MTN-nin keçmiş şefi Mahir Abdullayevlə bağlı niyə danışmaq istəmir?
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasovun adından Mahir Abdullayevin işilə bağlı açıqlama yayılıb. Modern.az-ın xəbərinə görə, Özbəkistanda yaşayan jurnalist Aida Eyvazlı bildirib ki, o, Mahir Abdullayevin işilə bağlı Namiq Abbasovun münasibətini öyrənib:
“Əvvəllər mən Azərbaycanda kriminal mövzularda verilişlər və yazılar hazırlayırdım. Ona görə də indi belə xəbərlər KIV-də yayılandan sonra jurnalist marağı üstün gəldi, Namiq Abbasovdan məsələyə münasibətini soruşdum. O qeyd etdi ki, Mahir Abdullayev adlı adamla heç vaxt üz-üzə gəlməyib. Dedi ki, belə bir köməkçisi də olmayıb. Namiq müəllim onu da əlavə etdi ki, adam oğurluğu ilə bağlı cinayət işi o zaman Milli Təhlükəsizlik Nazirliyinə aid məsələ olmayıb”.
Namiq Abbasovun bu fikirləri qəribə görünür. Tutaq ki, Mahir Abdullayev onun köməkçisi olmayıb. Amma axı o, MTN-də çalışıb və özü də sıravi əməkdaş yox. Bu baxımdan inandırıcı deyil ki, Namiq Abbasov öz işçisini tanımasın. Digər tərəfdən Mahir Abdullayev itkin düşəndə bu məsələyə ilk münasibət bildirənlərdən biri də Namiq Abbasov olub. MTN-nin sabiq şefi Mahir Abdullayevin itkin düşməsini “çox qaranlıq məsələ” adlandırıb. Mahir Abdullayevin itkin düşməsi faktı ilə vaxtilə araşdırma aparmış tanınmış hüquqşünas, “Femida 007″ qəzetinin baş redaktoru Əyyub Kərim də rəhbəri olduğu qəzetdə Namiq Abbasovun bu fikirlərini dərc edib. Bundan əlavə Əyyub Kərim ”Azadlıq”a müsahibələrində Namiq Abbasovun Mahir Abdullayevlə bağlı məsələdən məlumatlı olduğunu iddia edib. Görünür, Namiq Abbasov Mahir Abdullayevlə bağlı məsələnin hara dirəndiyini yaxşı bilir. Bu baxımdan da ümumiyyətlə bu mövzuda danışmaq istəmədiyi üçün Mahir Abdullayevi tanımadığını deyir.