YAP ABŞ səfirinə hücuma keçdi

Riçard Morninqstarın müxalifətlə görüşü hakim partiyanı hiddətləndirib

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın müxalifət liderləri ilə dünən  keçirdiyi görüşə etiraz edib. Dünənki görüşdə  AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, AMIP sədri Yusif Bağırzadə, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər və başqaları iştirak edib.
Siyavuş Novruzov Modern.az-a açıqlamasında ABŞ səfirini Azərbaycanın qaçqın və məcburi köçkünlərilə bir dəfə də maraqlanmamaqda ittiham edib. O, bildirib ki, amerikalı səfir parlamentdə təmsil olunan siyasi partiyalardan fərqli olaraq radikal müxalifət partiyalarına daha çox diqqət göstərir. “Amerikanın səfiri burada istənilən görüşü keçirə bilər. Amma nədənsə o, digər partiyalarla yox, müxalifət partiyalarının nümayəndələri ilə görüşür. Bir səfir kimi qaçqınlarla da görüşsün, evsiz-eşiksiz insanların niyə didərgin düşdüyünü öyrənsin. Azərbaycanın parlamentdə təmsil olunan digər siyasi partiyaları var. O cümlədən parlamentdə təmsil olunmayan ayrı-ayrı partiyalar var. Nədənsə ABŞ səfirinin məhəbbəti bu insanların üzərindədir”, – deyə Siyavuş Novruzov vurğulayıb.