DIN-ə, MTN-ə təşəkkür

“Interfaks”ın verdiyi məlumata görə, Irəvanın “Zvartnos” aeroportuna gedən yolda Ermənistan prezidentinin maşın karvanına qarşıdan gələn bir avtomobildən atəş açılıb. Sərksiyanın mühafizə xidmətinin rəisi Qraç Arutunyan bildirib ki, atəşi Eçmiədzin şəhər sakini açıb. Onun bu hərəkəti hansı məqsədlə etdiyi bəlli deyil.
Dərhal iki şey düşündüm.
Birincisi, iraq-iraq Azərbaycanda belə bir hadisə baş versəydi, ki verə bilməz, onda mütləq bu hadisə ermənilərə, ermənipərəst qurumlara, onların “dəyirmanına su tökən” yerli müxalifətə, Azərbaycanı və onun məğrur dövlət başçısını öz ləyaqətli yolundan döndərməyə çalışan imperialist qüvvələrə və onların havadarlarına aid ediləcək, bütün dünyaya hədə biçiləcəkdi.
Arutunyan isə səbəbin bəlli olmadığını deyir. Maraqlıdı, həmin Eçmiədzin sakininin Ermənistanda yaşayan qohum-əqrəbasının, bütövlükdə iydəyəninin kökü kəsiləcəkmi? Uşaqları orta və ya ali məktəbdən qovulacaqmı? Və ya orta məktəbdə oxuyan övladını xalq düşməninin oğlu kimi masğaraya qoyub, təxribata çəkib qana salaraq, yeniyetməliyini həbsxanada çürüdəcəklərmi? Qardaşını, atasını qondarma narkotik ittihamıyla həbs edib ailəni kor qoyacaqlarmı? Xəstə anasını yer üzündə kimsəsiz və yardımsız vəziyyətə salacaqlarmı?
Ermənistan dövlət televiziyaları, yaxud onların, şərti olaraq deyək ki, ErTv-si bir il gecə-gündüz şivən quracaqmı? Mənfur qüvvələri qarğımaq üçün küçələrdə zəhmətkeş xalq nümayəndələrinin dişinin dibində bir şey qoymayıb çıxaracaqmı?..
Bunları bilmək, yəni bundan sonra o eçmiədzinlinin başına gələcək hadisələri öyrənmək çox maraqlı olardı. Axı bizim hakimiyyət mənsubları Qərbin demokratiya, insan haqları ilə bağlı istənilən tənqidinə Ermənistanın adını dürtüşdürməklə reaksiya verir və ikili standartlara görə onları asıb-kəsirlər. Mən də sırf bu üzdən orada baş verəcəkləri maraq edirəm.
Düşündüyüm ikinci məsələ isə bu. Yazımın əvvəlində dedim ki, iraq-iraq bizdə belə bir hadisə baş verə və heç verə də bilməz. Erməni prezidentə qarşı tərəfdən gələn avtomobildən açılıb atəş. Bizdə isə prezident yola çıxarsa, hələ-hələ aeroporta gedərsə, o yolda quş-quşluğu ilə uça bilərmi? Necə bir avtomobil cəsarət eləyib ona qarşı gələ bilər? Bunun üçün gərək o avtomobili imperialist ermənipərəst qüvvələr qəfildən kosmosdan yola sallayalar. Hələ Azərbaycanda prezidentin haçansa keçəcəyi ehtimal olunan yolların necə uca hasarlarla qapanmasından danışmıram. Demək, Ermənistanda prezidentin keçəcəyi yollar (həm də ayrı-ayrılıqda üç ayrı yol) saatlarla bağlanmır, vətəndaşlara it zilləti verilmir.
Yeri gəlmişkən, görəsən sabah Azərbaycanda hakimiyyət dəyişsə və müxalifətin hər hansı bir nümayəndəsi prezident seçilsə, yenəmi yol biabırçılığı elə belə də qalacaq? Adamları usandırıcı gözləməyə məcbur edəcəklərmi? Inanmıram ki, bunu bilmək kiminçünsə maraqlı olmaya. Çünki bizi təkcə bu gün keçəcəyimiz deyil, sabah keçəcəyimiz yollar da maraqlandırır. Jurnalist həmkarımız Səbuhi Məmmədli danışırdı ki, Gürcüstanda bir tədbirdə olduğu günlərdə hər gün Kürün üstündəki körpüdə Saakaşvilinin maşın karvanıyla qarşı-qarşıya gəlirmişlər. O arada son dərəcə mədəni şəkildə polis onlardan cəmi 3 dəqiqə avtomobili saxlamağı xahiş edirmiş. O da nəsə əsaslı bir səbəbə görə.
Mən hələ çox sevinirəm ki, bu gün Azərbaycanda ata Əliyev hakimiyyətinin ilk illərində olduğu kimi Napoleonun daxili işlər naziri Fuşenin taktikası üslubunda dövlət başçısına yalançı sui-qəsdlər təşkil edilmir. Heç olmasa buna görə DIN-ə, MTN-ə təşəkkür eləmək olar. Bundan belə də edilməsə…