heyder-heykel-mexiko

Heydər Əliyevin Mexikodakı heykəlini götürmək qərarı verildi

heyder-heykel-mexikoAzərbaycan hökumətinin Meksikaya qarşı şantaj və hədəsi keçmədi

“Heydər Əliyevin Meksikanın paytaxtı Mexikodakı heykəli qoyulduğu yerdən götürülməlidir” – Mexiko şəhər hökumətinin heykəllə bağlı təsis etdiyi ekspertlər qrupu belə bir nəticəyə gəlib. Ekspertlər qrupu qərarını cümə günü axşam açıqlayıb.
Bu haqda xəbər yayan “Associated Press” agentliyi Azərbaycan səfirliyinə istinadən xatırladır ki, heykəlin götürülməsi haqda qərar iki ölkə arasındakı diplomatik münasibətlərə təsir edə bilər.
Mexikodakı parklardan birində ucaldılmış Heydər Əliyevin heykəlinin götürülməsinə dair ekspert komissiyasının qərarıyla bağlı “Associated Press”in hazırladığı materialı təqdim edirik:

Meksika hökumətinin qərarıyla yaradılan, ziyalılardan ibarət komissiya belə nəticəyə gəlib ki, Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin Mexikodakı Dostluq parkında qoyulan heykəli götürülməlidir. Bu heykəl Mexikonun baş meydanında ucaldıldıqdan sonra şəhər rəhbərliyi güclü tənqidlərə məruz qalmışdı.
Mərhum Heydər Əliyevin stalinsayağı heykəli burada Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən ucaldılıb. Səfirlik, bununla yanaşı, həmin parkın və digər şəhər təsərrüfatının abadlaşdırılmasına 5 milyon dollar vəsait xərcləyib.
Heydər Əliyev rəqiblərini, tənqidçilərini əzməyə görə dəfələrlə tənqid atəşinə tutulub.
3 nəfər ziyalıdan və analitiklərdən ibarət komissiya belə nəticəyə gəldi ki, xarici ölkələrdən pul alaraq, onlara Mexikoda hər hansı siyasi xadimin və ya hadisənin əbədiləşdirilməsinə imkan verməklə hökumət çox böyük səhvə yol verib.
Komissiya üzvlərindən Gilyermo Osorno deyir ki, yerli vətəndaşların, həmçinin parkın yaxınlığında yaşayan sakinlərin əksəriyyəti Heydər Əliyevin heykəlinin parkdan götürülməsini tələb edir. Ona görə də komissiya belə bir qərar qəbul edib ki, gələcəkdə bu cür hallar təkrarlanmasın deyə, əvvəlcədən vətəndaşların da razılığı alınmalıdır.
“Düşünürük ki, təhqiredici və ziyanlı, eyni zamanda, beynəlxalq mübahisə obyekti olan heykəllər, küçə adları ictimai yerlərə qoyulmamalıdır”, – deyə Osorno bildirib.
Heydər Əliyevin heykəlinə etiraz edənlər bildirirdilər ki, Sovetlər dönəmində Kommunist Partiyasında rəhbər vəzifədə, daha sonra 1993-cü ildən 2003-cü ilə qədər ölkə prezidenti olmuş bir avtoritar liderə heykəl qoyulmasına görə özlərini təhqir edilmiş sayırlar.
Etirazçıları hiddətləndirən əsas məqam isə heykəlin üstündəki lövhədə yazılanlar olub. Məsələ burasındadır ki, üstündə “Vətənə sonsuz etibarlılıq nümunəsi, ümumbəşəri dəyərlərə sadiq” sözləri yazılmış bu abidə Mahatma Qandi, Avraam Linkoln və Meksikanın milli qəhrəmanlarının heykəllərinin yaxınlığında ucaldılıb.
Yazıçı Homero Aridcis deyir ki, Mexiko şəhər hökuməti indi problem içindədir: “Onlar heykəli götürməlidir. Mərkəzi Asiya ölkəsindən alınan pullar geri qaytarılmalıdır. Başqa yol yoxdur. Bu çirkin hekayənin xoşbəxt sonluğu olmalıdır”.
Azərbaycanın Meksikadakı səfiri Ilqar Muxtarov deyir ki, komissiyanın tövsiyələrindən bəzilərilə razı deyil və şəhər hökumətilə görüşüb, hər tərəfi razı sala biləcək qərar axtarmağa hazırdır. Muxtarov eyni zamanda, bu kampaniyanın arxasında Ermənistan və erməni lobbisinin durduğuna əminliyini ifadə edib.
Bundan başqa, səfir bildirmişdi ki, heykəlin götürülməsi diplomatik münasibətlərə təsir göstərəcək: “Biz şəhər hökumətilə razılaşma imzalamışıq və heykəl 99 il orada qalmalıdır”.
Mexikonun meri Marselo Ebrard da öz növbəsində “komissiyanın qərarını ciddi öyrənəcəyik” deyə bildirmişdi.
Məsələni ciddiləşdirən əsas məqamlardan biri budur ki, Mexiko şəhər hökuməti özünün proqressiv siyasəti və insan haqlarına hörmətilə qürur duyur. Görünür, heykəlin qoyulmasına razılıq verilərkən onlar Əliyevin kim olduğunu bilməyiblər.
Komissiya həmçinin Azərbaycan tərəfinin ikinci abidəsinin də yerinin dəyişdirilməsini təklif edib. Bu abidə Xocalı soyqırımına həsr olunub və Tlaxcoaque meydanında Xocalıda öldürülən yüzlərlə azərbaycanlının xatirəsinə ucaldılıb. Məsələ burasındadır ki, bu meydanda vaxtilə Meksika milisinin təcridxanası olub və ora dəhşətli işgəncələr yeri kimi tanınır. 1985-ci ildə Meksikada baş verən zəlzələ zamanı bina uçub. Komissiya təklif edir ki, Tlaxcoaque meydanında həmin binada ölənlərə abidə qoyulmalıdır.

Informasiya şöbəsi

***

Hakimiyyətdən Heydər Əliyev naminə görünməmiş rüsvayçılıq

Bir heykələ görə Meksikaya ultimatum: diplomatik əlaqələr kəsiləcək, 4 milyard geri çəkiləcək

Meksikada Heydər Əliyevin heykəlinin saxlanılması, yoxsa yıxılması ilə bağlı məsələni həll etmək üçün hökumət komissiyası yaradılıb. Azərbaycanın bu ölkədəki səfiri İlqar Muxtarov “La Razon” qəzetinə verdiyi müsahibədə bildirib ki, əgər Heydər Əliyevin heykəli durduğu yerdən qaldırılsa, Azərbaycan Meksika ilə diplomatik əlaqələrini kəsəcək, bu ölkədəki səfirliyini bağlayacaq, Meksika iqtisadiyyatına qoymağı planlaşdırdığı 4 milyard dollarlıq investisiyanı geri çəkəcək.
Səfir bildirib ki, əgər komissiya işinə başlasa, heykəlin yıxılması haqqında qərar qəbul ediləcək. Çünki komissiya üzvlərinin bir çoxu heykəlin orada durmasını qətiyyən istəməyən adamlardır.

İnformasiya şöbəsi