Əliyev və Sərkisyanın Paris görüşü nəticəsiz qalacaq

Elxan Şahinoğlu: «Əks halda Moskva belə bir görüşün keçirilməsinə imkan verməzdi»

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlayır. Bu barədə Ermənistanın “Coxovurd” qəzetinə istinadən Modern.az saytı məlumat yayıb. Qəzet diplomatik mənbələrə istinadən prezidentlərin dekabrın sonunda Parisdə bir araya gələcəyini və Minsk qrupunun yeni təqdim olunmuş təkliflərini müzakirə edəcəklərini yazır. Qəzetin yazdığına görə, həmsədrlərin regiona səfərinin məqsədlərindən biri məhz bu görüşün keçirilməsinə razılıq əldə etməkdir.
Bundan başqa, həmsədrlər Qarabağ münaqişəsinin həlli üçün tərəflərlə yeni təklifləri müzakirə etmək niyyətindədirlər. Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Saakaynla görüşən həmsədrlər dünən Irəvana gedib. Bazar ertəsi isə onlar Bakıda olacaqlar.
Qeyd edək ki, Medvedevin prezidentliyi dövründə Rüsiya tərəfinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentinin bir neçə dəfə görüşləri keçirilmişdi. Lakin Putin dövlət başçısı seçiləndən sonra Kreml belə bir təşəbbüsdə maraqlı görünmədi. Daha sonra Avropa Birliyinin münaqişənin həlli istiqamətində təşəbbüsü ələ almaq niyyətində olması ilə bağlı fikirlər yarandı. Belə olan halda Parisdə prezidentlərin görüşü baş tutacağı təqdirdə hansı nəticələr gözləmək olar?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu görüş baş tutacağı təqdirdə real nəticənin gözlənilmədiyini bildirdi.
Ekspertin sözlərinə görə, bölgəyə səfər edən həmsədrlər yeni ideyalarla çıxış edəcəyini desə də, son 20 ildə artıq bütün təkliflər xərclənib. Ona görə yeni ideyalar gözləmək olmaz. Digər tərəfdən, Rusiya prezidenti Putin münaqişənin həllində maraqlı deyil. Amma bu o demək deyil ki, Moskva münaqişənin həllində seyrçi mövqedə qalacaq.
Ekspertin fikrincə, Rusiya prosesi nəzarətdə saxlayır və yeni ideyaların olmadığından xəbərdardır. Əks halda belə bir görüşün keçirilməsinə imkan verməzdi. Çünki Parisdə ortaya yeni ideya qoyulsa və tərəflər onu qəbul etsə, bu, Moskvanın maraqlarına zidd olar. Ancaq Rusiya danışıqların dalana dirəndiyini bilir. Bu səbəbdən də Paris görüşündən real nəticə gözlənilmir.
Fizzə