“Milli” Elmlər Akademiyasının vitse-prezidenti, Geologiya Institutunun direktoru Akif Əlizadə yatıb-yatıb birdən belə buyurub: “Akademiyada fəlakətli vəziyyət yaranıb”. Sən demə, “gənc, perspektivli lider” Ilham Əliyevin ölkəsində elmlər doktorlarının, elmlər namizədlərinin orta yaş sınırı uyğun olaraq 156 yaşında dünyasını dəyişmiş dünyalarca ünlü Şirəli Müslümova çatmağa lap az qalır. Şirəli Müslümova çatmaq, onu ötmək – Əliyevlər dönəmi AMEA-nın devizi belə imiş! Illərdən bəri bu işlərin içində olan akademikin, vitse-prezidentin indi bu işlərə qarşı, özü də belə kəskinliklə çıxmağı istər-istəməz adamda quşqu yaradır: nə baş verib? Bəlkə, bunlar Elşad Abdullayevin partlatdığı “bombaların” etkisindəndir?!
Ölkədə qanunsuzluq, oğurluq, özbaşınalıq baş alıb gedir. Təhsil, səhiyyə sistemlərinin bütünlüklə rüşvətə bürünməsi üzündən millətin gen fondu dağılır. Belə FƏLAKƏTLI durum önündə alim-akademiklər çobancasına susqunluq sərgiləyirlər. Çobanı başa düşmək olar – nə baş verdiyini anlamır. Bəs alim-akademik? Akademik Əlizadəni tanımıram, onun “Fəlakət!” səslənişini də hansısa etkidən doğan ötəri səsləniş sayıram. Sözsüz, istənilən Elmlər Akademiyasının Azərbaycandakı kimi ağır durumda olması bir ölkəlik HARAY qoparmalı görsənişdir. Indilikdə haray da yoxdur, dediyim kimi, eləcə səsləniş var. Elmlər Akademiyası ilə azacıq da bağlılığım olmaya-olmaya illərdən bəri qəzetdə haray çəkir, dövlət büdcəsindən Akademiyaya cırtdan ayırmalarını CINAYƏT adlandırıram. Indiyədək Akademiyadan səsimə səs verən olmayıb.
Üstəlik, Akademiyanın Dilçilik, Tarix institularının yarıtmaz, gerilikçi “elmi” işləri ilə bağlı yazılar yazmışam (Tarixdən, dildən azacıq başım çıxdığına görə). Nə bir qıcıq, nə etkili tərpəniş var. Dostlar məni MILLI-MƏNƏVI DƏYƏRLƏRIN QORUNMASI qonusunda çıxış etmək üçün bir neçə il qabaq Akademiyaya çağırmışdılar. Akademiyaya girişim başda duranlar üçün FƏLAKƏTƏ çevrilmiş, yığıncağın qarşısının alınmasına göstəriş verilmişdi.
Düzünə qalsa, baş verənlərdən çox da incik deyiləm: antimilli, antidemokratik rejim üçün Milli-Mənəvi Dəyərlərin qorunması da, bu dəyərlərə bağlı kimsələrin varlığı da YOLVERILMƏZ-DÖZÜLMƏZDIR! Sən ulusalçı-milli YOL yolçususansa, bilməlisən: istər-istəməz ANTIlərlə çarpışmalı, savaşmalı olacaqsan… Ölkə 19 ildən bəri geriyə “inkişaf” yolundadır. Azərbaycan bu rejimlə fəlakət içindədir – bunu bilmək gərəkdir…
Qazaxda yaşayan şair Bəxtiyar Hidayətin şeirlər kitabı Akademiyanın kurasiyasında olan “Akademkitabdan” yığışdırılıb. Mağazadan şairə bildiriblər: “Siyasi kitab olduğu üçün onlar onu sata bilməzlər”. Kim istəsə gedib baxa bilər: elə o mağazada I.Əliyevin, R.Mehdiyevin, bir sıra başqa rejim adamlarının adına ordan-burdan köçürmə SIYASI kitablar satılır… yox, eləcə var. Mağazanın müdiri Əliağa Cəfərli deyir: “Biz Milli Elmlər Akademiyasına tabeyik. Dövlət nəzdindəyik. Ona görə də dövlət, dövlətçilik, hakimiyyət əleyhinə kitabları satmırıq. Buna səlahiyətimiz də, ixtiyarımız da var”. Görün I.Əliyev nə deyir: “Bizdə söz, mətbuat… azadlığı var”. Kim yalan danışır? Ə.Cəfərliyə sözə qadağa “səlahiyətini, ixtiyarını” kim verib?
Mənim “Baxıb Türkün bayrağına…” kitabımı da “Akademkitabdan” yığışdırıblar. Olsun. Kitabımla bağlı ABŞ Konqres kitabxanasından məktub gəlib. Onlar kitabın üzərindəki əlifbanın nə əlifbası olduğunu soruşurlar. Bu, əski Türk əlifbasıdır. Illərdən bəri “Azərbaycanı dünyaya tanıtmaq” adıyla xalqın milyonlarla pulunu mənimsəyən Əliyevlər – H.Əliyev Fondunun bizi dünyaya necə tanıtdığı bir daha bəlli olur. Alim Qasımov, başqası gedib Parisdə muğamat oxuyur, “Azərbaycanı tanıdan” bunlar olur. Sizin dünyaya tanıtdığınız korrupsioner Azərbaycandır.

Azərbaycanın fəlakəti – heydərizm rejimi
•