Hardasa iki il əvvəl israilli rejissor xanım Noa Ben Hagai Israil-Fələstin münaqişəsindən bəhs edən “Qan bağı” adlı maraqlı bir film çəkmişdi. Hagainin sözlərinə görə, filmin ssenarisi onun yaxın qohumu, evdən qaçıb bir ərəblə evlənən Pninanın həyat dramı əsasında yazılıb. Bu film üçün o, uzun zaman həmin itkin qohumunu axtarmalı olub. Uzun axtarışlardan sonra ona dünyadan köçmüş Pninanın qızını tapmaq müyəssər olub. Nəhayət, qız ona əsl gerçəkləri danışıb. O gerçək belədir ki, zəngin bir yəhudi ailəsinin qızı olan Pnina evlərindəki müsəlman xidmətçilərinin ibadəti zamanı islam dini ilə yaxından maraqlanmağa başlayıb. Sonra da öz xidmətçilərinin kəndinə gedib orada gizlicə müsəlmanlığı qəbul edib. Tale elə gətirib ki, sevdiyi yəhudi oğlandan hamilə qalınca, ailəsi onu rədd edib və Pnina ona sahib çıxan müsəlman ərəblə evlənib və kimsəyə söz demədən baş alıb ölkədən gedib…
Bu filmdə yəhudi rejissor bir qadının həyat hekayəsi əsasında baş verənləri sənət dilinə çevirib, ekranlara çıxarıb. Həm də insanca, həqiqəti pərdələmədən və ya ört-basdır etmədən. O, konkret olaraq barmaq işarəti verib günahkarı göstərməsə də, bu hekayət hər şeyi deyir… Bu, hadisəyə həqiqət prizmasından baxan bir şəxsin, bir yəhudinin yanaşmasıdır. Və bu yəhudi qadının yanaşması bizim bir müsəlman deputatın yanaşmasından daha humanist, daha təsirli və daha reallığa yaxındır. Son günlər bütün dünyanın gözü yenidən alovlanan Israil-Fələstin savaşına çevrildiyi bir məqamda deputat Fəzail Ağamalı mətbuat qarşısında Fələstini günahkar elan edir. O Fələstini ki, təkcə son bir həftənin bombardmanlarında 100-dən çox dinc sakini ölüb, yüzlərlə insanı yaralanıb ki, onların arasında onlarla körpə də var. Hələ darmadağın olan evləri, yurdsuz-yuvasız qalanları demirəm. Bu gün Fələstində uşaqların qan içində boğulduğu bir məqamda belə ifadə səsləndirmək Xocalı faciəsinə görə hansısa üçüncü tərəfin Azərbaycanı ittiham etməsi kimi bir şeydir.
Bu münaqişə 3-5 günün məsələsi deyil ki, 40-cı illərdən başlanmış bir savaşdır. Onu mənə uzun illərdir xatırladan bir şeir parçası var. 80-ci illərin əvvəlində adını unutduğum qəzetlərin birində çap olunmuşdu. Açığı, 12-13 yaşlarımda oxuduğum o şerin müəllifini də xatırlamıram. Bilmirəm, nədənsə, o zamandan bəri oxuduğum yüzlərlə unudulmuş şeirlər arasında o parça xatirimə həkk olunub qalıb.
Diqqət et Fələstinə,
dolma onun qəsdinə,
qan tökür-qan üstünə
cəllad olan Təl-Əviv.
O zaman həmin bənd marağımı elə çəkdi ki, kitabları ələk-vələk edib Fələstinlə baş verən həqiqətləri daha kökdən oxuyub öyrəndim. Indi belə anlayıram ki, Fəzail Ağamalının bu hadisələr başlanan 40-cı illərdən bəri Israilin Fələstinə qarşı törətdiyi saysız qətliamlardan belə xəbəri yoxdur. Təkcə 40-cı illərdə beş belə qətliam törədilib ki, Kral Davut qətliamı(22 iyul 1946) zamanı 96 nəfər, “Deir Yasin” qətliamı (9 aprel 1948) zamanı 254 nəfər, “Lida” qətliamı (9-18 iyul 1948) zamanı yüzlərcə insan, “Safsaf kəndi” qətliamı(29 oktyabr 1948) zamanı 70 nəfər, “Davayima kəndi” qətliamı (29 oktyabr 1948) zamanı 80-100 arasında insan öldürülüb.
Yaşanan və yazılan tarixi reallıq budur. Din, irq, milli kimlik bir yana dursun, yer üzündə körpələrin qətliamı hesabına yazılan hansı ölkənin tarixi ədalətli hesab oluna bilər? Fələstinə “günahkar” deyən Fəzail Ağamalının ya günah tərəzisi xarab olub, ya da o tərəzi heç əvvəldən düzgün işləməyib. Illərdir onun üzv olduğu parlamentdə günah üstünə günah yığıldığını nəzərə alsaq, ikinci variant daha məntiqli görünür…

Fələstinin günahı…
•