AXCP fəalına qarşı cinayət işi

Dəyanət Babayev təcridxanadan polis idarəsinə aparıldı

Müxalif fəalların 17 noyabrda Bakıda keçirdiyi etiraz aksiyasında saxlanılaraq 7 sutka həbs cəzasına məhkum edilən AXCP üzvü Dəyanət Babayev bu gün saxlanıldığı Binəqədidəki müvəqqəti saxlanma təcridxanasından Nəsimi Rayon Polis Idarəsinə aparılıb. AXCP fəalı noyabrın 15-də qaldırılmış cinayət işi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılıb. Bunu “Azadlıq”a DIN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyib. Onun sözlərinə görə, cinayət işinin açılması noyabrın 7-də baş vermiş bir hadisə ilə bağlıdır.
Belə ki, Tofiq Səlimov adlı bir nəfər Dəyanət Babayevin onu noyabrın 7-də 23.30 radələrində Nəsimi rayonunu ərazisində təhqir etdiyi və ona qarşı fiziki zor işlətdiyi haqda şikayət edib. Nəsimi rayon məhkəmə tibbi ekspertizası T.Səlimovun yüngül xəsarət aldığı haqda rəy verib və bunun əsasında CM-in 221.2.1 maddəsilə cinayət işi başlanıb. D.Babayev hazırda Nəsimi Rayon Polis Idarəsində saxlanılır.
Qeyd edək ki, Dəyanət Babayev və daha 2 AXCP üzvü – Elvin Baycan və Musa Rahim noyabrın 7-də təxribatla üzləşdikləri barədə mətbuata məlumat vermişdilər.

Hadisə necə baş verib

Noybraın 7-də baş verən insidentin təfəürratlarını hadisənin başqa bir iştirakçısı AXCP fəalı Musa Rahimlə dəqiqləşdirdik. O, bildirdi ki, T.Səlimovun irəli sürdüyü ittihamlar tam əssasızdır. Noyabrın 7-də paytaxtda “internet forum” keçirilən zaman dostları ilə görüşmək üçün Bakıya qonaq gəldiyini deyən M.Rahim vurğuladı ki, Nəsimi rayonu ərazisində yerləşən çayxanaların birində oturublarmış. Daha sonra telefonuna danışıq kartı almaq üçün yaxınlıqdakı mağazaya getdiyini deyən M.Rahimin başına məhz bundan sonra məlum hadisələr gəlib: “Danışıq kartını satıcı mənə yanlışlıq üzrə səhv verdiyindən Dəyanətlə mən yenidən kartı aldığım mağazaya geri döndük. Bu zaman idman geyimində bir şəxs bizə yaxınlaşaraq, onunla getməli olduğumuzu bildirdi. Biz səbəbini soruşduqda o, bildirdi ki, Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Biz ona bildirdik ki, sənədlərini təqdim etdikdən sonra onunla getməyə hazırıq. Amma o, bizə sənəd təqdim etməyəcəyini dedi. Biz sonradan onun Tofiq Səlimov olduğunu bildik. Hadisənin belə olduğunu görən Dəyanət Babayev məni yaxınlıqdakı təhlükəsizlik kamerasının qarşısına gətirdi. Çünki bu şəxsin bizə yaxınlaşdığı yer qaranlıq idi və biz dedik ki, kameranın altında bizə sənədlərini göstər biz də səninlə hara istəsən gedək”.
Onlara yaxınlaşan şəxsin davranışları və geyim tərzi şübhəli olduğundan D.Babayev məsələyə aydınlıq gətirmək üçün yaxınlıqdakı polis əməkdaşlarını baş verənlərə müdaxilə etməyə səsləyib. Bu zaman polis əməkdaşlarının onlara yaxınlaşdığını görən şəxs qaçmağa başlayıb. M.Rahim onu saxlamağa çalışsa da, bu ona nəsib olmayıb. Daha sonra M.Rahim və D.Babayev polis əməkdaşlarına hadisəni danışıb, oğurlanmaqlarına cəhdin olduğunu bildirərək, şikayət etmək istədiklərini söyləsələr də buna məhəl qoyulmayıb. Yalnız AXCP fəallarının təkidli tələblərindən sonra əraziyə gələn digər polis əməkdaşları onları Nəsimi Rayon 22-ci Polis Bölməsinə aparıblar. Bölmədə 15-20 dəqiqə saxlandıqdan sonra həkim ekspertizasına aparılan M.Rahim və D.Babayevin sərxoş olduğu barədə rəy verilib: “Mən buna etirazımı bildirdim. Otaqdakı polis mayoruna da etirazımı çatdırdım ki, biz sərxoş olmadığımız halda yalan rəy verilir. Bu söhbəti mən kamera vasitəsilə qeyd etmişəm. Polis mayoru mənə cavabında dedi ki, o belə məsələlərdə acizdir. Daha sonra biz polis rəisinin otağına dəvət olunduq və mən otaqda Tofiq Səlimovu gördüm. Bizə bildirdilər ki, bu şəxs sizinlə bağlı şikayət edib. Mən bu zaman üzümü Tofiq Səlimova tutub dedim ki, bəs sən bizə polis əməkdaşı olduğunu deyirdin. Amma o mənim sualıma cavab vermədi və otağı tərk etdi. Sonra bizə bildirdilər ki, biz guya gecə vaxtı ”parlament buraxılsın” və “Ilhama istefa” şüarları səsləndirərək vətəndaşların istirahət hüququnu pozmuşuq. Biz bəyan etdik ki, biz bu şüarları dəstəkləsək də gecə vaxtı onları səsləndirməmişik. Biz rəisə bildirdik ki, şikayət edən şəxs bizi oğurlamağa çalışıb və biz bunun aydınlaşdırılmasını istəyirik”.

AXCP bəyanat verdi

Dəyanət Babayevin şübhəli şəxs qismində saxlanıldığı bəlli olandan dərhal sonra AXCP bununla bağlı bəyanat verib. Bəyanatda Babayevin saxlanması barədə DIN-in açıqlamasına toxunulur və bildirilir ki, bu açıqlama gənc fəalın uzun müddətə həbsinə hazırlıq getdiyinə şübhə yaradır.
“Dəyanət Babayev Bakıda noyabrın 17-si ”Parlament buraxılsın” tələbi ilə keçirilən aksiyanın fəal iştirakçısı olub. O bu aksiyada saxlanılaraq 7 sutka azadlıqdan məhrum edilib.
D.Babayevə qarşı irəli sürülən ittiham isə noyabrın 7-də baş verən insidentlə bağlıdır. Həmin gün onu iki başqa partiyadaşı – Musa Rahim və Elvin Baycanla birlikdə polis öz agentlərinin izahatı əsasında saxlamışdı.
AXCP təəssüflə xatırladır ki, Azərbaycan polisi “üzəduranlar” vasitəsi ilə siyasi fəalları şərləmək kimi missiya həyata keçirir. D.Babayevdən əvvəl AXCP sədrinin mühafizəçisi Bəhruz Həsənov da şərlənərək həbs olunmuşdu.
Heç kəsə sirr deyil ki, saxlanılarkən azacıq belə cinayət əməli olsaydı, Babayev və yoldaşları həmin gün azadlığa buraxılmazdılar. Həmin gün sadəcə olaraq, hakimiyyət ictimai basqı qarşısında azacıq geri çəkilərək qurama cinayət işi başlamış və siyasi fəalları bu “işlə” girova çevirmək istəmişdi.
DIN-nin bu günkü davranışı “girov siyasəti”nin baş tutmaması ilə bağlıdır. Çünki həmin hadisədən az sonra D.Babayev heç nədən çəkinməyərək siyasi fəallığından qalmamış, keçirilən aksiyaların ön sırasında korrupsioner-kriminal rejimə qarşı mövqe sərgiləmişdir.
AXCP D.Babayevə qarşı bu addımı siyasi sifariş sayraq bəyan edir ki, baş verənlər qanundan kənar və ədalətsizlikdir. Məqsəd ölkədə artan siyasi fəallığı və gənclər hərəkatını səngitməkdir.
AXCP bəyan edir ki, siyasi opponentlərə qarşı bu sayaq davranış demokratiya uğurunda başlanan ardıcıl və prinsipial mübarizəni önləyə bilməyəcək. Bu ədalətsiz həbs mübarizə insanlarını daha da mətinləşdirəcək, siyasi rejimin anti-insani mahiyyətinə nifrətini daha da körükləyəcək.
AXCP D.Babayevin həbsini həyata keçirənləri onsuz da imici sivil dünyada bərbad olan Azərbaycanın adını daha da bədnam etməməyə çağırır”, – deyə bəyanatda bildirilir.

Hüquq müdafiəçisi etiraz edir

Hüquq müdafiəçisi Leyla Yunus da AXCP fəalı Dəyanət Babayevin həbsinə etiraz edib. Hüquq müdafiəçisi deyib ki, baş verən olay bir daha hakimiyyətin mahiyyətini göstərir.ÿ
D.Babayevin fəal blogger olduğunu deyən L.Yunus bildirdi ki, o, məhz siyasi baxışlarına görə təqib olunur: “Biz hazırda siyasi məhbusların yeni, ittiham olunduğu maddələr üzrə siyahısını hazırlayırıq. Dəyanət Babayev bu siyahıda fəal bloggerlər kateqoriyasına əlavə ediləcək. Bu, bir daha göstərir ki, Ilham Əliyevin Azərbaycanda internetin azad olduğu barədə dedikləri reallığı əks etdirmir. Insanlar öz siyasi baxışlarına görə həbsə atılırlar. Bu isə demokratiyanın əsas prisiplərinə ziddir”.

Hikmət