Onların düşməni niyə bizim dostumuz olmur?

İlham Əliyev YAP-ın 20 illiyində demokratiyaya dair Azərbaycan nümunəsindən danışmışdı, bundan iki gün sonra Qazaxda yaşayan şair Bəxtiyar Hidayətin yeni çapdan çıxan kitabı satışdan yığışdırıldı. Müəllifə elə belə də deyiblər: “kitabda hökumət əleyhinə şeirlər olduğuna görə”.
“Azadlıq” radiosunun əməkdaşına kitabın satışından imtina edən “Akademkitab”ın əməkdaşı da bunu əsas göstərmişdi.
Mən o kitabın redaktoruyam. O kitab yalnız siyasi məzmunlu şeirlərdən ibarət deyil.
Siyasi məzmunlu şeirlərdə də yalnız hökuməti tənqid notları yoxdur, müxalifəti də sancmalar var. Amma müxalifət partiyasının (AXCP) Gənclər Komitəsi kitabın təqdimatını keçirdi. Rejim isə onu yasaqladı. Bu, aradakı zehniyyət fərqidir. Və guya ölkədə siyasi sistem dəyişməyincə heç nəyin dəyişməyəcəyi barədə danışan zəvzəklərə yaxşı cavabdır.
Bütün reallıq hissini itirmiş möhtərəmin Avropaya demokratiya dərsi verməyə qalxmasında mən təəccüblü heç nə görmürəm, onları demokratiya məsələsində Azərbaycandan nümunə götürməyə çağırmasında da. Əsas odur ki, belə populizmin artıq yaşamaq, ayaqda qalmaq, ayaq tutub yerimək şansı yoxdur. Bu gün Avropaya sərbəst toplaşmaq azadlığı ilə bğlı dərs keçirsən, elə sabahı gün hansısa piketdə öz polislərin bir müxalifət funksionerinin (özü də qadın ola-ola!) qolunu sındırır və əlavə sözə ehtiyac qalmır. Özün özünü ifşa etmiş olursan.
Vəziyyət indi məhz bu yerdədir: artıq bizim ifşaedici yazılarımız olmadan da ifşa prosesi gedir, həm də yaptokratların özləri tərəfindən.
Son kitab yasağı da bu mənada sistemin özünüifşası idi, həm rejimin birinci adamının dilindən ölkədə söz azadlığının təntənəsi haqqında danışılır, həm də dərhal “hökumət əleyhinə şeirlərə görə” hansısa kitab satışdan yığışdırılır.
Biz ilk dəfə deyil ki, kitaba bu cür düşmən münasibətlə üzləşirik, son vaxtlar Xaliq Bahadır və Əli Əkbərin kitabları ilə bağlı da oxşar vəziyyət yaranmışdı, həmin kitablar da yasaqla üzləşmişdi. Hələ kitabxanaların kababxanaya çevrilməsini demirik. Elə “Akademkitab”ın özünün satılmasını xatırlamaq kifayətdir.
Bəli, bunlar kitabdan qorxurlar. Kitab – aydınlanma deməkdir, işıq deməkdir. Bunlar isə işıqdan qorxurlar, aydınlıqdan qorxurlar, çünki oğrular qaranlığı sevərlər. Qaranlıqda gələrlər yağmalamağa.
Bunlar kitabdan bu qədər qorxarkən bizə düşən kitablardan daha möhkəm yapışmaqdır. Bir halda ki, kitab bunların düşmənidir, o zaman bizim dostumuz olmalıdır. Bizim mübarizəmizin ən vacib silahlarından birinə çevrilməlidir.
Inanın, hətta Heydər Əliyevin kitablarını oxumaq da ümumi işə faydalıdır, onlar bizə rejimi daha yaxşı tanımaq imkanı verir, onun bizə kodlarını açır. Mən son vaxtlar aydın başa düşmüşəm ki, bir çox adamların söhbətlərdən xəbəri yoxdur, ümumi vəziyyəti düzgün qiymətləndirə bilmirlər, necə iyrənc sistemlə üz-üzə olduğumuzdan xəbərsizdirlər, ona görə də bəzən bir neçə sutkalıq həbsdən, polis yumruğundan, hədə-qorxudan sonra sarsılır, tədricən başqalaşırlar.
Mübarizəyə hazırlıqsız adamların qoşulması xeyirdən daha çox zərər verir. Onlar rejimə nifrətlərində, qəzəblərində səmimi ola bilərlər, amma hazırlıqlı olmamaları axırda özlərini də, ümumi işi də pis vəziyyətdə qoyur.
Çıxış yolu – kitablardadır. Oxumaq, oxumaq, yenə də oxumaqdadır.
Bütün kitablar bu sistemə qarşıdır, bu cür sistemlərə qarşıdır. Hətta Heydər Əliyevin öz kitabları da.
Kitablar bizə vəziyyəti düzgün qiymətləndirməyə, zəifliyimizi elə üstünlüyə çevirməyə imkan verir. Bizə qarşımızdakı düşməni daha yaxşı tanımaq və ona daha dəqiq zərbələr endirmək imkanı tanıyır.
Siz bir dənə də inqilab göstərə bilməzsiniz ki, o, kitabsız başlasın və məntiqi sonluğuna çatsın.
Bunu yaptokratlar belə, bilir və kitabı düşmən kimi görür, kitablara yasaq gətirir, kitabxanaların kökünü kəsir, amma biz düşmənimizin düşmənini dosta çevirməkdə gecikirik. Kitabı mübarizəmizin ən əsas komponentlərindən, ən ciddi silahlarından birinə dönüşdürməkdə yubanırıq.
Axı doğrudanmı, bunların kitaba belə ürkək münasibəti hələ də sizə heç nə demir? Doğrudanmı, bunların kitaba, bilgiyə, maarifçiliyə, təhsilə bu cür nifrətindən aydın deyil ki, biz onlara qarşı nələrlə silahlanmalıyıq?