Arxitektor səfirlər

ABŞ səfirinin bizim şanlı Naxçıvan xanlığına səfəri ilə bağlı bu günlərdə yayılan məlumatları, ardınca isə səfirliyin bunu təkzib edən bəyanat yaymasını yəqin unutmamısınız. Bəyanatdan görünürdü ki, cənab səfir həmin məlumatlardan xeyli məyus olub. Çünki bəzi KIV-lər xəbər yaymışdılar ki, səfir Riçard Morninqstar səfəri zamanı Naxçıvanda demokratiyanın inkişaf etdiyini bəyan edib. Halbuki Naxçıvanda demokratiyanın inkişaf etdiyini iddia etmək qatığa qara demək kimi bir şeydir və buna heç Naxçıvan xanı da inanmaz, bəlkə də bunu səfirin ironiyası və ona sataşması kimi qəbul edərdi…
Anlaşılmazlıq dərhal aradan qalxdı. Çünki cənab səfir belə bir söz demədiyini ciddi şəkildə təkzib etdi. Amma məsələnin bir tərəfi unuduldu. Azərbaycan cəmiyyəti ABŞ diplomatının adından yayılan o açıqlamaya çox da heyrətlənməmişdi. Çox da ciddiyə almamışdı səfirin adından yayılan açıqlamanı. Təəccüblənməmişdi o cür açıqlamaya. Ağ yalan olsa da. Çünki bizim cəmiyyət səfirlərdən, xüsusən ABŞ səfirlərindən yanlış açıqlamalar, yanlış addımlar çox görüb.
Ötən illər ərzində onlar “demokratiya yolunda irəliyə doğru addım” kimi əsassız bəyanatlardan çox veriblər. Ölkəmiz isə bu sahədə daha da geriyə gedib…
Cəmiyyətimiz onların saxta seçkilərə, qanunsuzluqlara, insan haqlarının pozulmasına gerçək qiymət verməkdən yayındığını çox görüb, çox eşidib…
Azərbaycan cəmiyyətində səfirlərin heç yaxşı obrazı yoxdur. Bəlkə də Norveçin keçmiş səfiri Steynar Gil olmasaydı, xalqımız onlara ucdantutma alverçi, satqın, əli bizim oğru hakimiyyətin cibində olan adamlar kimə baxardı.
Riçard Morninqstar kimi təcrübəli bir insan bunu bilməli, ölkəsinə və özünə inamı tam qaytarmaq üçün cəmiyyətə izah verməlidir ki, o, Eskuderonun yolu ilə getməyəcək. Bəyan etməlidir ki, o, səfirlik müddəti bitdikdən sonra Azərbaycan hakimiyyətinin yaratdığı münbit şəraitdə bizneslə məşğul olmayacaq. Eskudero tək deyil axı, Metyu Brayza da var.
Başa düşürük, səfirlərin səfərləri lazımlıdır. Onlar yerlərdəki fəallara, hüquq müdafiəçilərinə, fərqli fikirli insanlara dəstəkdir. Amma bu səfərlərə də cəmiyyətdə etimad və inam yoxdur. Çünki səfirlərin özlərinə inanmırlar bizim ölkədə.
Hətta sabah məlumat yayılsa ki, səfir Riçard Morninqstar da Ilham Əliyev kimi Avropa dövlətlərini demokratiya məsələlərində Azərbaycandan nümunə götürməyə çağırıb, kimsə təəccüblənməz. Çünki köhnə təcrübə öz işini görüb.
Mən bu mövzuya niyə qayıtdım? Çünki Riçard Morninqstar yeni səfirdir, ondan yeni gözləntilər olduğunu bilir, amma köhnə tarixçələrin də onu qarabaqara izlədiyini bilməlidir. Bizim ölkədə o, ABŞ-ın yeni səfiri olmaqdan daha çox, Eskuderonun və Brayzanın davamçısı kimi qəbul edilir. Hətta onun adından yalan açıqlamalar olmasa belə, bir çox adamlar elə sanır ki, əgər ABŞ səfiri Naxçıvana səfər edibsə, deməli, orada demokratiyanı və inkişafı tərifləmiş olar.
…Bir də Azərbaycanda olan bütün səfirlər bir şeyi anlamalıdır. Siz arxitektor deyilsiniz, turist də gəlməmisiniz buraya, axı niyə əl çəkmirsiniz Bakının və digər şəhərlərimizin gözəlləşməsi mövzusundan? Nə zaman danışırsınız, söhbəti bundan başlayırsınız. Heyran-heyran söz açırsınız. Başqa söhbətmi yoxdur? Başqa dərdmi yoxdur? Biz bilirik, Bakı və Naxçıvanda neft pullarından xərcləyib bəzi abadlıqlar yaradılıb, yaxşı pul da yeyiblər bu abadlıqların adı ilə. Bəs bu abadlıqların arxasında gizlənən acı həqiqətlər? Deyə bilmirsiniz, ayrı məsələ. Onda abadlıqları tərifləyib, qəlbləri niyə çirkləndirirsiniz? Sizə arxitektorluq etmək bu qədərmi vacibdir? Sizin missiyanız bu deyil axı.