Müsavat islamçıların müraciətini müzakirə etməyib

Azərbaycan Islam Partiyası və Həbs edilmiş islamçıların hüquqlarını Müdafiə Komitəsi hüquq müdafiəçiləri Novella Cəfəroğluya, Səidə Qocamanlıya, Səadət Bənənyarlıya və Müsavat Partiyasının başqanı Isa Qəmbərə müraciət edib.
“FaktXeber.com”un yaydığı məlumata görə, müraciətdə hüquq müdafiəçilərindən AŞ PA Baş Katibinin müavini Qabriela Battaini-Draqoni və AŞ PA-nın siyasi məhbuslar problemi üzrə xüsusi məruzəçisi Kristofer Ştrasserə ünvanlanacaq məktubun imzalanması xahiş olunur.
Bəyanatlarında öncə hüquq müdafiəçilərinə müraciət edən sənəd müəllifləri vurğulayıblar ki, onlar hüquq müdafiəçilərinin islamçılara qarşı irəli sürülən saxta, şər və böhtan dolu ittihamları, islamçıların dövlət əleyhinə olmaları iddialarını qəbul etmirlər. Və siyasi sifariş əsasında çıxarılan saxta məhkəmə hökmlərini ədalətsiz sayırlar. “Biz eyni zamanda Müsavat Partiyasının hörmətli başqanı Isa Qəmbərin, ”Müsavatın Divan üzvlərinin əleyhinə çıxmaq, birbaşa partiya əleyhinə çıxmaqdır” kimi fikirlərinə də sayğı ilə yanaşırıq. Həmçinin inanırıq ki, Isa bəy də AIP sədri Mövsüm Səmədov başda olmaqla islamçıların siyasi repressiya qurbanları olduğuna, onların saxta ittihamlarla, siyasi sifariş əsasında həbsdə yatmalarına inanır”, deyə sənəddə vurğulanır.
Mövzu ilə bağlı adları çəkilən tərəflərin mövqeyini öyrənməyə çalışdıq.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu suallarımıza cavab verməkdən imtina etdi.
Müsavat başqanının müavini Gülağa Aslanlı isə bildirdi ki, onlara belə bir müraciət daxil olmayıb və adı çəkilən sənəd partiyada müzakirə predmeti deyil.

Xəyal