Çoxları elə bilirdi ki, Ilham Əliyev Sinqapura bu ölkənin inkişaf modelini öyrənməyə gedib, amma onların proqnozları düz çıxmadı. Möhtərəmin Sinqapur səfəri onun yenə “Inkişafın Azərbaycan modeli” haqqında danışması ilə yadda qaldı.
Belə çıxır ki, oğul Əliyev Sinqapuru iqtisadi tərəqqiyə götürən səbəblərlə tanış olduqdan sonra onların modelindən əlini üzüb. Məsələn, Sinqapurda korrupsiyaya görə ölüm hökmü tətbiq olunur. Ilham Əliyev bunu öyrəndikdən sonra başqa nə eləməlidir? Əlbəttə, öz modelimizdən danışmalıdır.
Təsəvvür edin ki, biz Sinqapur yolu ilə getsək, gərək ölkədə minlərlə baş bədənindən ayrılsın. Bu, yaptokratlara lazımdırmı? Heç adama da korrupsiyaya görə güldən ağır söz demək olar? Heç adam da oturduğu budağı kəsər? Balıq bəlkə də susuz yaşaya bilər, amma yaptokratiya korrupsiyasız – əsla! Qətiyyən!
Korrupsiya Azərbaycandakı rejimin məhək daşıdır, ayaqda qala bilmək səbəbidir. Bizdə ona bulaşanlara cəza yox, mükafat düşür. Nə qədər çox oğurlasan, o qədər yaxşı oğlansan. Nə qədər çox talasan, o qədər çox elə, obaya bağlısan, Azərbaycan oğlusan! Elə isə nəyimizə lazım Sinqapur modeli? Yaşasın, Azərbaycan modeli!
Mükafat demişkən, gələn il üçün prezidentin ehtiyat fondunun büdcəsini artırıblar. Azərbaycanda bu il üçün prezidentin ehtiyat fondu 300 milyon manat idi, növbəti ildə 347 milyon manat, yəni Gürcüstan prezidentinin ehtiyat fondundan 73 dəfə çox olacaq. Tanınmış iqtisadçı Qubad Ibadoğlu dünən bu mövzuda “facebook” sosial şəbəkəsində maraqlı bir məqama toxunub, hörmətli bəy yazıb ki, Gürcüstanda prezidentin ehtiyat fondu növbəti il üçün 50 milyon lari təklif olunubmuş. Yeni parlament isə 5 dəfə azaldaraq, onun 10 milyon lariyə və ya bizim pulla 4 milyon 741 min manata endirilməsinə qərar verib.
Nə isə, mövzudan çox uzaqlaşmayaq. Ilham Əliyevin ehtiyat fondu nəmənə şeydir, hansı qaynaqlar hesabına formalaşır, xərcləmələr hansı prinsiplər əsasında aparılır, hələ dəqiq bilən yoxdur, onun üzərinə qalın bir sirr pərdəsi çəkilib, heç bir hesabatlılıqdan, şəffaflıqdan söhbət getmir. Amma mən başqa məqama toxunmaq istəyirəm. Müşahidələr göstərir ki, bu ehtiyat fonddan daha çox prezident təqaüdləri, titullu adamlara maddi yardımlar üçün istifadə olunur. Bir növ, yaltaqlar, korrupsiyanın, oğurluğun, quldurluğun məddahları oradan ödülləndirilir. Nəzərə alsaq ki, qarşıdan 2013 prezident seçkisi gəlir, rejimin isə belə ödülləndirmələrə çox ehtiyacı olacaq, o zaman prezidentin ehtiyat fondundakı büdcə artımını başa düşmək olar.
Yeri gəlmişkən, təzəlikcə Qubad bəy 2013-cü ilin dövlət büdcəsi ilə bağlı maraqlı bir hesablama aparıb, ortaya çıxan rəqəmlər “Inkişafın Azərbaycan modeli”nin iç üzünü açıb gözlərimiz önünə sərir. Hörmətli iqtisadçımızın hesablamasına görə, gələnilki büdcəyə görə hər 100 manatdan:
– Müəllimlərə 3 manat 24 qəpik;
– Həkimlərə 1 manat 35 qəpik;
– Polisə 2 manat 88 qəpik;
– Alimlərə 56 qəpik;
– Ali məktəb müəllimlərinə və professorlara 0,2 qəpik;
– Gənclərə 0,1 qəpik;
– Tələbələrə 0,01 qəpik;
– Tikintiyə 35 manat pay düşəcək.
Mən heç bir əlavə şərh vermək istəmirəm. Kor-kor, gör-gör. Qoy bu sistemin əlində alətə, oyuncağa çevrilən, onun üçün seçkiləri saxtalaşdırmaq, mitinqçiləri əzişdirmək rolu oynayan, sistemin vintciyi və təkərciyi kimi çıxış edənlərin özləri yaptokratiyanın onlara hansı qiymət biçdiyini oxuyub qərarlarını versinlər. El dili ilə desək, “keçi qiymətinə” yaltaqlanmağa, haqlı etirazları boğmağa, üzə durmağa, cibə nəşə atmağa, ağa qara deməyə, qula çevrilməyə dəyərmi?
Dəyərmi?!

Korrupsiyaya bağlıyam, Azərbaycan oğluyam
•
•