Abel müəllim, Azərbaycana Nobel yox, Şnobel gələ bilər

“Yaxın zamanlarda Azərbaycan da ”Nobel” mükafatı alacaq. Buna əminəm”.
Bunu YAP-ın 20 illiyi münasibətilə keçirilən tədbirdə bünövrəsini ulu öndər Məhəmməd Əmin Rəsulzadənin qoyduğu Bakı Dövlət Universitetinin (BDU) rektoru və üzvi kimya kafedrasının müdiri, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, nəhayət, Yeni Azərbaycan Partiyası (YAP) Idarə Heyətinin üzvü Abel Məhərrəmov deyib.
Hörmətli Abel müəllim bu sözləri AMEA-nın, yaxud BDU-nun Elmi Şurasında dilinə gətirsəydi, bəlkə də dediklərinə inanardım. Abel müəllim o tədbirdə bitərəf rektor ampluasında çıxış etsəydi, yenə inanardım. Ancaq Abel müəllim YAP-ın 20 illiyində YAP-ın Idarə Heytinin üzvü kimi fikir səsləndirib və YAP-ın tribunasından səslənən fikirlərin arxasında reallıq dayanmadığını sübuta yetirmək əsla çətin bir iş deyil. Bu partiyanın rəhbərləri bəzi məsələlərdə arzularını gerçəklik kimi izhar etməyə adət ediblər. Şəxsən mən də bir Azərbaycan türkü olaraq alimlərimizin Nobel mükafatı almasını istərdim. Fəqət, əlahəzrət reallıq arzuların gerçəkləşməsinə imkan vermir. Nəyə görə? Hörmətli Abel müəllim məndən daha yaxşı bilir ki, Nobel mükafatına layiq görülmək heç də asan iş deyil, çətindən də çətin bir məsələdir və Rusiya istisna olmaqla əski Sovetlər Birliyindən qopmuş dövlətlərin heç biri, xüsusən padşahlığa meyilli müsəlman dövlətləri ALIM yetişdirmək məsələsində acizdir. Çünki mövcud təhsil sistemi, maddi baza buna imkan vermir. Nadir hallarda bu dövlətlərdə sözün əsl anlamında elm adamı yetişə bilər ki, onun da Nobel mükafatına gedən yolunu rejim kəsir. Hörmətli alimimiz Rafiq Əliyevi yadınıza salın. Bunu mən demirəm, tanınmış dünya alimləri Rafiq müəllimin Nobel mükafatının bir addımlığında olduğunu vurğulayır. Bəlkə də hörmətli Abel müəllim “Yaxın zamanlarda Azərbaycan da ”Nobel” mükafatı alacaq. Buna əminəm” deyəndə o mükafatı Azərbaycana Rafiq müəllim deyil, başqa alimimizin gətirəcəyini nəzərdə tutur, bunu bilmirəm. Ancaq onu əminliklə deyirəm ki, Abel müəllim şəxsən özünü nəzərdə tutmur. Nədən ki, dünyanın 100 ən böyük kimyaçısının siyahısında Abel müəllimin adı yoxdur və internet axtarış səhifələrində onun adına əsasən rektor və ya YAP Idarə Heyətinin üzvü kimi rast gəlinir.
Kimin xəbəri olmasa da Abel müəllim gözəl bilir ki, elmə büdcədən ayrılan vəsaitlə Azərbaycanda elmi tərəqqiyə nail olmaq mümkün deyil. Uzağa getməyək, hörmətli akademikin rəhbərlik etdiyi universitetə büdcədən ayrılan vəsaitlə elmin inkişafına nail olmaq olarmı? BDU-nun müəllimləri Qərbdəki həmkarları qədər maaş alsalar, universitetə ayrılan vəsaitdən elmi tədqiqatlara bir qəpik də qalmaz.
Alim hava və su ilə yaşamır ki? Onun başının intensiv çalışması üçün mədəsi tox, evindəki mühit normal olmalıdır.
Bu gün kim Azərbaycan elm adamlarının çox acınacaqlı durumda yaşamasından xəbərsizdir ki? Abel müəllim Milli Məclisin Elm və Təhsil Komissiyasının üzvü kimi, rektor kimi alimlərimizin nələr çəkdiyini çox gözəl bilir. Və Abel müəllim onu da çoxlarından gözəl bilir ki, Azərbaycanın təhsil sistemi məhvə gedir, rüşvət virusu epidemiya kimi yayılıb, dissertasiya bazarı çiçəklənir. Azərbaycanda elmi mütəxəssisi yetişdirməyə mükəlləf olan universitetlərdə və AMEA institutlarında rektorların və direktorların çoxu özünü sovet dövründəki kolxoz sədri, sovxoz direktoru kimi aparır, onları elmdən daha çox, gəlir gətirən texniki prosedurlar maraqlandırır.
“Nobel” almaq zor bir işdir. Bu idman mükafatı deyil ki, hakimləri satın alıb qızıl medal qazanasan. “Nobel”in pulla alınmasına cəhd etmək xülyadır. Və bu günə qədər bir alimin rüşvətlə “Nobel” mükafatı almasını kimsə söyləyə bilməz.
Dəyərli oxucu, “Nobel” mükafatının mahiyyəti, onun hansı elmi nailiyyətlərə görə verilməsi sənə məlumdur. Bir də ŞNOBEL adında beynəlxalq mükafat mövcuddur. Şnobel mükafatını alimlər əcaib, məzəli elmi icadlarına, cəfəng elmi araşdırmalarına görə alırlar. Üç nümunəyə diqqət edin: 1.Norveçin Oslo Universitetininÿalimi insanların ah çəkməsinin səbəbini araşdırdığına görə mükafata layiq görülüb;
2. Böyük Britaniyadan, Niderlanddan, Macarıstandan və Avstriyadan olan alimlər qrupu “Qırmızıayaq tısbağalarda yoluxucu əsnəmənin olmamasının səbəbi” elmi araşdırmaya görə mükafat alıb;
3.Yelena Bodnar təcili vəziyyətlərdə iki respiratora çevrilən lifçiyin yaradılması üçün səhiyyə sahəsində mükafatın sahibi olub.
Bu nümunələri nədən yazdım? Ona görə ki, bizim alimlərin də böyük bir qisminin elmi araşdırmaları qeyri-ciddidir. Və o araşdırmaları Şnobel mükafatı almaq üçün təqdim etmək olar. Bu iddiamı sübut etmək üçün hörmətli Abel müəllim, təzəcə tamamladığım “21-ci əsrin ”gülümsərov”ları” başlıqlı yazını “Azadlıq” qəzetinin oxucularının müzakirəsinə çıxaracam. Lütfən, Abel müəllim, zamanınız olsa, o yazıya siz də baxarsınız.