Dəhşətli mənzərə yaranır. Hadisələrə zəncirvari ardıcıllıqla baxdıqda yaranır həmin dəhşətli mənzərə…
Son dərəcə primitiv şəkildə qurulmuş Əvəz Zeynallı şərləməsindən dərhal sonra baş redaktor həbs edilir. Bir dəqiqə belə vaxt itirilmir. Çünki onun həbsi haqda göstəriş verilib, qələmi qırılıb. Əmr sərt gəlib: adam təcili şəkildə həbs edilməlidir, vəssalam! Gülər Əhmədova bütün vasitələrdən istifadə edərək Əvəz bəydən görüş izni alır və “qardaş, nə istəsən verərəm” deyib, redaksiyanı tərk edir. Səs yazısında Əvəzin nə deməsi maraqlı deyil. Onlara Gülərin Əvəzlə görüşməsi də yetir. Eyni məntiqlə, Ramiz Mehdiyevin qəbuluna düşüb, “qardaş, nə qədər istəyirsən de, verim” deyib, səsini qeyd edir və sabahı günü onu həbs etdirirsən ki, sən külli miqdarda rüşvət tələb etmisən… Əvəz belə gedir. Əvəz kimdi ki? Onun ağzından ancaq “söz azadlığı” çıxa bilər…
Nigar Yaqublu faciə ilə üzləşir. Təqsiri avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməsi. Heç kimə sirr deyil, hər gün sürücülük vəsiqəsi olan yüzlərlə adam yol qəzası törədir, ölən olur, qalan olur. Bu sürücülərdən tam peşəkarı da var, sistemin rüşvət mexanizmi əsasında avtomobil idarə edə bilmədən 1000 manata vəsiqə alanlar da. Indi deyək ki, Nigarın da belə bir vəsiqəsi olub – rüşvətlə alınmış. Onsuz da indi bu, rüşvətsiz mümkün deyil. O zaman nə alınır? Nigar suçsuzdur, sadəcə, başına iş gəlib. Ya da əksi – o, peşəkar sürücü olub, vəsiqəsi də üstündə, ancaq qəza və faciə baş verib. O faciədən ki, dediyim kimi, Azərbaycanda gündə yüzlərlə baş verir. Elə bir neçə gün qabaq avtobus “Jiquli” ilə toqquşmuş və 3 nəfər həlak olmuşdu. Xeyr! Bu ehtimalların heç birisi hakimiyyətə vicdanla hərəkət eləmək üçün bəs eləmir. Nigar Yaqublunu göydə gəzirdilər, yerdə tapıblar. Aman verərlərmi? Həbs edilsin! Edilsin, edilsin də… Nigar kimdi ki?.. Onun ağzından ancaq “azadlıq-demokratiya” çıxa bilər…
Hə, bir də var Gülər Əhmədova! Həmin Gülər ki, həmin iddia ilə Əvəzin həbsində vasitəçi rolunu oynayıb. Həm də söhbət iki milyondan, millət vəkilliyi bazarlığından gedir, arada dövlətin başçısından tutmuş aşağıya qədər bütöv sistemin adı hallanır. Onu YAP-a ləkə adlandırırlar, mənfi ünsür kimi qələmə verirlər, ölçü götürüləcəyini söyləyirlər və qəfildən Gülərin ağzı bir balaca açılır və deyir: “Mənim ağzımı açdırmayın…”. Buradaca qurbağa gölünə daş atılır. Dünyada öz gücünə və ləyaqətinə görə analoqu olmayan dövlət ağzına su almalı olur. Əks halda Gülərin ağzı açıla bilər. Iraq-iraq. Qulaqlara qurğuşun. Onun ağzında nələr var görəsən, ya rəbb?!.
Indi Elşad Abdullayevin son videolarından sonra eyni durum DIN şefi Usubovla bağlı da yaranıb. Yəni Əvəz Zeynallıya tətbiq olunan operativlik burada da icra edilsə, bütöv daxili işlər Olimpi istintaqa cəlb edilməli, sorğulanmalıdı. Lakin və heyhat! Gülərin ağzından qorxub, ehtiyat eləyənlər general ağzının qarşısında dura bilərmi?
Keçmiş səhiyyə nazirinin məhkəmədə ağzından çıxanlar dərs olub. Indi onlar üçün ən arzuolunmaz şey varsa, o da yeni ağızların açılmasıdı. Dərindən düşünəndə adamın bu dövlətə yazığı gəlir. Bəs neynəsinlər? Kimi tutsunlar? Belə girinclik olarmı? Adamın lap ürəyi xarab olur. Rejimin çökmə görsənişlərindən biri də bu deyil, bəs nədi? Axı hamının çinədanında elə iyrənc sirlər var ki, açılsa rüsvayçılığın üfunəti bütün dünyanı bürüyər. Bu cür mandraja düşmüş hakimiyyət neynəməlidi bəs? Neynəyəcək, o da acığını tökür sadə insanların, curnalistlərin, müxalifətin, Gözəl Bayramovanın qollarının üstünə. Gücü onlara çatır, ürəyini onlarla soyudur. Necə ki, sadə vətəndaşlar hakimiyyətdən çəkdiklərinə görə hakimiyyətə heç nə eləyə bilməyib, gəlir evdə ailə-uşağını baltanın ağzına verir. Kəsəsi, kimin gücü kimə çatırsa… Tam bir cəngəllik qanunu!

Ağzımı açdırmayın…
•
•