«Məhkəmə bu işi öz istədiyi kimi yekunlaşdırmaq üçün məni «ruhi xəstə» elan etmək istəyir»
Bütün dünyada məhkəmə ədalət simvolu hesab edildiyi halda, Azərbaycanda vətəndaşların ən çox şikayətçi olduğu qurumlar arasında məhkəmələr ön sıralarda dayanır. Kömək üçün dövlət başçısı, hüquq-mühafizə orqanlarının rəhbərlərilə yanaşı, “Azadlıq”a da müraciət edən Elnur Əmrahov da özünü məhkəmənin ədalətsiz qərarından qorumağa cəhd göstərir.
Elnur Əmrahov bildirir ki, o, bir müddət əvvəl Qərb bölgəsində həbs olunan prokurorlarla bağlı cinayət işi üzrə əsas şahidlərdən biridir. Qeyd edək ki, söhbət Cavanşir Nəsibov və Iqbal Tağıyevin Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə təqsirləndirilməsinə dair cinayət işindən gedir.
Elnur Əmrahov şikayət məktublarında yazır ki, adları çəkilən şəxslərin mühakimə olunduğu Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsinin hakimi Elbəy Allahverdiyev icraatında olan bu işi istədiyi kimi yekunlaşdırmaq üçün əsas şahidlərdən biri kimi, onun ifadəsinin qüvvədən salınmasına çalışır. Bu məqsədlə də onu sənəd-sübutla “ruhi xəstə” kimi qələmə vermək istəyirlər.
“Məhkəmə mənim psixiatrik ekspertizadan keçirilməyim haqda qərar qəbul edib. Qərarın icrası da Gəncə Ruhi-Əsəb Dispanserinə həvalə olunub. Ekspertizanın keçirilməsinə əsas kimi isə elə həmin dispanser tərəfindən verilmiş saxta rəyi göstəriblər. Guya, mən 2010-cu ildən keçirdiyim qapalı kəll-beyin travması nəticəsində şəxsiyyətin psixopatizasiyası, psixoorqanik sindrom diaqnozu ilə dispanserdə qeydiyyatda olmuşam. Bu, tamamilə yalandır və məhkəmənin sonradan ekspertiza təyin edib və ruhi xəstə kimi qələmə verməsinə hazırlıq məqsədilə edilmiş saxtakarlıqdan başqa bir şey deyil. Əvvəla, 2009-2010-cu illərdə mənim dini ziyarətlər və təhsilimlə əlaqədar ölkədə olmamışam. Digər tərəfdən, mən Daşkəsən Rayon Icra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış Dini Məsələlər üzrə Komissiyanın tərkibinə daxil edilmişəm. Ruhi xəstəni komissiyanın tərkibinə daxil edərlərmi? Bütün bunlara baxmayaraq, məhkəmənin məqsədli şəkildə təyin etdiyi ekspertizanın keçirilməsinə etiraz eləmirəm, amma bu, saxta rəy vermiş Gəncə Ruhi-Əsəb Dispanserinə yox, Respublika Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzinə həvalə olunsun”, – deyə Elnur Əmrahov müraciətində bildirir.
Elnur Əmrahov onu da əlavə edib ki, baş verənlərlə əlaqədar bir sıra dövlət strukturlarına müraciət etdiyindən ona qarşı təzyiqlər də artıb. Onun sözlərinə görə, müxtəlif təzyiq vasitələrilə onu susdurmaq və qarşıya qoyulmuş məqsədə nail olmaq istəyirlər.


