Bu ölkədə korrupsiyaya görə ölüm hökmü nəzərdə tutulub
Noyabrın 21-də ölkə başçısı Ilham Əliyev Sinqapura səfər etdi. Bu səfər nadir səhləb gülünə Ilham Əliyevin adının verilməsi ilə yadda qaldı. Baxmayaraq ki, dövlət başçısının getdiyi ölkədən öyrənməli olduğu xeyli şeylər var. Çünki Sinqapur dünyada inikişaf nümunəsi olacaq bir dövlətdir. Onun bu səviyyəyə çatmasında isə bir şəxsin müstəsna xidmətləri var.
“Korrupsiyaya qalib gəlmək istəyirsənsə, üç yaxın dostunu həbs elə”
Hakimiyyətə gələrkən “Biz bu ölkəni cənnətə çevirəcəyik” deyən Sinqapurun ilk baş naziri Li Kuar Yu qısa müddətdə vədini yerinə yetirir və ölkəsini dünyanın inkişaf etmiş ölkələri ilə bir sıraya qaldırır. Li Kuan Yunun rəhbərliyi altında Sinqapur “üçüncü dünya”nın kasıb ölkəsindən dünyanın ən varlı ölkələrindən birinə çevrildi. Sinqapur həmçinin qısa müddətdə korrupsiyaya qalib gələn dövlət kimi də tanındı. Li Kuan Yunun korrupsiyaya qalib gəlmək metodları barədə dediyi tarixi ifadə bu gün korrupsiya ilə mübarizə aparan hökumətlər üçün nümunə ola bilər. O, “korrupsiyaya necə qalib gəlmək olar” sualına “əvvəl üç yaxın dostunuzu həbs edin, siz də, onlar da niyə həbs olunduqlarının səbəbini gözəl bilir” cavabını verib. Bununla da korrupsiyaya qarşı mübarizədə heç kimə güzəşt olmadığını göstərib.
Şirlər şəhəri
Cənub-Şərqi Asiya adalarında yerləşən bu şəhər-dövlətin adı yerli dildə məhz belə səslənir. Ərazisi 697 kv m, əhalisi isə təxminən 5 mln. nəfər olan Sinqapurun ÜDM-i 315 mlrd. dollar, adambaşına düşən ÜDM isə 60,6 min dollardı. 3 mln.-dan çox əhali iqtisadi fəaldır. Ölkə kənd təsərrüfatı məhsullarını, hətta içməli suyu, enerji daşıyıcılarını idxal edir. Ərazisinin çox kiçik olması da müəyyən problemlər yaradır. Ancaq olduqca əlverişli investisiya iqlimi, yüksək rəqabətli mühit, iqtisadi azadlıqlar reytinqində aparıcı yerlər, yüksək rifah səviyyəsi Sinqapuru dünyanın inkişaf etmiş ölkələri ilə bir sıraya qaldırıb. Bu ölkədə əsas rolu transmilli korparasiyalar oynayır. Rəqabətə davamlılıq reytinqində Sinqapur iqtisadiyyatı dünyada üçüncü yeri tutur. Ölkədə elektronika istehsalı sahəsi, gəmiqayırma, maliyyə xidmətləri sektoru güclü inkişaf edib. Biotexnologiyalar sahəsində iri miqyaslı araşdırmalar aparılır. Sinqapurun “Raffles” holdinqi beynəlxalq “Swisshotel” hotellər şəbəkəsinə sahibdir. Sinqapur limanı dünyanın ən iri limanlarından biridir, bəzi göstəricilərinə görə isə birinci yerdədir. Iqtisadiyyatı məişət elektronikası, informasiya texnologiyaları, əzcaçılıq sahəsində ixracatdan xeyli asılıdır. Sinqapur regionun ən iri ticarət ölkələrindən biridir. Xarici ticarət dövriyyəsi 500 mlrd. dollara yaxındır. Onun təqribən 300 mlrd. dollarını ixrac, 200 mlrd. isə idxal təşkil edir. Inflyasiya 2% səviyyəsindədir.
Sinqapurun inkişaf etmiş sahələrindən biri də bank sektorudur. Ölkədə 121 kommersiya bankı var, onlardan 7-si xarici bankdır. Bank sektorunda aktivlərin həcmi 800 mlrd. sinqapur dolları (653 mlrd. ABŞ dolları) təşkil edir.
1965-ci ildə Malaziyadan ayrılaraq müstəqillik elan edən Sinqapur ilk illərində olduqca kasıb ölkə idi. Ölkənin üçdə biri kommunistlərə simpatiya nümayiş etdirirdi. Lakin qısa müddətdə ölkə Cənub-Şərqi Asiyanın maliyyə və ticarət mərkəzinə çevrildi. Li Kuan Yu hökuməti xarici investorları ölkəyə cəlb etməklə Amerikanın transmilli korparasiyalarının Sinqapurda yüksək miqyaslı texnologiya sənayesinin təməlini qoymasına nail oldu.
Müstəqillik əldə edərkən Sinqapurun ən çox əziyyət çəkdiyi isə korrupsiya idi. Korrupsiya ilə mübarizə qanunların və qərarların qəbulu prosedurlarının sadələşdirilməsindən başladı. Hətta hər hansı bir sahədə fəaliyyətə başlamaq üçün icazə və lisenziya almağa da ehtiyac yox idi. Hakimlərin əmək haqqı kəskin artırıldı. Ən güclü vəkillər hakim vəzifələrinə cəlb edildi. Sinqapur hakimlərinin əmək haqqı bir neçə min dollar, 1990-cı illərdə isə 1 mln. dolları ötürdü. Mütəşəkkil cinayətkar dəstələri amansızcasına cəzalandırıldı. Polis heyəti tamamilə dəyişdirildi. Dövlət qulluğunda çalışanların əmək haqqı kəskin artırıldı. Hakimiyyətin yüksək eşelonlarında korrupsiya ilə mübarizə məqsədi ilə müstəqil orqan yaradıldı. Hətta Li Kuan Yunun yaxın qohumlarının fəaliyyəti də araşdırmaya məruz qaldı. Korrupsiyada ittiham olunan bir sıra məmurlar müxtəlif həbs müddətinə məhkum olundu, bəziləri isə intihar yolunu seçdi. Onların arasında baş nazirin yaxın silahdaşları da var idi. Nəticədə Sinqapur beynəlxalq reytinqlərə əsasən, dünyada ən az korrupsiya olan ölkələrdən birinə çevrildi. Ölkənin qanunvericilik sistemi isə Britaniya idarəçiliyinə uyğunlaşdırıldı. Ölkədə təhsilə yetirilən diqqəti də qeyd etmək lazımdır. Ötən əsrin 60-70-ci illərində təhsil sistemində də islahatlar aparıldı. Ingilis dili bütün orta və ali məktəblərdə mütləq fənn sayılırdı. Ali məktəblərdə tədris ingilis dilində aparılırdı. Sinqapurlu tələbələri dünyanın ən yaxşı universitetlərində oxutmaq üçün dövlət böyük pullar xərcləyirdi.
Hökumət əhalinin mənzil probleminin həlli üçün də ciddi işlər görüb. Artıq 90-ı illərdə ölkədəki mənzillərin yalnız 9 faizi kirayə verilirdi. Qalanları isə şəxsi mülkiyyətdə idi.
Balaca Sinqapur bir nümunədir. Ölkənin iqtisadi uğuru ənənəvi artım faktorlarından – torpaq, təbii sərvətlər, işçi qüvvəsindən asılı deyil. Bundan ötrü sadəcə olaraq ağıllı iqtisadi siyasət qurmaq lazımdır.
Sinqapur cinayətkarlıq səviyyəsinin aşağı olduğu ölkələrdən biridir. Bu ölkədə olduqca ciddi qanunlar var. Bir sıra cinayətlərə görə isə hətta ölüm hökmü də nəzərdə tutulub. O cümlədən milli zəmində düşmənçiliyə cəhd edənlər, amansız qətl törədənlər, oğrular, narkotik alverçiləri və korrupsiyada ittiham olunanlar da ölümə məhkum olunur.
“Dünyanın ən təmiz ölkəsi”
Bu ölkədə təmizliyə də olduqca ciddi əhəmiyyət verilir. Hətta Sinqapurun fantastik dərəcədə təmiz ölkə olduğu deyilir. Küçədə istənilən krandan su içən insan onun təmizliyinə heç bir şübhə etməməlidir. Hökumət təmizliyin qorunmasına xüsusi diqqət yetirir. Bu ölkədə küçədə saqqız çeynəmək qadağandır. Küçəyə hətta kiçik kağız parçası atmağa görə iri cərimələr nəzərdə tutulub. Əhali də təmizliyə riayət etməklə dövlətə yardım edir. Sinqapur əhalisi şəxsi avtomobillərdən istifadə etməyə üstünlük vermir. Buna səbəb isə atmosferin çirklənməsinin qarşısının alınmasıdır.
Qadağalar da xalqın rifahı üçündür
Sinqapur həm də qadağalar ölkəsidir. Lakin bu qadağalar da əhalinin rifahı üçün nəzərdə tutulub. Zoraklııq səhnəsi olan filmlərin baxılması, internetdən belə filmlərin götürülməsi, küçələrin çirkləndirilməsi, yolu qadağan olunmuş yerdən keçmək, kəməri bağlamadan avtomobili idarə etmək – bunların hamısı ictimai asayişin pozulması sayılır. Kişilərin qadınlara söz atması, ümumiyyətlə, səbəbsiz yerə başqa adama əllə toxunmaq qadağandır. Bu ölkədə bir dənə də olsun kazino yoxdur. Ölkədə siqaret çəkənlərin sayının azaldılması istiqamətində də bir sıra addımlar atılır. Sinqapura siqaret idxal etmək qadağandır. Özü ilə siqaret gətirən turistlər isə buna görə əlavə rüsum ödəməli olur.
Sinqapurun üstünlüklərini və əldə etdiyi nailiyyətləri sadalamaqla qurtarmır. Bu ölkənin inkişafı Azərbaycan üçün əsl nümunə ola bilər.
Fizzə