Azadxeber.org saytının verdiyi xəbərə görə, bu gün Gəncə şəhərində 200-ə yaxın inanclı Tasua günü ilə əlaqədar yürüş ediblər.
Gəncənin Şah Abbas Məscidinin önündə toplaşan dindarlar İmam Hüseynın şəhadəti ilə əlaqədar yürüş etmək istəyiblər.
Bölgə müxbirinin verdiyi xəbərə görə, polislər və mülki geyimli şəxslər səhər saatlarından etibarən Şah Abbas məscidini mühasirəyə alıblar. Yürüş başlar-başlamaz polis əməkdaşları və çevik polis alayı dindarlara hücum edərək onlara fiziki təzyiqlər göstəriblər. Çevik polis alayı və mülki geymli şəxslər dindarları döyərək xidməti maşınlara mindiriblər.
Saytın müxbiri Rəşad Hüseynov çəkiliş zamanı fiziki təzyiqlərə məruz qalıb. Jurnalisti döyən polislər hadisə yerindən reportaj hazırlayan müxbirin əlindən fotoaparat və jurnalist vəsiqəsini alıblar. R.Hüseynovun sözlərinə görə, 38 nəfər həbs edilib, 180 nəfər isə xüsusi kobudluqla ərazidən uzaqlaşdırılıb. Bölgə müxbiri Rəşad Hüseynov bildirir ki, hadisədən sonra polis bölməsinə yaxınlaşıb. Jurnalist şəxsi fotoaparatını və jurnalist vəsiqəsini istəyib. Bu zaman adını gizlədən polis bölməsinin əməliyyat müvəkkili “sənə heç nə verilməyəcək, get kimə istəyirsən de” söyləyib.


