Təhsil Nazirliyinə qarşı yeni ittiham

Əlövsət Osmanlı: “Belə çıxır, respublikanın ən yaxşı müəllimləri 60-70 məktəbdə cəmləşib”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə təhsil naziri Misir Mərdanovun bostanına yenə daş atdı. APA-nın məlumatına görə TQDK-nın 20 illiyi münasibətilə dünən keçirilən dəyirmi masada komissiya sədri belə deyib: “Hər il prezident İlham Əliyevin sərəncamı ilə “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəbi” seçilir. Ancaq təəssüflər olsun ki, çox az halda “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəb”ini TQDK-nın təşkil etdiyi imtahanlarda yüksək nəticə göstərənlər siyahısında görmək mümkün olur. TQDK hər il qəbul imtahanlarının nəticələrini açıqlayır. Yüksək nəticə göstərən məktəblərlə bağlı statistik məlumatların siyahısı rayonların hər birinə təqdim edilir. Amma gəlin görək həmin məktəblər arasında fərmana əsasən “İlin ən yaxşı məktəbi” seçilənlər varmı? Buna çox az halda rast gəlmək olur. TQDK tərəfindən keçirilən qəbul imtahanlarında hansısa parametrlər yoxlanılır. Bəlkə “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəbi” seçilərkən təhsil təşkilatlarının bu göstəriciləri yox, başqa məsələlər nəzərə alınır, bunu bilmirəm”. Məsələyə təhsil eksperti, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı münasibət bildirib. Onu oxucuların diqqətinə çatdırırıq.
“Doğrudan da bu, Təhsil Nazirliyi üçün çox utancverici məsələdir. Məktəbin yaxşılığını xarakterizə edən əsas parametrlərdən biri, bəlkə də birincisi qəbul imtahanlarındakı göstəricidir. Necə ola bilər ki, “İlin ən yaxşı məktəbi”nin bu göstəticisi aşağı olsun? Onda bunun nəyi yaxşı məktəb oldu? Belə çıxır ki, Təhsil Nazirliyi üçün əsas parametr məktəbin qəbul imtahanlarındakı nailiyyətləri yox, tamam başqa şeylərdir…
“İlin ən yaxşı müəllimi” müsabiqəsi də onun kimi. Bu müsabiqənin keçirilmə qaydalarına baxanda adamı dəhşət bürüyür. Müsabiqə iştirakçısı statusu almaq üçün qoyulan bəzi əndrəbadi şərtlərə diqqət yetirin:
– azı beş il pedaqoji iş stajına malik olmaq;
– təcrübə mübadiləsi məqsədilə digər ölkələrdə təşkil edilmiş müvafiq kurs(lar)da iştirak etmək;
– mətbuatda metodiki məqalələrlə çıxış etmək və tədris vəsaitlərinin müəllifi olmaq.
Sual olunur: “azı beş il iş stajına malik olmaq” tələbinin məntiqi əsası nədir? Ola bilməzmi, üç il işləyən gənc bir müəllimin yaxşı göstəriciləri olsun? Məsələn, təlim prosesində müasir texnologiyalardan geniş və səmərəli istifadə etsin, dərs dediyi şagirdlər ali məktəblərə yüksək ballarla qəbul olunsun və s. Ona necə demək olar ki, sən iki il də gözləməlisən? Bu, haqq-ədalət prinsipinin pozulması deyilmi?! Digər tərəfdən, müəllim özbaşına xarici ölkələrdə keçirilən kurslarda necə iştirak edə bilər? Bunun üçün nazirliyin xüsusi əmri olmalı deyilmi?! Özündən asılı olmayan bu “göstəricinin” müəllimin qarşısına şərt kimi qoyulması hansı məntiqə sığır?
İndiyədək 400 nəfərə “İlin ən yaxşı müəllimi” adı verilib. Deyin görüm, onlardan neçəsinin metodik vəsaiti var? Bu vəsaitlərin ölkə təhsilinə xeyrı nədən ibarətdir? Onlardan respublikamızın neçə müəllimi bəhrələnib? Yalan-yanlış 15-20 səhifəlik test kitabçası düzəltdirib 50 nüsxə tirajla çap etdirərək “müsabiqəyə” təqdim etmək, məgər “metodik vəsaitim var” – deməkdir?..
Həmin müsabiqə zamanı “video dərslər”in nümayişi də nəzərdə tutulur. Onlardan bircəciyini görən olubmu? Niyə nazirlik şəffaflığı təmin etmək məqsədilə onları öz saytlarında yerləşdirmir ki, millət də bunu görüb bərəkallah desin?! Belə olsa, digər müəllimlər də həmin “video dərslərə” baxar və onlardan nəsə öyrənər. Yüzdə yüz deyirəm: Təhsil Nazirliyinə şəffaflıq lazım deyil. Çünki şəffaflıq olarsa, bütün paxırlar üzə çıxar. Görün bu qurum şəffaflqdan necə qorxursa, hətta müsabiqə qaliblərinin hansı məktəblərdə çalışdıqlarını bir yerdə belə göstərmir. Çünki elə məktəb var ki, orada 7, 8, hətta 10 nəfər “İlin ən yaxşı müəllimi”dir. Belə çıxır, respublikanın ən yaxşı müəllimləri 60-70 məktəbdə cəmləşib, yerdə qalan 4500 məktəbdə isə yaxşı müəllim yoxdur. Onda bunun nəyi təhsil oldu? Nəyi yarış-müsabiqə oldu?
Bakıda 164 nömrəli məktəb var. Onun direktoru Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirovun həyat yoldaşıdır. Birincisi, həmin məktəbə bir neçə il öncə “İlin ən yaxşı məktəbi” adı verilib. İkincisi isə həmin məktəbdə nə az, nə çox, düz 10 nəfər “İlin ən yaxşı müəllimi”dir. Hələ orada çalışan əməkdar müəllimləri, yaxud digər ad və mükafatları alanları demirəm. Bunun səbəbi görəsən nədir?! Yuxarılarda bir araşdıran da yoxdur ki, bu məktəbin əlahiddəliyinin “sirrini” öyrənə. Hətta deyilənə görə, elə “qalib” müəllimlər var ki, onların son illərdə bir şagirdi belə ali məktəbə daxil olmayıb. Nə isə… Allah axırından saxlasın!