Zəlzələdən zərər çəkənlərə ayrılan pullarla məmurlara villa tikilir
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı ötən gün mətbuat konfransı keçirərək bu ilin mayın 7-də Qax-Zaqatalada zəlzələ bölgəsinə səfər edərək apardıqları monitorinqin hesabatını açıqlayıb. Hesabat ictimaiyyət üçün böyük əhəmiyyət kəsb etdiyi üçün onu kiçik ixtisarla oxuculara təqdim edirik…
Nazir İlham Əliyevi aldadır
Qax-Zaqatala bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində 01 noyabr 2012-ci il tarixə kimi FHN-in müvafiq komissiyası tərəfindən 28 680 fərdi yaşayış evinə, 1179 ictimai kommunal binalaya baxış keçirilib. Bunlardan 3545 fərdi yaşayış evinin, 11 kommunal çoxmənzilli yaşayış binasının bərpası nəzərdə tutulub. Hazırda evlərə və sosial obyektlərə texniki baxış keçirilməsi davam edir. Rayonlar üzrə Zaqatalada 3003, Qaxda 327, Balakəndə 215 (cəmi 3545) fərdi yaşayış evinin və 3 kommunal çoxmənzilli yaşayış evinin tikintisinə başlanılıb. 482 ev tikilib sakinlərin istifadəsinə verilib.
FHN-dən verilən məlumata görə, zəlzələ ilə bağlı ziyan dəymiş 35 məktəbin, o cümlədən Zaqatalada 21, Qaxda 10, Şəkidə 3, Balakəndə 2 məktəbin tikintisinə başlanılıb. Bunlardan 6 məktəb tikilib istifadəyə verilib, 9 məktəbin tikintisi başa çatmaq üzrədir. Tikintisinə gec başlanılmış məktəblərin isə 2013-cü ilin yanvar-aprel aylarında tikilib istifadəyə veriləcəyi bildirilir.
Zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün əvvəlcə 20 milyon manat, sonra 300 milyon manat vəsait ayrılıb. Həmin vəsaitin 234 605,6 min manatı xərclənib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 23 iyul və 15 avqustda Zaqatalaya səfəri zamanı bildirib ki, qəzalı vəziyyətə düşmüş məktəblər yeni dərs ilinə, evlər isə soyuqlar düşənə kimi tam tikilib istifadəyə veriləcək. Ancaq sentyabr ayında yalnız Zaqatalada 3 məktəb istifadəyə verildi. Bununla bağlı bölgəyə səfər edən Ilham Əliyevə verilən məlumatda qeyd olunurdu ki, digər kəndlərdə də məktəblər hazırdır. Həmin vaxt Zaqatalanın Sumalı, Faldarlı, Çobangöl və digər kəndlərində orta məktəblər, rayonun özündə isə Müəllimləri Təkmilləşdirmə Institutu və başqaları hazır deyildi. Baxmayaraq ki, bu istiqamətdə milyonlar xərclənir, ölkə başçısına və ictimaiyyətə yanlış məlumat verilir ki, əksər məktəblər yeni dərs ilinə hazırdır, Zaqatala bölgəsində zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində guya sürətlə iş gedir.
Korrupsiya qoxulu şirkətlər
Hesabatda yazılır ki, milyonların “sərf” olunmasına baxmayaraq zəlzələ bölgəsində bu gün tikinti işləri çox ləng şəkildə həyata keçirilir. FHN-in rəsmi məlumatına görə, ötən 7 ayda bu günə qədər (22 noyabr 2012-ci il – red.) zəlzələ bölgəsində cəmi 782 ev tikilib. Bəzi mənbələr də bu rəqəmin şişirdildiyi qənaətindədir. Elə kəndlər var ki, (məsələn, Zaqatala rayonunun Ələsgər kəndi) orada hələ evlərin tikintisinə, ümumiyyətlə, başlanılmayıb. Halbuki, 2010-cu ilin yazında baş vermiş Kür daşqınları zamanı sel suları çəkildikdən sonra ilk 6 ayda Imişlinin Telişli və Saatlının Yeni Novruzlu kəndləri yaxınlığında 2 böyük qəsəbə, ümumilikdə isə bölgədə 1000-ə yaxın ev tikilib istifadəyə verilmişdi. Indi müqayisəni özünüz aparın. Bəs görəsən Zaqatala bölgəsində nə baş verir ki, ayrılan bunca vəsaitin qarşılığında insanlar normal yaşayış hüququnu bərpa edə bilmir, çadırlarda, uçuq-köhnə, qəzalı daxmalarda yaşamağa məcbur edilir? Xalqa bəslənən bu səhlənkar, laqeyd münasibətinin arxasında görəsən nə dayanır? Əgər həmin vəsaitlər vətəndaşların özlərinə verilsəydi, doğurdanmı onlar 7 aya özlərinə ev tikə bilməzdilər? Fövqəladə Hallar Nazirliyi zəlzələ bölgəsində evlərin tikintisinin gecikməsini zəlzələdən sonrakı 3 ayda müvafiq komissiya tərəfindən çoxsaylı evlərlə baxış keçirilməsi və tikilməsinə qərar verilmiş evlərin layihə-smeta sənədlərinin hazırlanmasına vaxt sərf olunması ilə əsaslandırıb. Bunun nəticəsi olaraq məktəblərin tikintisinə iyun, evlərin tikintisinə isə avqust ayının ortalarından başlanıldığı bildirilir. Bütün hallarda evlərin və məktəblərin tikintisinin gecikməsi bölgə əhalisi üçün ciddi problemlər yaradıb.
Bölgədə çalışan şirkətlərin böyük əksəriyyəti 2010-cu il Kür-Araz daşqınları ilə bağlı həmin bölgədə işləmiş, adı daha çox korrupsiyada, çirkli pulların yuyulmasında çəkilən, çoxu kağız üzərində yaradılmış, təcrübəsiz, daha çox FHN rəhbərliyində təmsil olunan şəxslərə və onların qohumlarına məxsus olan və ya onlara yaxınlığı ilə seçilən, onların razılığı ilə inşaat işlərinə təyinat alan, heç bir tenderdən belə keçməyən, fəhləni qəpik-quruşa işlədib haqqını kəsən, bəzən də verməyən korrupsiya qoxulu şirkətlərdir. Məsələn, həmin şirkətlərin bir çoxunun nə saytı var, nə də ki, onların gördüyü işlərlə bağlı məlumat… Bəziləri ilə bağlı onların vergi orqanlarına və sosial müdafiə fondlarına ödənişləri ilə bağlı hər hansı məlumat əldə etmək mümkün deyil. Yeri gəlmişkən qeyd edək ki, həmin şirkətlərin əksəriyyəti Kür-Araz bölgəsində işlərini yarımçıq dayandıraraq Zaqatala bölgəsini “abad” eləməyə gediblər. Halbuki dövlət başçısının 29 mart 2012-ci il tarixli sərəncamı ilə daşqınların nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərin davam etdirilməsi üçün əlavə olaraq bu istiqamətdə 50 milyon manat vəsait ayrılıb. Və sözügedən sərəncamda qeyd olunur ki, bu sahədə mövcud olan problemlərin həlli istiqamətində işlər davam etdirilsin. Görünən odur ki, Kür-Araz bölgəsində işlər qeyri-müəyyən müddətə yarımçıq saxlanıldı, büdcədən ayrılmış 50 milyon manat vəsaitin taleyi isə bu günə qədər sirr olaraq qalmaqdadır.
Zəlzələ bölgəsində ayrı-seçkilik və korrupsiya halları…
Araşdırma aparılarkən yerli sakinlər qeyd ediblər ki, bəzən iri çatları olan, qəzalı vəziyyətə düşmüş evlər bir kənara qoyularaq zəlzələdən heç bir ziyan çəkməyən insanlara evlər tikilir. Vətəndaşlar bu ayrı-seçkiliyi korrupsiya halları ilə əlaqələndirirlər. Bildirirlər ki, bu məsələdə sövdələşmədə daha çox yerli icra nümayəndələri və bələdiyə sədrləri fəal iştirak edirlər. FHN-in müvafiq komissiya üzvlərinin adları bu məsələdə önə çıxarılmır. Nəticədə yüzlərlə insan ayrı-seçkilik, ədalətsizlik qurbanı olduğunu bildirərək, narazılığını ifadə edirlər. Onlar məsələ ilə əlaqədar müvafiq qurumlara müraciət etdiklərini, lakin bununla bağlı heç bir tədbir görülmədiyini bildirirlər.
Bu yaxınlarda Zaqatalada Kəmaləddin Heydərovun sədrliyi ilə keçirilən müşavirədə ona zəlzələ bölgəsində podratçı təşkilatların “gördüyü” işlərlə bağlı 3 ay öncə təqdim olunmuş arayış yenidən təqdim edilib. O isə öz növbəsində “axı bu arayışı 3 ay öncə mənə vermişdiniz” desə də “böyük yalan”ın üstündən sükutla keçib… Digər tərəfdən, yuxarıda qeyd etdiyimiz kimi, “fövqəlnazir” zəlzələdən az sonra Zaqatalaya səfəri zamanı bilidirmişdi ki, qəzalı vəziyyətə düşmüş məktəblər yeni dərs ilinə, evlər isə soyuqlar düşənə kimi tikilib istifadəyə veriləcək.
Noyabrın 15-də isə bölgəyə səfər edən FHN rəhbəri bildirib ki, 2012-ci ilin 7 və 18 mayında Qax-Zaqatala bölgəsində baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş evlərin 60 faizi guya tikilib.
Zəlzələ bölgəsində tikinti işlərini həyata keçirən podratçı təşkilatlarda çalışan işçilərlə hər hansı müqavilə bağlanmır. Onlardan yalnız vəsiqələri alınır, kitaba kimlikləri qeyd olunur. Işçilər təhlükəsizlik qaydalarına əməl etmirlər. Bu qaydalara əməl etmək üçün onlara hər hansı şərait də yaradılmır. Tikintidə, hətta qaynaq işlərində çalışanların xüsusi qoruyucu geyimləri, uniformaları, başlarında kaskaları, hətta bəzilərinin əlcəkləri belə yoxdur. Bir çox işçilərə əmək haqqı qarşılığında 10-12 manat günəmuzd verilir. Məhz bu səbəbdəndir ki, fəlakət bölgəsində işləməyə gələn işçilər bir neçə gündən sonra çıxıb gedirlər. Xeyli insan var ki, işləyir, lakin onlara çatası cüzi maaşlarını da aylarla ala bilmirlər.
Aparılan təmir-tikinti işlərində yerli sakinlər, demək olar, iştirak etmir və onlar bunu özlərinə rəva bilmirlər. Səbəbi çox sadədir; verilən əmək haqqı xeyli aşağıdır. Buna görə də əsasən işçilər, Saatlı, Sabirabad, Şirvan, Imişli, Dağıstan və s. bölgələrdən gəlirlər. Doğrudan da görülən işlərlə müqayisədə verilən əmək haqqı çox aşağıdır. Təbii ki, əgər buna əmək haqqı demək mümkündürsə… Belə ki, suvağın, döşəmənin vurulmasının bir kvadratmetri üçün ustalara 2 manat, hörgünün kvadratı üçünsə 2,5-3 manat pul verilir. Usta da həmin vəsaitdən ona kömək edən fəhləyə də pul verməlidir. Halbuki, podratçı təşkilatların FHN-lə razılaşmasına görə, işçilərə onlara faktiki olaraq verilən əmək haqqından qat-qat artıq məvacib verilməli idi.
Haqqını tələb edən, eyni zamanda yaxşı pula işləmək istəyən mütəxəssislər işdən kənarlaşdırılır, yerinə səriştəsiz, tikintiyə aid olmayan təsadüfi, sakit, nə versən qane olan adamlar gətirilir. Əksər hallarda podratçı təşkilatlar onlara münasib, yaxın və qohum olan şəxsləri tikinti işlərinə cəlb edirlər. Işə qəbulda hər hansı seçim, müsabiqə, rəqabətdən söhbət belə gedə bilməz.
Zəlzəyə ayrılan pullar necə mənimsənilir?
Ən maraqlı və vacib məqamlardan biri büdcədən ayrılan vəsaitlərin necə mənimsənilməsidir. Apardığımız araşdırmaya və əldə etdiyimiz məlumatlara görə, Kür daşqınlarında olduğu kimi zəlzələ bölgəsində də vəsaitlərin mənimsənilməsi mərhələsi daha çox tikinti materiallarının şişirdilmiş bazar qiymətləri ilə alınmasında və evlərin tikintisində baş verir. Zəlzələ bölgəsində evlərin bir kvadratmetri 500 manata tikilir(!?). Bunu Zaqatala rayonunun Gözbarax kəndində çalışan “Gilan Holdinq” şirkətinin nümayəndəsi Seyidmalı Ismayılov “Azadlıq” radiosuna verdiyi müsahibədə də təsdiq edib. Bu qiymət təxminən Bakıda – Yasamalda və Əhmədlidə tikilən evlərin qiymətinə bərabərdir. Halbuki torpağın havayı olduğu, inzibati müdaxilənin, tikintiyə icazənin, rüşvətin və “şapka”nın olmadığı uzaq bölgədə fərdi həyət evinin tikintisinin 1 kvadratmetrinin 500 manata başa gəlməsi korrupsiya “ətirli” olmaqla çox fantastik bir qiymətdir. Digər tərəfdən, təsəvvür edin ki, Əhmədlidə və Yeni Yasamalda ev tikib vətəndaşlara sataraq pul qazanan şirkətlər kimi FHN də ucqar bir bölgədə dövlətin, xalqın pulu ilə tikdiyi binaların bir kvadratmetrini Bakıda olduğu kimi 500 manatdan xalqa satıb öz xeyrini götürür. Yəqin dünyanın heç bir yerində hökumət öz vətəndaşına ayrıdığı pulla bu cür bazarlıq, alış-veriş etmir.
Hər bir evin tikintisində 20 min manatdan 32 min 500 manata qədər mənimsəmə var. Tikilən evlərin daha çox 3 və 4 otaqlı olduğunu nəzərə alaraq mənimsənilən vəsaiti orta hesabla hər evdən 27 min manat götürsək, təkcə evlərin tikintisi zamanı nəzərdə tutulan 3545 evin tikilməsi üçün dövlət büdcəsindən nə az, nə çox – 95 milyon manatdan artıq vəsait oğurlanır. Tikinti materiallarının şişirdilmiş bazar qiymətləri ilə alınması, ucuz işçi qüvvəsindən istifadə olunması, vergi və digər sosial ödənişlərin ödənilmədiyi, sığorta və əmək müqaviləsinin olmadığı və s. nəzərə alsaq, mənimsəmənin 130 milyon manatı ötdüyü gün kimi ortadadır. Bu vəsaitlər ümumi vəsaitin az qala yarısıdır. Vəsaitlər isə xalqın cibindən – dövlət büdcəsindən oğurlanmaqla ayrı-ayrı şəxslərin, mafioz qüvvələrin istək və arzularının reallaşmasına, onların digər sosial-iqtisadi problemlərinin həllinə yönəldilir.
Mənimsənilən pullar hara xərclənir?
Mənimsənilən vəsaitlər təkcə şəxsi istək və arzuların reallaşmasına, problemlərin həllinə deyil, digər məqsədlər üçün də istifadə olunur. Çox maraqlıdır ki, bu vəsaitlərin xərclənmə coğrafiyası bəzən FHN-i aşaraq digər yüksək vəzifəli şəxslərin maraq dairəsinə, bəzən isə siyasi məqsədlərə xidmət edir. Mənbəmizin verdiyi məlumata görə, həmin pulların bir hissəsi podratçı təşkilatların, digər hissəsi FHN-in rəhbərliyində təmsil olunan şəxslərin, onların yaxın ətrafının, qohumlarının biznez maraqlarının təmin olunmasına sərf olunur. Vəsaitlərin digər hissəsi isə daha yuxarı oqranlara ötürülür. “Qənaət olunmuş” vəsaitlərlə zəlzələ bölgəsində çalışmalı olan şirkətlər Xızıda, Göygöl rayonun Zod qəsəbəsində, Bakı şəhərinin özündə, Zirə qəsəbəsində, Ismayıllı rayonunda, Qəbələdə, Ağdaşda, Lənkəranda və s. yerlərdə FHN-də, Prezident Administrasiyasında və digər dövlət qurumlarında işləyən yüksək vəzifəli şəxslərə, onların yaxın qohum-əqrəbası üçün müasir tələblərə cavab verən yaraşıqlı, böyük iqamətgahlar tikirlər. Bu villa-iqamətgahlar birbaşa FHN rəhbərliyinə məxsus və tabe olan əsasən “Azəri Trans” şirkəti tərəfindən inşa olunur. Təəssüf ki, hesabatın hazırlanması dövründə zaman qıtlığı ucbatından bu faktları dəqiqləşdirmək mümkün olmadı. Amma “Kür” Cəmiyyəti olaraq bu istiqamətdə apardığımız araşdırmalarımız davam edəcək və növbəti hesabatlarda adı çəkilən ərazilərdə də monitorinqlər aparılıb zəlzələ üçün ayrılan vəsaitlərin təyinatından kənar xərclənməsi məsələləri araşdırılacaq.
Zəlzələ bölgəsində işləyən şirkətlərin də adları çox cidd-cəhdlə gizlədilir. Görəsən səbəb nədir? Hətta FHN rəhbərliyinə təqdim olunmuş arayışlarda belə (həmin arayışların surətləri bizdə də var – red.) ev tikən şirkətlərin adı gizlədilir və şirkət rəhbərlərinin yalnız soyadları (!?) qeyd olunub. Şirkətlərin adlarının nəinki ictimaiyyətə, heç FHN daxilində belə yazışmalarda və hesabatlarda da açıqlanmasına icazə verilmir.
Ramin DEKO