Parisdən Bakıya atılan “virtual bomba” I yazı

Göndərdiyi sonuncu video ilə professor Azərbaycan ictimai fikrində inqilab etdi desəm, yəqin ki, yanılmaram. Bu videoda o, itkin düşmüş qardaşının taleyi fonunda son 19 ildə Əliyevlər rejiminin Azərbaycanı necə dəhşətli üsulla idarə etdiyini əyani şəkildə cəmiyyətə göstərdi. E.Abdullayev bundan sonra heç bir video yaymasa belə, Azərbaycan tarixində həmişəlik qalacaq. Hətta cəsarət edib gələcəkdə onun XIX əsr rus inqilabi fikrinin banilərindən biri A.Radişşevlə müqayisə ediləcəyini belə iddia etmək olar. Təəssüflə deməliyəm ki, hətta XVIII-XIX əsr Rusiyası ilə müqayisə belə, Əliyevlər rejiminin xeyrinə deyil… 
Rusiya imperatriçası Yekaterina, Radişşevin çar rejimini ifşa edən “Peterburqdan Moskvaya səyahət” kitabını oxuyandan sonra, “bu, Puqaçovdan dəhşətli qiyamçıdır” sözlərini söyləyərək onun təcili həbs edilməsinə sərəncam verdi. Nəzərə alsaq ki, o dövrdə rus inqilabi fikirinin N.I.Novikov, I.A.Tretyakov, Y.P.Kozelski kimi görkəmli nümayəndələri yaşayıb-yaradırdılar və Radişevdən də cəsarətli idilər, o zaman sual oluna bilər, nədən məhz o, rejimin qəzəbinə gəldi? Kim idi, Radişşev?
…Bu yazını yazmamışdan öncə Azərbaycan hökumətinin xaricdə təhsil almaq üçün göndərdiyi tələbələr və ən əsası, onların ixtisası haqda bir sıra bilgilər əldə etdim. Bu haqda geniş yazım olacağından, hələlik mövzumuza aid maraqlı bir faktı nəzərinizə çatdırmaq istəyirəm.
Təsəvvür edə bilirsinizmi, rejim humanitar təhsil almaq üçün xaricə tələbə göndərmir. Yəni ölkəsində Qərb təhsili görmüş hüquqşünas, sosioloq, siyasi elmlər üzrə mütəxəssis görmək istəmir. Baxmayaraq ki, göndərilən tələbələrin əksəriyyəti iri(!) məmur, prokuror, deputat, icra hakimiyyəti nümayəndələrinin övladlarıdır. Çox maraqlı məqamdır, deyilmi? Istər-istəməz sual yaranır, rejim nə üçün öz övladına etibar eləmir? Maraqlıdır, deyilmi?
Bu suala cavab tapmaq üçün qayıdaq bayaqkı suala, beləliklə, kim idi axı bu Radişşev?
…Avropanın o zaman ən mütərəqqi təhsil ocaqlarından sayılan Leypsiq universitetinin hüquq fakültəsinin məzunu A.Radişşev zəngin rus mülkədarının oğlu idi, dayısı A.M.Arqamakov isə Moskva Universitetinin rektoru olmuşdu. Rejimin əsilli-nəcabətli məmurlarından biri sayılan Radişşev, qiyamdan da qorxulu kitabı yazan zaman Rusiya Senatında məsul vəzifədə idi. Rejimin adlı-sanlı məmurunun etdiyi inqilabi çağırış öz işini görmüşdü və nəhəng imperiya islahatlara getməyə məcbur olmuşdu. Hətta Radişşevin oğlu atasının ölümündən sonra Rusyanın bir neçə quberniyasına rəhbərlik etdi. Romanovlar sülaləsi sonradan Radişşevi reablitasiya etməklə, onun xidmətlərini və öz səhvini etiraf etdi, onun adına muzeyin açılmasına belə “laqeyd” qaldı…
Cəmiyyətdə tutduğu mövqeyə görə hüquq elmləri doktoru, professor Elşad Abdullayev və onun ailə üzvləri, Radişşevin və onun ailə üzvlərindən heç də əksik deyil, bəlkə də artıqdır. Bundan başqa, XXI əsrdə yaşayırıq, dünyada diktatura rejimləri isə barmaqla sayılacaq qədər qalıb.
Dəhşətli bir mənzərə ilə qarşı-qarşıyayıq. Belə ki, əhəmiyyətinə, törədilən cinayətlərin miqyasına görə Elşad Abdullayevin videosunun yanında “toya getməli” olan A.Radişşevin “Peterburqdan Moskvaya səyahət” kitabı 200 il bundan qabaq dünyanın siyasi rəqib tanımayan ən böyük imperiyasını silkələdi, onu islahatlara getməyə məcbur etdi. Romanovlar kimi nəhəng sülalə belə, xalq qarşısında məsuliyyətini anladı…
Başda prezident Ilham Əliyev olmaqla, dəhşətli videolarda adı keçən rəsmilərin bu günə qədər susması, mənə çox məhşur bir Amerika filmini xatırladır…
ardı var