Müzəffər Baxışov: «Mahir Abdullayevin işilə bağlı Milli Məclis tərəfindən istintaq komissiyası yaradılmalı idi»
«Bu məsələdə mətbuatı ittiham etməyin heç bir hüquqi əsası yoxdur»
Azərbaycan Baş Prokurorluğu fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən kütləvi informasiya vasitələrində yayımlanmış audio və video materiallarla bağlı mövqeyini bildirib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-in sorğusuna cavab olaraq bildirib ki, Elşad Abdullayev tərəfindən kütləvi informasiya vasitələrində yayımlanmış, həmçinin onun nümayəndəsi tərəfindən istintaq-əməliyyat qrupuna təqdim edilmiş bütün audio və videoçəkilişlər qeyd edilən cinayət işinin materiallarına əlavə edilib.
Onun sözlərinə görə, həmin audio və videoçəkilişlərdə əks olunan məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə istintaq-əməliyyat qrupu tərəfindən iş üzrə zəruri istintaq hərəkətləri, o cümlədən müvafiq ekspertizalar təyin edilin, dindirmələr aparılıb və sair istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Sultanov bildirib ki, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verilməklə qanunamüvafiq qərarların qəbul edilməsi təmin olunacaq və istintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. “Təəssüflə qeyd edilməlidir ki, həyata keçirilən istintaq hərəkətləri barədə məlumatların yayılması ibtidai araşdırmanın maraqlarına zidd olduğundan istintaq sirri təşkil edən həmin informasiyaların ictimailəşdirilməsinin yolverilməzliyi barədə KIV-ə xəbərdarlıqlar edilməsinə baxmayaraq, bəzi KIV-lər hələ də bundan lazımi nəticə çıxarmırlar”, – qurum sözçüsü deyib.
Tanınmış hüquqşünas Müzəffər Baxışov isə prokurorluğun bu açıqlamasını gözdən pərdə asmaq kimi dəyərləndirir: “Bu videolar yayılmamışdan əvvəl Baş Prokurorluğa və Milli Təhləküsizlik Nazirliyinə təqdim edilib. Hətta məndə olan məlumata görə, bu qurumlar qeyri-rəsmi şəkildə Elşad Abdullayevin təqdim etdiyi materiallar əsasında araşdırmalar da aparıblar. Indi özünü bu videolardan xəbərsiz kimi göstərmək əlbəttə ki, bu məsələni pərdələmək niyyətindən xəbər verir. Ümumiyyətlə isə 2000-ci il aprelin 26-dan başlayaraq prokurorluq məhv edilib. Bu qurum artıq ölü bir quruma çevrilib. Sanki belə bir qurum yoxdur. Hesab edirəm ki, Elşad Abdullayev çox doğru yol tutaraq bu materialları ictimailəşdirdi. Əks təqdirdə hüquq-mühafizə orqanları ümumiyyətlə bu məsələni ört basdır edəcəkdilər. Amma indi çətin vəziyyətdədirlər. Ortada dəhşətli faktlar var. Bu materiallar əsasında Azərbaycanda hansı cinayətlərin baş verdiyi üzə çıxıb. Buna görə vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Amma prokurorluq bunu etmək iqttidarında deyil. Bu qurum yalnız sifarişlə işləyir. Nə sifariş verəcəklər onu da edəcək”.
Hüqüqşunas Mahir Abdullayevin işilə bağlı Müstəqil Istintaq Komissiyasının yaradılmasına da toxunub: “Cinayət Prosesual Məcəllədə belə məhfum yoxdur. Cinayət prosesual məcəlləyə görə ibtidai istintaqa prosesual nəzarəti baş prokuror həyata keçirir. Müstəqil Istintaq Komissiyasının apardığı istintaqa da prosesual nəzarəti baş prokuror həyata keçirir. Nə fərq oldu. Əslində Konstitusiyanın 94-cü maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə bu məsələ ilə bağlı Milli Məclis tərəfindən istintaq komissiyası yaradılmalı idi”.
Müzəffər Baxışov Eldar Sultanovun bu məsələdə KIV-i ittiham etməsini əsassız sayıb: “Kütləvi Informasiya Vasitələri bu məsələnin araşdırılmasında istinqa böyük töhfələr verə bilər və verir də. Əgər prokurorluq maraqlı olsaydı mətbuatın Mahir Abdullayevin itkin düşməsi faktı ilə əlaqədar dərc etdikləri məlumatlardan, irəli sürdüyü versiyalardan yararlanardı. Mən hesab edirəm ki, bu məsələdə mətbuatı ittiham etməyin heç bir hüquqi əsası yoxdur. Mətbuat müstəqil şəkildə araşdırma da apara bilər. Mətbuatı istintaqın gedişinə mane olmaqda suçlamaq gülüncdür. Mən inanıram ki, mətbuat bundan sonra Mahir Abdullayevin işilə bağlı əldə etdiyi məlumatları, materialları ictimaiyyətin diqqətinə çatdıracaq”.
Namiq


