Afaq Məsuda xırda xatırlatmalar

Afaq Məsud adlı bir xanım yazıçı var, açığı, indiyədək hansısa əsərini oxumamışam, yalnız bir dəfə əlimə hardansa “Izdiham” adlı bir romanı keçdi, ha çalışdım, üçüncü cümlədən o yana adlaya bilmədim. Sonra da oturub kağız-kuğuz üçün ağacların amansızca məhv edilməsinə uzun-uzun acıdım.
Bəli, dünən baxdım bu xanım yazıçı rejimin 37-ci ili andıran linç kampaniyasına qoşularaq Rüstəm Ibrahimbəyovun qabırğasına o ki var döşəyib, guya onun çıxışları ölkəni qarışdırmağa yönəlibmiş. Sitat: “Mənim üçün vacib məsələ Azərbaycanda əmin-amanlığın qorunmasıdır”.
Afaq Məsudun bu sözlərini oxuyan kimi də xatırlamağa çalışdım: o bu ölkədə günün-günorta çağı bir generala güllə sıxılarkən…
Bir yazıçı yeddi yerdən bıçaqlanarkən…
Bir universitetdə onlarca insan qanına qəltan edilərkən də əmin-amanlıq məsələsində narahat olubmuşmu, yadıma sala bilmədim.
Internet üzərindən axtarış apardım – 0 nəticə.
Amma Rüstəm Ibrahimbəyov danışanda yadına “əmin-amanlıq” düşübmüş!
Bax, bu oğru rejimi müdafiə edənlər həmişə gətirdikləri hər “arqument”lə belə gülməli vəziyyətdə qalırlar, çünki insan nə qədər bəzəkli-düzəkli, nizamlı, maraqlı danışırsa danışsın, həqiqəti danışmırsa, onu başqa aqibət gözləyə bilməz.
Belə düşünən təkcə Afaq xanım Məsud deyil, ümumiyyətlə, ölkədə xeyli adam əslində Azərbaycanda necə antiinsani bir sistemin hökm sürdüyünü yaxşı bilir, özünün də həmin sistemin qarovulçusu qismində çıxış etməsinin kənardan nə qədər idbar göründüyünün də fərqindədirlər. Ona görə də özlərinə qəribə, əndrabadi bəhanələr tapa ilirlər, onlardan biri də “əmin-amanlıq”dır.
Qəribədir ki, eyni adamlar özlərinə sərf edəndə həm də “müharibə şəraiti” ifadəsinin arxasına sığınırlar, məsələn, deyirlər ki, gərək mitinqlər, piketlər olmasın, hamı ümummilli məsələlər naminə hakimiyyətin ətrafında birləşsin, çünki ölkədə müharibə şəraitidir.
Absurdu görürsünüzmü? Görürsünüzmü, bunlar Azəraycanda necə analoqu olmayan mühit yaradıblar – müharibə şəraitində əmin-amanlıq! Allah güldürsün, nə deyim.
Hələ mən onu soruşmuram ki, dünyanın başqa hansı ölkəsində əmin-amanlıq sayəsində yazıçı, jurnalist, general, akademik, akademik ailəsi, biznesmen öldürülüb.
Afaq Məsud yaptokratlar dəstəsinə qoşulub, 92-93-cü illəri baltalayır, deyir ki, “gecələr uzaqdan güllə səsləri eşidilirdi”-zad. Hörmətli xanım, siz o güllə səslərini eşidə bilərdiniz bəlkə, amma onun gedib hansısa akademikə dəydiyini də eşitdinizmi? Siz hansısa deputatın qardaşıoğlunun, hansısa baş cangüdənin qardaşının əli tapançalı dolaşdığını, qarşısında “mıkk” eləyənin qafasına sıxdığını eşitdinizmi? Bu gün güllə səsi eşitmirsiniz, amma barı Elşad Abdullayevin hakimlə videosuna baxın, ya da DIN-in 7-ci bölməsinin əməkdaşı ilə söhbətinin gizli çəkilişinə. Öydüyünüz, mədh etdiyiniz əmin-amanlığın iç üzünü görün!
Sizin vəsf etdiyiniz əmin-amanlığın simvolu da Hacı Məmmədovdur bəlkə?!
Afaq Məsudun gülməli cümlələrindən biri də “Bu gün Azərbaycanı dağıtmaq istəyən qüvvələr var” cümləsidir. Bu da yaptokratların sevimli tezislərindəndir, amma amma heç kim də demir ki, o “dağıtmaq istəyən qüvvə” kimdir? Hamısı deyir var, amma heç kim də ünvan göstərmir.
Məlum olmur ki, büdcəni dağıdıb ölkədən 48 milyard çıxaran da həmin qüvvədirmi? Vətəndaşının evini dağıdıb Dubayda oğul-uşaqlarına 75 milyonluq villalar alan da həmin qüvvədirmi? Müxalifətin mitinqlərini amansızlıqla dağıdıb oğruların hakimiyyət qollarında sərbəst toplaşmasına şərait yaradan da həmin qüvvədirmi?
Xanım yazıçının Ibrahimbəyova qarşı bir “arqument”indən sonra isə mən onun qeyri-səmimiliyinə daha dərindən əmin oldum, özümü qınadım ki, gərək romanı kimi müsahibəsini də iki-üç cümlədən sonra qırağa ataydım. Sitat: “Yazıçının dilində torpaq alqı-satqısı, restoran, şəbəkə-filan mənim üçün qəbuledilməzdir”. Guya bu ta nətəhər maddiyyata qarşıdır də! Guya dünya malından day nətəhər yuxarıdadır də!
Afaq xanım, nəyə işarət etdiyimi istərsəniz açıq soruşum: sizin Yazıçılar Birliyi sədri Anarla büdcə pulları üstündə qovğaya çıxdığınızı, bir-birinizə ən ağır suçlamalar yönəltdiyinizi mənmi yanlış xatırlayıram, yoxsa bu, həqiqətənmi olmuşdu?