədə maraqlı məlumatları oxucularımızla bölüşürük. Daha dəqiq desək, Elşən Bayramzadənin “Amerika prezidentləri” kitabında müxtəlif dövplərdə Birləşmiş Ştatlara rəhbərlik etmiş şəxslər barədə yazılanları ixtisarla dərc edirik.

Tomas Cefferson (1801 -1809)

ABŞ-ın – Yeni Dünyada ilk burjuaziya respublikasının yaradılmasında Tomas Ceffersonun əvəzsiz xidmətləri olub. O, tarixə təkcə böyük siyasi xadim kimi deyil, eyni zamanda, filosof-humanist, maarifçi, linqvist, botanik, arxitektor, etnoqraf, paleontoloq kimi düşüb. Bəziləri onu hətta “Amerikanın Leonardo da Vinçisi” adlandırırlar.

“Şedvil”dəki yanğın…

T.Cefferson 13 aprel 1743-cü ildə Virciniya ştatında, varlı plantator ailəsində dünyaya gəlib. Yaşlı vaxtında yazdığı memuarlarda, əcdadlarının Uelsdən gəldiyini bildirir.
Uşaqlığı atası Piter Ceffersona məxsus Şedvil malikanəsində keçib. Ailənin böyük oğlu olduğundan, atası onun təhsilinə ciddi fikir verib. Çünki Virciniya plantatorları feodal Avropa ənənələrinə sadiq qalaraq, böyük oğlu əsas varis hesab edirdilər. Balaca Tomas 5 yaşından xüsusi müəllimlər yanında sistemli təhsil alırdı.
1757-ci ildə Tomas atasını itirir. Atasının vəsiyyətnaməsinə əsasən, ona 3000 hektar torpaq sahəsi və 60 qul miras qalır. Lakin Cefferson təhsilini davam etdirmək niyyətilə “Şedvil”i tərk edərək Uilyamsburqa gəlir. Burada o, virciniyalıların fəxri sayılan nüfuzlu “Uilyam and Meri” kollecinə daxil olur. Bu kollec din, hərb, tibb və hüquqşünaslıq sahələrində mütəxəssislər hazırlayırdı. Tomas tərəddüd etmədən vəkil olmağı qərara alır.
1763-cü ildə təhsilini bitirən Cefferson dostu və müəllimi, professor Corc Uaytın hüquq kontorunda fəaliyyətə başlayır və tezliklə böyük uğur qazanır. Virciniyanın varlı plantatorları onun müştərilərinə çevrilirlər. Cəmiyyətdə böyük nüfuz qazanan gənc Tomas 26 yaşında Virciniya qanunvericilik məclisinin üzvü seçilir.
1770-ci ildə Şedvil malikanəsində yanğın baş verir. Yanğın onun evilə birlikdə, zəngin kitabxanasını da məhv edir. Bu  ərəfədə o, gənc dul qadın Marta Skeltonla tanış olur. 1772-ci il yanvarın 1-də onlar evlənir. Bu nikahdan beş övladları olsa da, onların yalnız ikisi sağ qalır.

Qaradinməz deputat…

Ceffersonun siyasi fəaliyyətə başlaması müstəmləkələrdə anti-ingilis əhval-ruhiyyələrinin gücləndiyi dövrə təsadüf edir. O, müstəmləkələrin azadlıq hərəkatında fəal iştirak edərək, 1775-ci ildə Virciniyada əlaqələndirici Komitənin yaradıcılarından olub. Cefferson 1775-ci ildə Kontinental Konqresə üzv seçilir. Qeyd edək ki, natiqlik bacarığının olmaması ona “qaradinməz deputat” imici qazandırmışdı.
1776-cı ilin iyununda Kontinental Konqresdə Istiqlaliyyət haqqında Bəyannamə hazırlamaq üçün B.Franklin, C.Adams, C.Dikkinson, E.Livinqston və Ceffersondan ibarət komissiya yaradılır. Komissiya üzvləri tərəddüd etmədən bu işi Ceffersona həvalə edirlər. O, layihə üzərində 17 gün gərgin işləyərək, Adams və Franklinin xırda düzəlişlərindən sonra onu Konqresə təqdim edir. Layihə uzun sürən müzakirələrdən sonra 4 iyul 1776-cı ildə qəbul edilir. Bu, T.Ceffersonun siyasi arenada ilk böyük qələbəsi idi. Şedvildə baş vermiş yanğından sonra öz layihəsi əsasında tikilmiş Montiçello malikanəsinə qayıdan Cefferson Virciniya parlamentində fəaliyyətini davam etdirir.
1779-cu ildə Tomas Cefferson yenidən fəal siyasi mübarizəyə başlayır. Bu dəfə o, Virciniya ştatının qubernatoru vəzifəsinə – ştatın ali siyasi hakimiyyətinə iddialı olduğunu bildirir. Gərgin keçən seçkilərdə dostu Peynə qalib gələrək qubernator olur. Bu vəzifəni tutmaqda onun əsas istəyi azadlıq uğrunda dinc mübarizəni davam etdirərək, seçki hüququnu təkmilləşdirmək, təhsil sistemini yaxşılaşdırmaq idi. Bu niyyətlə o, dini azadlıq haqqında qanun layihəsi hazırlasa da, bu layihə Virciniya ştatının qanunverici məclisi tərəfindən 7 ildən sonra – 1786-cı ildə C.Medisonun səyləri nəticəsində qəbul olundu. Bu günə qədər həmin qanun Virciniya ştatının Konstitusiyasının dini azadlıq haqqında müddəasının əsasını təşkil edir.
Bəzi hərbi problemlərin həllində qətiyyətsizliyi, ştatın müdafiəsini yaxşı təşkil edə bilməməsi onu 1781-ci ildə istefaya məcbur edir. Növbəti ildə ona daha bir bədbəxtlik üz verir – həyat yoldaşı Marta vəfat edir.

“Yeni Dünya Köhnə Dünyanın səfehliyindən mənfəət götürməlidir!”

Istefaya çıxdıqdan sonra Cefferson Montiçello malikanəsinə qayıdır. 1782-ci ilin axırlarında Filadelfiyadan gələn kuryer, Konqresin onu diplomatik missiya ilə Fransaya göndərmək fikrində olduğunu çatdırır. Lakin bu ərəfədə Fransadan Ingiltərə və ABŞ arasında razılıq əldə edildiyi xəbəri gəlir. Səfər yalnız 1784-cü ilin yayında baş tutur. 1785-ci ildə Konqres Ceffersonu ABŞ-ın Fransadakı səfiri təyin edir.
23 noyabr 1789-cu ildə Cefferson Parisdən vətənə qayıdır. Burada ona gözləmədiyi bir xəbər çatdırırlar: prezident Vaşinqton onu Dövlət katibi təyin etmək istəyir. Dekabrın 11-də o, bu məzmunda Vaşinqtonun şəxsi məktubunu alsa da, qəti cavab vermir. Nəhayət, 1790-cı ilin fevralında, xüsusən dostu Medisonun təkidlərindən sonra Cefferson dövlət katibi təyin edilməsinə razılıq verir.
Ceffersonun əsas məqsədi bütün müharibələrdən kənarda qalmaq, ABŞ-ın bitərəfliyini təmin etmək idi. O, yazırdı: “Yeni Dünya Köhnə Dünyanın səfehliyindən mənfəət götürməlidir. Onlar vuruşurlarsa, biz möhkəmlənməliyik”.

Luiziananı əldə etmək öz işini gördü…

1796-cı ilin əvvəllərində C.Vaşinqton bir daha prezident seçilmək arzusunda olmadığını bildirdi. Respublikaçılar bu vəzifəyə Ceffersonu namizəd göstərdilər. Ilin axırında keçirilən seçkilərdə federalistlərin namizədi Con Adams kiçik üstünlüklə (71:68) prezident seçilir, Cefferson vitse-prezident olur. Lakin Adamsla aralarında ciddi fikir ayrılığı olduğu üçün, ölkənin idarə edilməsində onun rolu nəzərə çarpacaq olmur.
1800-cü il prezident seçkilərində Aaron Burr və Cefferson federalistlərin nümayəndəsi Adamsdan çox səs toplayır. Lakin Burr və Ceffersonun topladığı səslər bərabər olduğundan, seçki Konqresin Nümayəndələr Palatasına keçirilir. Burada hər ştat, nümayəndələrinin sayından asılı olmayaraq, bir səslə təmsil olunur. Gərgin keçən seçkilərdə T.Cefferson prezident seçilir. Aaron Burr vitse-prezident olur.
4 mart 1801-ci ildə T.Cefferson inauqurasiya nitqi söyləyir. Bəziləri gözləyirdi ki, o, siyasi rəqiblərinə hücum edəcək, onların siyasətini tənqid edəcəkdir. Lakin bunun əvəzində o, ölkənin bütün siyasi qüvvələrini əməkdaşlığa çağırdı.
Cefferson maliyyə naziri və dövlət katibi vəzifələrinə əvvəlcədən nəzərdə tutduğu şəxsləri təyin edir. C.Medison Dövlət katibi, əslən isveçrəli olan Albert Qallatini isə maliyyə naziri təyin edilir.
Ceffersonun ilk prezidentlik dövründə əldə etdiyi ən böyük uğuru şübhəsiz ki, Luiziananı ABŞ-a birləşdirməsi olub. ABŞ dövləti 80 milyon frank ödəməklə Fransanın nəzarəti altında olan Luiziananı əldə edir. Bu isə ABŞ ərazisinin təqribən iki dəfə böyüməsi demək idi.
Əvvəlki prezident seçkisində verdiyi vədlərin heç də hamısını yerinə yetirə bilməməsi 1804-cü ildə Ceffersonun yenidən qalib gəlməsinə mane olmur. Luiziananın əldə edilməsi öz işini görmüşdü…
Hələ 1807-ci ildə Respublikaçılar partiyasının liderləri Ceffersona üçüncü dəfə namizədliyini irəli sürməyi təklif etmişdilər. Lakin Respublikaçıların lideri buna qəti etirazını bildirir. O, əsası Vaşinqton tərəfinndən qoyulmuş ənənəni pozmaq istəmir.

“4 iyul hələ başlamayıb?”

Istefaya çıxdıqdan sonra Montiçello malikanəsinə qayıdan eks-prezident maarifçilik fəaliyyətilə məşğul olub. 1919-cu ildə yaradılmış Virciniya Universitetinin binasının tikilməsindən tutmuş, tədris planının hazırlanmasına qədər bütün prosesə şəxsən özü rəhbərlik edib. Onun təşəbbüsü ilə universitetə Avropadan təcrübəli müəllim və alimlər dəvət olunmuşdu.
1826-cı ilin yazında Ceffersonun səhhəti pisləşir. O, əsasən yaddaşının pozulmasından, ayaqlarındakı  bərk ağrılardan şikayət edir. Mart ayında tərtib etdiyi vəsiyyətnaməsində bütün mülkiyyətinin qızı və nəvələrinə çatmasını, kitabxanasının isə Virciniya Universitetinə verilməsini istəyir. Iyunun 13-də qeydiyyat kitabçasına sonuncu qeydini edir. 3 iyulda Istiqlaliyyət haqqında bəyannamənin qəbul edilməsinin 50 illiyi ərəfəsində sonuncu dəfə “4 iyul hələ başlamayıb?”, – deyə soruşur. Bu onun dediyi son sözlər olur…
Ceffersonu həyat yoldaşı Marta və qızı Mariyanın qəbirləri arasında dəfn edirlər. Vəsiyyətnaməyə görə, qəbir daşının üzərində aşağıdakı sözlər yazılıb: “ABŞ-ın Istiqlaliyyət Bəyannaməsinin və Virciniya ştatının dini azadlıq qanununun müəllifi, Virciniya Universitetinin yaradıcısı Tomas Cefferson burada dəfn edilmişdir”.
Qəbirüstü yazıda onun tutduğu heç bir dövlət vəzifəsi qeyd olunmayıb…

P.S. Kitabı Bakıdakı kitab mağazalarından və Kitab Klubundan əldə etmək olar.
Telefon: 492-12-38, (050) 404-91-13